Şriftin ölçüsü :

Saytın rəngi :

"Xocalının səsi" qəzetinin 300-cü buraxılışı münasibətilə ümumrayon tədbiri keçirildi

10 yanvar 2019 | 16:00

 

        10 yanvar 2019-cu il tarixdə “Xocalının səsi” qəzetinin 300-cü buraxılışı münasibətilə ümumrayon tədbiri keçirildi.
        Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı rayon 3 nömrəli Uşaq-musiqi məktəbinin akt zalında keçirilən tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, “Xocalının səsi” qəzetinin əməkdaşları, rayon ziyalıları iştirak etdilər.
        Tədbir Azərbaycan Respublikası Dövlət Himninin sədaları altında başlandı.
        Tədbiri giriş sözü ilə açan Lamiyə Qarayeva “Xocalının səsi” qəzetinin yaranma tarixindən və fəaliyyətindən danışdı. Qeyd etdi ki, rayonumuzun tək və aparıcı mətbuat orqanı olan “Xocalının səsi” qəzeti yarandığı ilk gündən Qarabağ həqiqətlərini işıqlandırmağa başlamışdır. “Xocalının səsi” qəzetinin mərhum redaktorları çətin vəziyyətlərdə fədakarlıq göstərərək qəzetin fəaliyyətini davam etdirə bilmişlər. Rayon qəzetimiz daim dövlətimizə və dövlətçiliyimizə sədaqət nümayiş etdirir. Qəzetin səhifələrində Xocalı soyqrımı, erməni vəhşilikləri, Qarabağ həqiqətləri daim işıqlandırılır. Erməni əsirliyində olmuş sakinlərimizdən, Milli Qəhrəmanlarımızdan mütəmadi olaraq yazılar verilir. “Xocalının səsi” qəzetindəki yazılar sosial şəbəkələrdə, qəzetin internet ünvanı olan xocalininsesi.info saytında geniş oxucu kütləsinə çatdırılır.
        Sonra “Xocalının səsi” qəzetinin mərhum redaktorları və əməkdaşları bir dəqiqəlik sükutla yad edildi.
        “Xocalının səsi” qəzetnin redaktoru Qalib Bəyməmmədoğlu məruzə ilə çıxış edərək qəzetin ilk yarandığı gündən indiyə qədər olan fəaliyyətindən, mərhum redaktorların əməyindən, ölkə başçısının milli mətbuatımıza verdiyi dəyərdən danışdı.
Qalib Bəyməmmədoğlu bildirdi ki, “Xocalının səsi” qəzetinin ilk nömrəsi çap olunan zaman Xocalıya artıq rayon statusu verilmişdi. Rayonda abadlaşdırma işləri aparılır, yeni müəssisələr yaradılırdı. Düşmən tərəfi isə Qarabağın işğal planlarını hazırlayırdılar. “Xocalının səsi’ qəzeti real hadisələri olduğu kimi oxucularına çatdırmağa çalışırdı.
Şükürlər olsun ki, bu gün “Xocalının səsi” qəzeti öz fəaliyyətini uğurla davam etdirir. Dekabr ayında qəzetimizin 300-cü buraxılışı işıq üzü gördü.
Xocalıların özü kimi didərgin olan “Xocalının səsi” qəzeti müxtəlif vaxtlarda  Bərdə, Tərtər, Quba, Bakı, Gəncə şəhərlərində fəaliyyət göstərərək haqq səsimizi ucaltmışdır. Rayonumuzun qəzeti hal-hazırda Bakı şəhərində “Son Dakika” mətbəəsində hazır diapozitivlərdən çap olunur.
Rayonun ictimai-siyasi, sosial-mədəni, tarixi keçmişi, istedadlı insanları, bir sözlə rayonun bütün sahələrinin işıqlandırılmasında mühüm rol oynayır. Ayda bir dəfə nəşr edilən qəzetimiz 8 səhifədən ibarətdir.
Yaxın zamanda  “Xocalının səsi” qəzetinin internet televiziyasının yaradılması nəzərdə tutulur ki, indiki informasiya və texnologiya dövründə bu layihənin böyük maraq və uğur qazanacağı gözlənilir.
“Xocalının səsi” Ulu öndərimiz Heydər Əliyevin ideyalarına və dövlətçilik xəttinə daim sədaqətlə xidmət edib və bundan sonra da edəcəkdir.
