Gəncləri Günü münasibətilə keçirilən ümumrayon tədbirində Xocalı rayonunun fəal gəncləri mükafatlandırıldı.
01 fevral 2019-cu il tarixdə xocalıların kompakt şəkildə məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin akt zalında 02 Fevral - Gənclər Günü münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə xanım Qarayeva, idarə, müəssisə rəhbərləri və rayonumuzun fəal gəncləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Xocalı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ramiz Alıyev ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, rayon gənclərinin nailiyyətlərindən danışdı. Ramiz Alıyev bildirdi ki, yeni nəslin inkişafının əsas amili gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Bu məqsədlə ölkəmizdə rəhbərlik tərəfindən bir çox silsilə addımlar atıldı. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyən Ulu Öndər sözügedən nazirliyin əsasını qoydu. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı. 1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də, 2 fevral 1996-ci ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. Yeri gəlmişkən qeyd edək ki, dünya üzrə gənclər günü yalnız 1999-cu ildə BMT-nin qərarı ilə elan edildi.
1997-ci il fevralın 1-də Forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı.
Son illərdə Azərbaycan gənclərinin idman sahəsində qazandıqları nailiyyətlərin xüsusilə diqqətəlayiq olduğunu bildirən Prezident İlham Əliyev haqlı olaraq vurğulayır ki, gənclərin fiziki tərbiyəsi və sağlamlığı əsas prioritetlərdəndir. Azərbaycan idmançıları beynəlxalq yarışlarda, olimpiadalarda, dünya və Avropa çempionatlarında ölkəmizi layiqincə təmsil edirlər. XXX London Yay Olimpiya Oyunlarında Azərbaycanın 200 ölkə arasında 30-cu yeri tutması ölkəmizdə idmanın inkişafının göstəricisidir. I Avropa və IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizin daha çox medal qazanan ölkə kimi ilk sıralarda yer alması gənclərə göstərilən diqqətin ifadəsidir.
2016-cı ilin Aprel döyüşləri ordumuzun gücünün göstərilməsi, ordu quruculuğu ilə yanaşı Azərbaycan Gənclərinin vətənpərvərliyinin və gənclər siyasətinin düzgün istiqamətdə həyata keçirilməsinin bariz nümunəsidir. Aparılan siyasətin, görülən işlərin nəticəsi kimi tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycan gəncliyi öz intellektual, kreativ və mənəvi-ideoloji yetkinliyi ilə dünya gəncləri arasında qibtə olunacaq nüfuz qazanıb.
Bu gün bir çox çətinliklərlə xüsusən məcburi köçkünlük şəraitində fəaliyyət göstərməyimizə baxmayaraq Dövlət Gənclər siyasəti rayonumuzda da uğurla həyata keçirilir. Belə ki, 2018 – ci ildə Xocalı rayon Gənclər və İdman idarəsi tərəfindən gənclərlə iş sahəsində gənclərimizdə vətənpərvərlik, hərbi vətənpərvərlik tərbiyyəsinin aşılanması, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, zərərli vərdişlərin profilaktikası və sağlam həyat tərzinin təbliği, tarixi günlərin və tarixi şəxsiyyətlərin, həmçinin milli mənəvi və dini dəyərlərin təbliği, gənclərin ixtisas və peşəyönümlü istiqamətləndirilməsi və s. sahələrdə 32 tədbir, idman sahəsində müxtəlif idman növləri üzrə 15 idman yarışı həyata keçirilmişdir.
Həmçinin rayondan kənarda keçirilən müxtəlif Respublika səviyyəli 14 tədbir və yarışlarda rayon yeniyetmə və gənclərinin iştirakı idarəmiz tərəfindən təmin olunmuşdur.
Lamiyə Qarayeva çıxışında qeyd etdi ki, müasir gənclər siyasətinin banisi Ulu öndər Heydər Əliyev bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib.
Xocalı rayon gəncləri də dövlətimizin və cənab Prezidentimizin diqqət və qayğısı ilə əhatə olunub. Gənclərimiz müxtəlif sahələrdə uğurlu nəticələr əldə edərək bizi sevindirir. Son illər təhsil və idman sahəsində nailiyyətlərimiz artmaqdadır.
Tədbir bədii hissə ilə davam etdirildi.
Xocalı şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin ansambılının müşayiəti ilə Xocalı şəhər 1 və 3 nömrəli Uşaq Musiqi məktəbinin müəllimləri şən musiqilər ifa etdilər.
Sonda müxtəlif sahələrdə fərqlənən rayonumuzun fəal gəncləri Xocalı rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları və hədiyyələrlə təltif edildilər.