Xocalılar Novruz bayramını doğma torpaqlarımıza qayıtmaq arzusu ilə qeyd etdilər.
Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz bayramı! Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramımızdır.
Novruz “təzə il” deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gəlir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar şəkərbura, paxlava, şor-qoğal və başqa nemətlər bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar.
El tonqal başına yığışır, küsülülər barışır, qohumlar, dostlar bir-birinin evinə təbrikə gedirlər. Gənc qızlar, oğlanlar məşəl yandınr, tonqal üstündən tullanır, evlərə papaq atır, qulaq falına çıxırlar. Küçədə də, qatarda da, məktəbdə də, idarə və müəssisələrdə də hamının dilində eyni sözlər səslənir: “Bayramınız mübarək!”
Novruz bayramı halallıq, təmizlik bayramıdır. Novruza bir ay qalmış adamlar dörd çərşənbə axşamını qeyd edirlər. Bu çərşənbələrin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə - od, torpaq, su və havaya (yelə) həsr olunur. Bu da Novruzun dünyanın ən qədim, ən müdrik bayramlarından biri olduğunu göstərir. Novruz şənlikləri arasında ilin axır çərşənbəsi çox təntənə ilə qeyd olunur. Novruz bayramı zamanı məhəllələrdə, xüsusən də kənd yerlərində uşaqlar və gənclər qapı-qapı gəzib bayram payı toplayır, müxtəlif oyunlar keçirirlər. Novruzun bir bəzəyi də kosa və keçəldir. Onlar öz oyunları ilə uşaqlara sevinc gətirir, onları əyləndirirlər.
Novruz bayramı zamanı olub-keçənlər də yad edilir, Vətən uğrunda canını fəda edənlərin uyuduğu "Şəhidlər Xiyabanı"ndan insan axınının ardı kəsilmir. Bu əziz günlərdə heç kəs onları yad etməyi unutmur. Novruz bayramı xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. İndiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram məişətlə ən kütləvi xalq bayramıdır. Yurdumuza Novruz gəlir, bahar gəlir, yaz gəlir. Qaranquşların qanadında, yavaş-yavaş qış yuxusundan oyanan torpağın rayihəsində, ağacların, gül-çiçəklərin tumurcuğunda gəlir xalqımızın Novruzu, yurdumuzun baharı.
Novruz bayramını xocalılar da böyük coşqu ilə qeyd edirlər.
15.03.2019-cu il tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Novruz Bayramı münasibətilə ümumrayon tədbiri keçirildi.
Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, “N” saylı hərbi hissənin əsgərləri, idarə, müəsissə rəhbərləri və işçiləri, rayon sakinləri iştirak etdilər.
Təşkil olunmuş tədbirdə hər bir idarə və təşkilat tərəfindən xalqımızın qədim adət-ənənələrini əks etdirən guşələr rayon ictimaiyyətinin marağına səbəb oldu. Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov bu sərgilərlə tanış olduqdan sonra Xocalı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə hazırlanmış dirədöymə, kəndirdartma, güləş, xoruz döyüşü və s kimi yarışları izlədi.
Bahar bayramı münasibətilə elimizə, xalqımıza xeyir-dua vermək üçün Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov çıxış etdi. Rayonumuzun rəhbəri çıxışında bildirdi ki, dünyanın bir çox müsəlman dövlətlərində Novruz bayramı qeyd olunur. Bu ay sevincli aylardan biridir. Yazın gəlişi ilə ağaclar çiçək açır, hər tərəf yaşıl örpəyə bürünür, insanların əhval-ruhiyyəsi artır.
Novruz bayramı qədim tarixə malik, bir-birindən dəyərli abidələri, gözəl təbiəti olan Xocalı rayonunda da yüksək səviyyədə qeyd olunurdu. Bu gün də adət-ənənələrimiz davam etdirilir. İnşallah, Allahın köməyi ilə, Cənab Prezidentimizin ölkəyə rəhbərliyi altında doğma dədə-baba torpaqlarımıza qayıdacağıq. Mənfur düşmənlərimizi işğal olunmuş torpaqlarımızdan qovacağıq və bu gözəl bayramımızı öz elimizdə, obamızda qeyd edəcəyik.
Şahmar Usubov xalqımıza sülh, əmin-amanlıq, ruzi-bərəkət və növbəti Novruz bayramını doğma yurd-yuvamızda keçirməyimizi arzuladı.
Sonra rayonumuzun rəhbəri Şahmar Usubov Novruz tonqalını alovlandırdı.
Süvarilər at üzərində bayraqla tonqal ətrafında dövrə vurdular. Novruzun əsas personajları olan Kosa və Keçəlin məzhəkəli oyunları və məktəbli şagirdlərin təşkil etdiyi səhnəciklər hər kəsin gülüşünə səbəb oldu. Milli geyimdə oğlanlar və qızlar rəqs etdilər.
Xocalı rayon mədəniyyət işçilərinin müsiqi nömrələri tədbir iştirakçılarının bayram əhval-ruhiyyəsini artırdı.
Novruz bayramı münasibətilə təşkil edilən ümumrayon tədbiri xoş ovqatla başa çatdı.