27 Sentyabr - Anım Günü ərəfəsində şəhid ailələri ziyarət olundu
27 sentyabr 2023 | 09:47
Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun tapşırığına əsasən, rayonumuzda mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının məzarları ziyarət edilir, şəhidlərimizin ailələri ilə, eləcə də döyüşlər zamanı yaralanan qazilərlə görüşlər keçirilir, onların problemləri ilə maraqlanılır.
Bu mənada 27 Sentyabr - Anım Günü ərəfəsində Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin məsul şəxsləri, rayonun bir qrup idarə, müəssisə rəhbərləri, ictimai fəallar Ağcabədi şəhər Şəhidlər Xiyabanında dəfn edilmiş ordumuzunun əks-kəşfiyyat bölüyünün müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Miriyev Sənan Arif oğlunun, Ağcabədi rayon Sarıcalı kənd qəbiristanlığında dəfn edilmiş kəşfiyyatçı Mustafazadə Ceyhun Şükür oğlunun, Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmiş Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Nəsirov Xəqani Kamran oğlunun, Bərdə rayonu Şirvanlı kənd qəbiristanlığında dəfn edilmiş Dövlət Sərhəd xidmətinin kəşfiyyatçı giziri Ramazanlı Əlizamin Umud oğlunun məzarlarını ziyarət edərək, şəhidlərimizin ruhuna dərin ehtiram əlaməti olaraq məzarları üstünə gül dəstələri düzdülər. Şəhidlərimizin ruhuna dualar oxudular.
Şəhid ailələri ilə görüş zamanı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva və digər natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı zəfər qazanmasından, hərbçilərimizin qəhrəmanlığından danışıb.
Həmçinin, şəhidlərimizin şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılıb.
Görüşlər zamanı şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı diqqətə çatdırılıb.
Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.