Rayon qəzeti müstəqil dövlətimizə, Cənab Prezidentimizin apardığı daxili və xarici siyasətə sadiqlik nümayiş etdirir. Respublikamızda və rayonumuzda baş verən mühüm yenilikləri geniş oxucu kütləsinə çatdırır, Qarabağ müharibəsinin əsl mahiyyətini, onun tarixini, bu gününü, xalqımızın mübariz əhval-ruhiyyəsini, monolit birliyini təbliğ edir, düşmənlərimizin riyakar əməllərini faş etmək üçün bütün imkanlardan istifadə edərək həqiqəti, xalqımızın ədalətli mövqeyini nümayiş etdirir, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına yardım edir, qaçqın və məcburi köçkünlərin həyat şəraitini öz səhifələrində müntəzəm işıqlandırır.
Qəzetin sabiq şöbə müdiri Allahyar Xocalı çıxışında qəzetin ərsəyə gəlməsindən, qəzetlə bağlı xatirələrdən danışdı. Qəzet haqqında öz təəssüratlarını çatdırdı. Rayon qəzetinə daim diqqət yetirilməsinin vacibliyini vurğuladı. Onun söylədiyi şeir alqışlarla qarşılandı.
Xocalı rayon ziyalısı Şükür Bəşirov çıxış edərək qəzetin uğurlu fəaliyyətini diqqətə çatdırdı. Qəzetin redaktoru Qalib Bəyməmmədoğlunun fəaliyyətini qiymətləndirərək gələcək işlərində uğurlar arzuladı. Şükür Bəşirov bildirdi ki, dövlətçiliyimizi müdafiə edən “Xocalının səsi” qəzeti öz səhifələrində daim işğal olunmuş rayonlarımız haqqında yazıları, erməni əsirliyində olmuş sakinlərimizdən alınan müsahibələri, Milli Qəhrəmanlarımızı, döyüşlərdə igidlik göstərən mərd oğulları, Xocalı ziyalılarının fəaliyyətini işıqlandırır.
Daha sonra Xocalı rayon Mərkəzi Xəstəxananın baş həkimi Aqil Məmmədov, Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayonu üzrə nümayəndəsi Ruslan Bəşirov, Xocalı rayon 1 saylı tam orta məktəbin direktoru Vidadi Rəhimov, Xocalı rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Nəcəf Həsənov çıxışlarında “Xocalının səsi” qəzetinin fəaliyyətinə uğurlar arzuladılar. Qəzetin 300-cü buraxılışını sevinclə qarşıdıqlarını vurğuladılar. Öz təbriklərini, həmçinin təkliflərini çatdırdılar. Ölkəmizdə söz azadlığından, mətbuatımızın inkişafına göstərilən diqqət və qayğıdan danışdılar.
Xocalı rayon 4 saylı tam orta məktəbin şagirdləri “Xocalının səsi” qəzetinin redaktoru Qalib Bəyməmmədoğlunun vətənpərvərlik ruhunda yazılmış şeirlərini səsləndirdilər.
Sonda “Xocalının səsi” qəzetinin 300-cü buraxılışı münasibətilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə “Xocalının səsi” qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubovun Fəxri Fərmanı ilə təltif edildi.
Qəzetin ictimai əsaslarla çalışan əməkdaşları – şöbə müdiri Əhmədov Bəxtiyar Xəlil oğlu və bölgə müxbiri Ələkbərov Cahid Qərib oğlu “Xocalının səsi” qəzetinin redaktoru tərəfindən Fəxri Fərmanla təltif edildilər.
“Xocalının səsi” qəzetinin 300-cü buraxılışı mnasibətilə “Xocalının səsi” qəzetinin və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin Gəncə Regional Bölməsinin birgə təşkilatçılığı ilə Xocalı rayon məktəbliləri arasında keçirilən “Qələmimizi süngüyə çevirək” adlı şeir müsabiqəsinin qalibi Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbinin IV sinif şagirdi Hümbətova Bahar Şahsuvar qızı Fəxri Fərmanla təltif edildi.
Tədbir “Xocalının səsi” qəzetinin 28 yaşını doğma Xocalıda qeyd etmək arzusu ilə yekunlaşdı.

Keçidlər