Xocalı rayon İcra Hakimiyyəti başçısı yanında növbəti şura iclası keçirildi.
15 may 2019-cu il tarixdə Xocalı rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclası keçirildi. Şura iclasında Prezident Administrasiyasının məsul işçisi cənab Ağa-Əli Əhmədov, Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, şura üzvləri, idarə, müəssisə rəhbərləri və rayon ziyalıları iştirak etdilər. Şura iclasında Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Habil Rzaquliyevin və Xocalı Rayon Mərkəzi Xəstəxananın baş həkimi Aqil Məmmədovun arayışları dinlənildi.
Əvvəlcə avtomobil qəzasında faciəli şəkildə dünyasını dəyişən Xocalı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının baş mütəxəssisi, sürücü Əliyev Rauf İsmayıl oğlunun ruhu bir dəqiqəlik sükutla yad edildi.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov məruzə ilə çıxış edərək aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Cənab Prezidentimizin giriş və yekun nitqindən tezislər söylədi və 2019-cu ilin I rübündə rayonumuzda görülmüş işlərlə bağlı məlumat verdi. Rayonumuzun rəhbəri bildirdi ki, Xocalı rayonu üzrə ümumi əhalinin sayı hal-hazırda 16232 nəfər, 4359 ailədir. Bu ailələrdən 2024 ailə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 saylı Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na və bu Proqrama 2007 və 2011-ci illərdə edilmiş Əlavələrə uyğun olaraq respublikanın müxtəlif şəhər və rayonlarında fərdi yaşayış evi və ya mənzillərlə təmin edilmiş, rayondan olan 2335 məcburi köçkün ailəsinin isə gələcəkdə yeni mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur.
Xocalı rayonundan olan məcburi köçkünlər üçün Goranboy rayonu ərazisində inşa edilmiş qəsəbələrdə məskunlaşmış məcburi köçkünlərin baramaçılığın inkişafına cəlb edilməsi məqsədilə 2016-cı ildən etibarən Aşağı -Ağcakənd qəsəbəsində 2018-ci ilə qədər 25500 ədəd tut tingi bağ şəklində əkilərək hazır vəziyyətə gətirilmişdir. Respublikamızda baramaçılığın inkişaf etdirilməsi ilə əlaqədar ölkə Prezidentinin tapşırığına əsasən 2018-ci ildə Xocalı rayonundan olan 2 məcburi köçkün ailəsi tərəfindən 500 kiloqram barama istehsalına qarşı 637 kiloqram barama istehsal edilərək “Şəki İpək” ASC-ə təhvil verilmişdir. 2019-cu il üçün hərəsi 19 qram olan 37 ədəd barama qutusu əhaliyə verilmiş və 1500 kq barama istehsalı qarşıya məqsəd qoyulmuşdur. 2018-ci il ərzində 45 nəfər daimi işlə təmin olunmuşdur. 2018-ci il ərzində 186 nəfər işaxtarana, 51 nəfər orta məktəblərin yuxarı sinif şagirdlərinə peşəyönümü məsləhəti verilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Əhalinin Özünüməşğulluğu”nun təmin olunması sahəsində əlavə tədbirlər haqqında 7 aprel 2016-cı il tarixli Sərəncamının həyata keçirilməsi məqsədi ilə 2018-ci ildə aztəminatlı ailələr arasından həssas qurupa aid olan 58 nəfəri seçilərək təlimlərə cəlb olunmuşdur. Cəlb olunanların hər biri məcburi köçkündür. Onlardan 54 nəfərinin biznes planı Dövlət Məşğulluq Xidmətinin nümayəndələrindən təşkil edilmiş komissiya tərəfindən müsbət qiymətləndirilmişdir. Bunlardan 1 nəfəri şirniyyat sexi, 1 nəfəri avtomobil təmiri sexi, bir nəfəri dərziçilikdir. Digərləri heyvandarlıq təsərrüfatına üstünlük vermişdilər və həmin şəxslərdən 47 nəfəri 2019-cu ilin yanvar ayında biznes planlarına uyğun olaraq aktivlərlə təmin olunmuşdur.
2019-cu ilin I rübü ərzində 4 nəfər daimi işlə təmin olunmuşdur. 2019-cu ilin I rübü ərzində 61 nəfər işaxtarana, 51 nəfər orta məktəblərin yuxarı sinif şagirdlərinə peşəyönümü məsləhəti verilmişdir.
2019 –cu ildə Aşağı Ağcakənd qəsəbəsində 150 nəfər işçinin çalışacağı xalça sexi sakinlərimizin istifadəsinə veriləcəkdir. Yuxarıda qeyd edildiyi kimi işləmək istəyən, amma toxumağı bacarmayan insanlar üçün mərkəz tərəfindən kurs təşkil ediləcək və onlara kursa gəldikləri müddətdə aylıq 180 manat təhsil təqaüdü veriləcəkdir. İşləmək arzusunda olan şəxslərdən 80 nəfərinin müraciəti qeydiyyata alınmışdır və bu proses davam etdirilir.
