Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı rayon İcra Hakimiyyətinin illik hesabat iclası keçirildi.

06 fevral 2019 | 16:00

 

     06 fevral 2019-cu il tarixdə 2018-ci ilin sosial-iqtisadi inkişafın yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr haqqında Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubovun hesabat iclası keçirildi.
     Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi – təşkilat məsələləri şöbəsinin 12-ci ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov,  millət vəkili cənab Elman Məmmədov, Rayon İcra Hakimiyyəti başçısı yanında şura üzvləri, rayonun idarə, müəssisə rəhbərləri və ictimaiyyət üzvləri iştirak etdilər.
     Hesabat iştirakçıları əvvəlcə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsindəki "Heydər" parkında ucaldılmış Ümummilli lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzdülər. Ulu öndərə Allahdan rəhmət dilədilər
     Xocalı rayon İcra Hakimiyyətinin akt zalında keçirilən hesabat iclasında Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladları bir dəqiqəlik sükutla yad edildi.
     Sonra Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov hesabat məruzəsi ilə çıxış edərək 2018-ci ildə ölkəmizin inkişafından, həmçinin rayonumuzda görülən işlərdən danışdı. Rayonumuzun rəhbəri bildirdi ki, Azərbaycan tarixinə dövlət müstəqilliyimizin bərpasının 27-ci ildönümü kimi daxil olan 2018-ci il bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur. Dünyada  və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan  uğurla, sürətlə inkişaf etmişdir. Keçən ilin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələr icra olunmuş, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilmişdir.
     Hər il olduğu kimi 2018-ci ildə də rayonumuzda sosial-iqtisadi proqramlar müvəffəqiyyətlə icra olunmuşdur. Əhalinin sosial rifah halı yüksəldilmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2018-ci ildə 38 ailə 129 nəfər mənzillə təmin olunmuşdur. Ümumilikdə əhalimizin 45%-i olmaqla, 1929 ailə 7465 nəfər mənzillə təmin olunmuşdur.
     “Ərazi Məşğulluq Proqramı”nda 2018-ci il üzrə nəzərdə tutulmuş 150 nəfərə qarşı 139 nəfər işsiz vətəndaş mərkəz tərəfindən işaxtaran kimi qeydiyyata alınmışdır. İl ərzində  46  nəfərə qarşı 45 nəfər işlə təmin olunmuşdur. 2 nəfərə qarşı 1 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 186 nəfər iş axtarana və 51 nəfər orta məktəbin yuxarı sinif şagirdlərinə peşə seçiminə düzgün yönəlməsi məqsədilə peşəyönümlü məsləhətlər verilmişdir.
     Hal-hazırda rayonumuzun balansında  4125,0 hektar daimi təhkim olunmuş I-II otrub torpaq sahəsi vardır. 2018-ci ilin məhsulu üçün hüquqi və fiziki şəxslər tərəfindən 2572.3 hektar taxıl biçini aparılmışdır. Məhsuldarlıq 20 sentner olaraq 5144,6 ton məhsul toplanmışdır. 2019- cu ilə isə ümumilikdə 2800 ha taxıl əkilmişdir.
     Xocalı rayon sakinlərinin kompakt şəkildə yaşadığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində 2018-ci ildə 14000 ədəd tut tingi bağ şəklində əkilərək hazır vəziyyətə gətirilmişdir. Ümumulikdə isə 25,500 ədəd tut tingi əkilmişdir. 2019–cu  ildə  barama istehsalı nəzərdə tutulmuşdur. 2018-ci ildə Xocalı rayonundan olan 2 məcburi köçkün ailəsi tərəfindən 500 kq barama istehsalına qarşı 637 kq barama istehsal edilərək “Şəki İpək” ASC-ə təhvil verilmişdir. Təhvil verilən yaş baramanın miqdarına görə həmin şəxslər ümumilikdə 6370.00 manat məbləğində ödənişlə təmin edilmişdir.
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 mart 2018-ci il tarixli Sərəncamına əsasən Xocalı rayonunda arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərin arıçılıq təsərrüfatlarına baxış keçirilmiş və 115 nəfər vətəndaşa ümumilikdə 30.480.00 manat məbləğində subsidiya verilmişdir.
     Məruzə ətrafı çıxışlarda Xocalı rayon Maliyyə Şöbəsinin rəisi İlqar Əliyev, Xocalı rayon Məşğulluq Mərkəzinin direktoru Nicat Ələsgərov, Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayonu üzrə nümayəndəsi Ruslan Bəşirov rəhbərlik etdikləri idarələrin gördüyü işlərdən məlumat verdilər. "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğlu ictimai birliyin keçirdiyi tədbirlər haqqında danışdı. Məruzəçilər rayonumuzun rəhbəri Şahmar Usubovun hesabat məruzəsini qənaətbəxş saydılar.
     Sonra sakinlər tərəfindən qaldırılan təkliflər rayon rəhbərinin diqqətinə çatdırıldı.
     124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən deputat seçilmiş cənab Elman Məmmədov çıxış edərək Xocalı rayon sakinlərinin 50 faizə qədərinin mənzillərlə təmin olunmasını, əhalinin rifah halının artmasınının göz qabağında olduğunu vurğuladı. Ancaq hər birimizin əsas arzusunun doğma torpaqlarımıza qayıtmaq olduğunu diqqətə çatdırdı. Uğurlarımızın, yüksəlişimizin bizi qələbəyə doğru apardığını dedi. Ölkəmizin inkişafı, xalqımızın ölkə rəhbəri ilə həmrəyliyi düşməni təşvişə salır. Düşmən də dinc dayanmaq istəmir. Anti-milli qüvvələr Azərbaycana qarşı düşmənçilik mövqeyində dayananlar sırasındadırlar. Xocalılar da dövlətçiliyimizi müdafiə etməklə ölkəmizin güclü olmasına öz töhfələrini verirlər.
      Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi – təşkilat məsələləri şöbəsinin 12-ci ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov çıxış edərək hesabat məruzəsinə münasibət bildirdi. Cənab Prezidentin Nazirlər Kabinetindəki çıxışlarlarından tezislər söylədi. Bildirdi ki, 2018-ci ildə ölkəmiz həm ictimai-siyasi, həm də sosial - iqtisadi tərəfdən inkişaf etmişdir.
     Xocalı rayonunda sakinlərin kənd təsərrüfatı sahələri ilə yanaşı, özünüməşğulluq proqlarımına qoşulmalarının müsbət hal olduğunu dedi.
     Ağa-Əli Əhmədov bildirdi ki, hər bir dövlət qulluqçusu, idarə rəhbəri vətəndaşlarla münasibətdə təmkinli olmalı, onları dinləməli və edilən müraciətləri cavablandırmalıdır. Vətəndaşların problemlərini həll etmək səlahiyyətli şəxslərin borcudur. Rayon rəhbəri Şahmar Usubovun yerlərdə keçirdiyi səyyar qəbul - görüşlərdə sakinlərin problemləri dinlənilir, lazımi tədbirlər görülür. Bunun müsbət nəticəsidir ki, onların müraciətlərinin sayı azalıb və sakinlər yuxarı orqanlara müraciət etmək məcburiyyətində qalmırlar.
         Hesabat iclasında Xocalı şəhər əhalisinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlarına (BMT, ATƏT, AŞPA və s.) müraciəti və Xocalı rayon fəallar yığıncağı nümayəndələrinin müraciəti hesabat iştirakçıları qarşısında oxundu.
        Yekunda  Xocalı rayonu fəallar yığıncağının 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr haqqında qərarı dinlənildi və qərar yekdilliklə qəbul edildi.

Keçidlər