Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ümumrayon yürüşü keçirildi.

26 fevral 2019 | 16:00

26 fevral 2019-cu il tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ümumrayon yürüşü keçirildi. Ümumrayon yürüşündə Xocalı rayon İcra Hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri iştirak etdilər.
     Yürüş iştirakçıları Xocalı soyqırımında qətlə yetirilən soydaşlarımızın adları yazılmış lövhələri, erməni faşistləri tərəfindən məhv edilən 8 ailənin üzvlərinin şəkillərini və adları qeyd olunmuş lövhələri aparırdılar. Xüsusi amansızlıqla öldürülən 63 uşağın şəklini isə bu gün onların yaşıdları olan gənclər daşıyırdılar.
     Yürüş iştirakçıları “Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir!”, “Serj Sarkisyan - körpələrin qatili!”, “Serj Sarkisyan, Haaqa tribunalı səni gözləyir!”, “Məzarsız şəhidlərimizin məzar daşı bizlərik!”, “Xocalıya çağırış var, Xocalıya qayıdış var, Xocalıya dönüş var!” kimi çağırışlar və şüarlar səsləndirdilər.
     Bayraq Meydanında başlayan ümumrayon yürüşü Xocalı abidəsinin önündə gül dəstələri qoymaqla yekunlaşdı.
     Xocalı abidəsinin önündə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
     Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva çıxışında erməni quldurları tərəfindən 27 il əvvəl Xocalıda törədilən soyqırım aktından danışdı. Bildirdi ki, Xocalıda törədilmiş amansız qətliam nəinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş soyqırım idi. Həmin gün azğınlaşmış erməni quldur dəstələri mənfur imperiyanın 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə hazırladıqları məkrli planı həyata keçirdilər. 613 nəfər öldürüldü. Onlardan hamısı dinc azərbaycanlı idi. Öldürülənlərdən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmişdir. 487 nəfər ömürlük şikəst olmuşdur. 1275 nəfər dinc sakin – qoca, uşaq, qadın əsir götürülərək ağlasığmaz zülmə, işgəncələrə və təhqirə məruz qalmışdır. 8 ailə bütövlükdə məhv edilmişdir. 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.
     Lamiyə Qarayeva qeyd etdi ki, Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etmiş, sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmışdır.
     Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün ciddi və ardıcıl tədbirlər görülür. Hər il Prezident Administarsiyası tərəfindən Xocalı soyqırımının ildönümünün qeyd olunması ilə bağlı tədbirllər planı təsdiq olunur. Bu istiqamətdə təkcə ölkəmizdə yox, bir sıra xarici ölkələrdə də soyqırımın tanıdılması istiqamətində mühüm işlər görülür. Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun  vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının da müstəsna rolu var. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir.
     Sonra Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, Xocalı soyqırımında valideynləri, yaxın qohumları şəhid olmuş Samirə Hüseynova çıxışında bildirdi ki, həmin gecə bütün Xocalı sakinləri kimi mənim də xatirimdə acı izlər buraxıb. Erməni speratçıları "böyük Ermənistan" yaratmaq xülyası ilə işğalçılıq siyasəti yürütdülər, günahsız insanları qətlə yetirdilər. Erməni vandalları genosid əməlləri ilə yanaşı, Xocalı rayonunun mədəniyyət abidələrini də dağıtdılar.
     Yevlax rayon Məhkəməsinin sədri, Xocalı rayon Məhkəməsinin sədr əvəzi Toğrul Əliyev çıxşında Xocalı əhalisinin mərdliklə düşmənə qarşı savaşdığını bildirdi. O, qeyd etdi ki, Xocalı dörd bir tərəfdən düşmən ordusu ilə mühasirəyə alınmışdı. Erməni qəsbkarları həmin dövrdə Respublikada mövcud olan dərəbəylikdən, anarxiyadan istifadə edərək mənfur niyyətlərini həyata keçirməyə nail oldular. Ancaq indi Azərbaycan həmin Azərbaycan deyil. Azərbaycanın güclü Ordusu, müdrik Prezidenti var. Xalqımız Cənab Prezidentin ətrafında birləşərək Qarabağımızı işğaldan azad edəcəkdir.
     Xocalı rayon prokuroru Kamran Məmmədov Xocalı soyqırımının 27-ci ildönümünün günəşli günə təsadüf etməsinin bəlkə də problemin bu il həll olunacağına bir işarə olduğunu diqqətə çatdırdı. Kamran Məmmədov Xocalı soyqırımına  hüquqi müstəvidə verilən qiymətlə əlaqədar danışaraq bildirdi ki, ilk illərdə dövlətimizin tam pərakəndə olan bir vaxtı idi, ona görə də nə daxili, nə xarici səviyyədə bu faciəyə lazımi hüquqi qiymət verilməmişdi. Ancaq Ulu öndərin hakimiyyətə qayıdışından sonra lazımi səviyyədə tədbirlər görüldü. Hər il Xocalı soyqrımının qeyd olunması ilə bağlı müvafiq qərar qəbul edildi.
     Rayonumuzun prokuroru çıxışının sonunda vurğuladı ki, bu qan yerdə qalmayacaq! Biz Xocalıda qətlə yetirilmiş günahsız həmvətənlilərimizin qisasını alacağıq.
     Daha sonra Xocalı şəhər 5 saylı klubun hazırladığı "Xocalı soyqırımı şəhid olmuş 63 uşağın dilindən" adlı kompozisiya nümayiş etdirildi.
     Sonda şəhidlərimizin ruhuna ehsan süfrəsi açıldı.

Keçidlər