2019-cu ilin I rübü ərzində aztəminatlı ailələr arasından həssas qrupa aid olan 15 nəfər seçilərək “ Özünüməşğulluğu”nun təlimlərinə cəlb olunmuşdur.
2019 –cu ilin birinci rübü ərzində "DOST" iş mərkəzi tərəfindən ölkə üzrə 35000 nəfər vətandaş ictimai işlərə cəlb olunmuşdur ki, buda əhalinin rifah halının yaxşılaşdırılmasına öz töhfəsini vermişdir. Bu il Xocalı rayonunda da bu qəbildən olan 32 yeni iş yerinin açılması nəzərdə tutulub ki, buda rayon əhalisinin aztəminatlı ailələrinin işlə təmin olunmasına böyük köməklik olacaqdır.
Sonra Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Habil Rzaquliyev məruzə ilə çıxışında kənd təsərrüfatı sahəsində rayonumuzda görülən işləri diqqətə çatdırdı. Habil Rzaquliyev bildirdi ki, Azərbaycan Respublikası regionlarının 2019 – 2023 – cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramının icrasını təmin etmək məqsədi ilə Xocalı rayonunda da müəyyən işlər görülmüşdür. Belə ki, rayonun ərazisi işğal altında olduğuna baxmayaraq rayondan olan məcburi köçkünlərin kənd rayonlarının ərazisində və o cümlədən rayondan olan məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələrdə məskunlaşmış əhalinin kənd təsərrüfatı ilə məşğul olmalarını təmin etmək məqsədi ilə rayon İcra Hakimiyyəti başda olmaqla inzibati ərazi vahidləri üzrə icra nümayəndələri ilə birlikdə ardıcıl işlər həyata keçirilmişdir.Aqrar sektorda mövcud vəziyyətə dair rayon İcra Hakimiyyəti başçısına mütəmadi məlumatlar verilir.
Xocalı rayon əhalisi kompakt şəkildə Goranboy rayonunda məskunlaşdığı üçün bitkiçiliyin, heyvandarlığın, arıçılığın və baramaçılığın inkişafı sahəsində müəyyən işlərin görülməsi məqsədə uyğun hesab edilir. Belə ki, baramaçılığın inkişaf etdirilməsi üçün Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində 2016 -cı ildən etibarən 2018-ci ilə qədər 25500 ədəd tut tingi bağ şəkilində əkilərək hazır vəziyyətə gətirilmişdir. Respublikamızda baramaçılığın inkişaf etdirilməsi ilə əlaqədar ölkə Prezidentinin tapşırıqlarına əsasən 2018-ci ildə Xocalı rayonundan olan 2 məcburi köçkün ailəsi tərəfindən 500 kiloqram barama istehsalına qarşı 637 kiloqram barama istehsal edilərək “Şəki İpək” ASC-ə təhvil verilmişdir. 2019-cu ildə isə 1500 kiloqram barama istehsalı qarşıya məqsəd qoyulmuşdur. Qax rayonu Damazlıq İpəkçilik Stansiyasından 703 qram ipək qurdu gətirilərək rayondan olan on ailəyə saxlamaqları üçün paylanılmışdır. Rayon əhalisinin kompakt şəkildə məskunlaşdığı ərzilərdə fındıq bağlarının salınması, şəkər çuğunduru və kartofçuluğun inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Hal – hazırda rayon əhalisinə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində verilmiş pay torpaqlarda 2 hektar ərazidə fındıq bağı salınmışdır.
Cənab Prezidentin Sərəncamının və Nazirlər Kabinetinin 400 nömrəli Qərarının icrası ilə əlaqədar olaraq Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən Xocalı rayonundan arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərin arıçılıq təsərrüfatlarına baxış keçirilmiş və 115 nəfər vətəndaşa ümumilikdə 30480 manat məbləğində subsidiya verilmişdir. 2019-cu ilin birinci rübündə Xocalı rayonundan 2018 – ci ildə subsidiya almayan 5 inzibati ərazisi üzrə 31 nəfər arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları 766 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 (on) manat olmaqla cəmi 7660 manat məbləğində subsidiyanın verilməsi ilə əlaqədar hazırlanmış sənədlər təsdiq edilərək Respublika Komissiyasına təqdim olunmuşdur. 2019 – cu ilin birinci rübündə Xocalı rayonundan olan 94 nəfər arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən Dövlət Aqrar İnkişaf Mərkəzinə subsidiya almaları üçün ərizə ilə müraciətlər olmuşdur. Daxil olan müraciətlər əsasında tərəfimizdən monitorinqlər aparılmış və 2201 arı ailəsi qeydiyata götürülmüşdür.
Hal – hazırda rayonumuzun balansında 4125 hektar daimi təhkim olunmuş I – II otrub torpaq sahəsi vardır. Həmin torpaq sahələrindən 3000,0 hektarı taxılçılığın inkişafı üçün fiziki və hüquqi şəxslərə uzunmüddətli icarəyə verilmişdir. 2018 – ci ildə rayonun hüquqi və fiziki şəxsləri tərəfindən 2785.8 hektar taxıl sahəsi əkilmişdir, məhsuldarlıq 20 sentiner olaraq 5571.6 ton məhsul toplanmışdır. 2019 – cu ilin məhsulu üçün rayondan olan hüquqi və fiziki şəxslər tərəfindən 2755 hektar buğda və 155 hektar sahədə isə arpa bitkiləri əkilmişdir. Aqrotexniki qaydalara uyğun olaraq bir dəfə yemləmə şəklində taxıl sahələrinə ammonium nitrat gübrəsinin verilməsi işi həyata keçirilmişdir. Rayon ərazisində taxıl əkini sahələrində zərərverici və xəstəliklər, alaq otlarına qarşı mübarizə tədbirlərinin vaxtında və keyfiyyətli aparılması üçün Xocalı DAİM tərəfindən yaradılmış monitorinq qrupu tərəfindən 2755 hektar payızlıq taxıl sahələrində siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr aparılmış və müşahidə zamanı 1115 hektar sahədə adi siçanın sirayətlənməsi müəyyən edilmiş və kimyəvi mübarizə tədbirləri həyata keçirilmişdir.
2019 - cu ilin yazlıq bitkiləri üçün 84 hektar kartof, 32 hektar tərəvəz, 27 hektar sahədə isə günəbaxan bitkisi əkilmişdir. 2019 - cu ilin birinci rübündə iri buynuzlu mal – qaranın baş sayı 2800 baş, o cümlədən 1265 baş ana inək, xırda buynuzlu 12500 baş, bütün növlərdən olan quşların sayı 9500 baş, arı ailəsinin sayı isə 5945 olmuşdur. 2019-cu ilin birinci rübündə ət istehsalı 60.7 ton, süd istehsalı 296.4 ton, yumurta istehsalı 21 min ədəd olmuşdur.
Xocalı rayon Mərkəzi Xəstəxananın baş həkimi Aqil Məmmədov çıxışında rayonumuzda icbari tibbi sığorta haqqında keçirilən maarifləndirmə tədbirləri haqqında məlumat verdi. Aqil Məmmədov qeyd etdi ki, hər bir sahədə olduğu kimi səhiyyə sahəsində də, istər kadr islahatları, istərsə də əhalinin sağlamlığının qorunması üçün lazım olan islahatlar uğurla davam etdirilir. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlanması və pilot layihə kimi Ağdaş, Mingəçevir və Yevlax şəhərlərində yüksək nailiyyət əldə olunması deyilənlərin bariz nümunəsidir. İcbari tibbi sığortanın tənzimlənməsi məqsədi ilə 20 dekabr 2018- ci il tarixdə tibbi sığorta haqqında qanuna bir sıra dəyişikliklər edilmişdir. Qanuna edilmiş dəyişikliyə əsasən icbari tibbi sığorta üzrə xidmətlərin baza və əlavə hissələrdən ibarət olan xidmətlər zərfi çərçivəsində göstərilməsi nəzərdə tutulur. Xidmətlər zərfinin baza hissəsi ilkin səhiyyə xidmətinin, habelə təcili və təxirəsalınmaz tibbi yardım xidmətlərini əhatə edir. Sözügedən qanunun 15-10.1.1- ci maddəsinə əsasən xidmətlər zərfinin baza hissəsi üzrə sığorta haqqı 29 manat təşkil etməklə, dövlət büdcəsi tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Qanunun 15-2 – ci maddəsindən göründüyü kimi, xidmətlər zərfinin baza hissəsinə münasibətdə Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığorta olunan hesab edilir və bu isə o deməkdir ki, sadalanmış şəxslər baza hissəsində nəzərdə tutulmuş xidmətlərə dövlət büdcəsi hesabına təmin olunurlar. Cənab başçının tapşırığına uyğun olaraq, Başçının müavini, İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə xanım Qarayevanın təşkilatçılığı ilə xəstəxanada tibb işçilərinin və yerli icra nümayəndələrinin rəhbərləri ilə birlikdə təbliğat və maarifləndirmə yönümlü tədbir keçirildi. Tədbirlər Planına uyğun olaraq icbari tibbi sığorta haqqında maarifləndirmə tədbirləri regionlarda əhali arasında mütəmadi olaraq aparılacaqdır.
Yekun olaraq çıxış edən Prezident Administrasiyasının məsul işçisi cənab Ağa-Əli Əhmədov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Cənab Prezidentimizin giriş və yekun nitqindən tezislər söylədi, rayonumuzda görülən işlərə münasibət bildirdi. Şura iclasının gündəliyinə daxil edilmiş məsələlər ilə bağlı görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyatı idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.