Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ümumrayon tədbiri.
10 may 2019-cu il tarixdə xocalıların müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi. Tədbir iştirakçıları əvvəlcə “Heydər” parkında ucaldılmış Ulu öndərin büstü önünə tər çiçəklər düzdülər.
Xocalı rayon Mədəniyyət evində davam edən tədbirdə X Ümumrespublika kitab bayramı münasibətilə təşkil edilən sərgidə Ümummilli lider Heydər Əliyevə, Azərbaycan tarixinə, Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş kitablar, o cümlədən müxtəlif elm sahələrini: bədii ədəbiyyat, uşaq ədəbiyyatı, klassik və müasir yazarlarımızın, dünya ədəbiyyatı klassiklərinin əsərlərini əhatə edən sərgilər iştirakçılara təqdim olundu.
Çıxışlardan əvvəl Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva çıxışında bildirdi ki, Azərbaycanda xaosun hökm sürdüyü bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev özünün müdrikliyi, siyasi iradəsi, gərgin səyi nəticəsində Azərbaycanı parçalanmaq və bir dövlət kimi yer üzündən silinmək təhlükəsindən xilas etdi. Vaxtı ilə Ulu öndərin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan bu gün dünya birliyinin fəal üzvünə çevrilib. Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin, doğma Vətənimizin adının yüksəklərə ucaldılmasının, ölkəmizdə hökm sürən demokratiya, inkişaf və tərəqqinin müəllifi məhz Heydər Əliyevdir.
Sonra Xocalı rayon Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri Məlahət İsmayılova məruzə ilə çıxışında Ulu öndərin həyat və fəaliyyətindən danışdı. Məlahət İsmayılova məruzəsində bildirdi ki, bu gün hər birimiz fəxrlə deyirik ki, Azərbaycan Ulu öndər Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir. Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. O həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq, bu dövlətin ideya əsaslarını konkret olaraq müəyyənləşdirmişdir. Bir sözlə keçdiyimiz tarixi dövr sübut edir ki, Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir və məqsədyönlü tədbirlər Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə, müsətqilliyinin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə yönəlmişdir.
Xocalı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqil Məmmədov çıxışında bildirdi ki, 1993-cü ildə böyük dövlət xadimi Heydər Əliyev ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra bütün sahələr kimi, səhiyyə də yeni inkişaf məhrhələsinə qədəm qoydu, ilk növbədə, bu sahənin qanunvericilik bazası təkmilləşdirildi, əhalinin sağlamlığının qorunması işini yaxşılaşdırmaq məqsədilə geniş islahatlar proqramı hazırlandı. Tibb müssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi yeni səhiyyə ocaqlarının yaradılmasına imkan verdi. Ulu öndərimizin rəhbərliyi ilə bu sahədə 15-dən çox qanunun qəbul edilməsi, Ümummilli liderimizin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il iyun ayının 17-nin ölkəmizdə tibb işçilərinin peşə bayaramı kimi qeyd olunması, səhiyyə işçilərinin əməkhaqlarının dəfərlərlə artırılması həm bu sahənin müasir tələblər səviyyəsində yeniləşdirilməsinə, həm də insanların sağlamlıqlarının etibarlı şəkildə qorunmasına xidmət edirdi.
Daha sonra Xocalı rayon Polis Şöbəsinin rəisi Eldar Bağırov məruzə ilə çıxışında Ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə cinayətkarlığın qarşısının alınması istiqamətində görülən işləri diqqətə çatdırdı. Eldar Bağırov bildirdi ki, ölkəmiz müstəqlliyini əldə etdikdən sonra çox böyük çətinliklərlə üzləşmişdi. Həmin dövrün çətinliklərinin əsas hissəsi məhz Ulu öndər Heydər Əliyevin üzərinə düşüb. Ulu öndər Azərbaycan polisinin bu dövrdəki xidmətlərini çox yüksək qitmətləndirmişdi.
Azərbaycan polisi şanlı tarix keçibdir. Qarabağ müharibəsində 932 nəfər polis əməkdaşı şəhid, 681 nəfər isə əlil olmuşdur. Eyni zamanda 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülmüşdür. Bu böyük rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət nümunəsidir.
Ulu öndər 1994-cü il aprelin 29-da nazirliyin rəhbər heyətinin iştirakı ilə keçirilən müşavirədə xidməti fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqları açıq şəkildə qeyd edərək, onların tez bir zamanda aradan qaldırılması üçün dəyərli tapşırıq və tövsiyyələrini verdi. Onun şəxsi nəzarəti ilə qısa müddətdə bu vəzifələr reallığa çevrildi. Ümummilli liderin 1994-cü ilin avqust ayında imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərman isə bu sahədə fəaliyyətin təşkilati-hüquqi bazasının və gələcək uğurların möhkəm təməlini qoydu. Eyni zamanda, mötəbər beynəlxalq təşkilatların, Avropa ekspertlərinin rəyləri nəzərə alınmaqla 28.10.1999-cu il tarixdə “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlar, 30.06.2001-ci il tarixdə “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında” və 18.07.2001-ci il tarixdə “Daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamələr qəbul edildi.
Ümummilli lider Heydər Əliyev tərəfindən daxili işlər orqanlarının fəaliyyəti ilə bilavasitə bağlı olan, o cümlədən insan hüquq və azadlıqlarının həyata keçirilməsi mexanizmlərini tənzimləyən 34 qanun, 100-dən çox fərman və sərəncam imzalandı. Nazirlik sistemində islahatlar aparılaraq yeni qurumlar yaradıldı.
Məhz Heydər Əliyevin rəhbərliyi altında hüquq-mühafizə orqanları respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə qarşı uğurlu mübarizəyə, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsinə başladılar. Vətəndaşlarımızın dinc, rahat yaşamaları üçün lazım olan şərait yarandı, onların dövlətə, hüquq-mühafizə orqanlarına inamı daha da artdı, ictimai-siyasi, həmçinin kriminogen durum nəzarətə götürüldü.
Ölkənin müqəddəratının həll olunduğu bir vaxtda belə Heydər Əliyev daxili işlər orqanları əməkdaşlarının qayğısına qalır və onların himayədarı olduğunu konkret qərarları ilə sübut edirdi. Onun xüsusi qayğısı sayəsində, 1993-cü illə müqayisədə 2003-cü ildə nazirliyin büdcəsi 6 dəfə artmış, bu dəyişikliyin əsas qayəsini əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, xidmət şəraitinin yaxşılaşdırılması, yeni informasiya texnologiyalarının tətbiqi və sair təşkil edirdi. Bundan başqa, Daxili İşlər Nazirliyinin 300-dən çox əməkdaşı və hərbi qulluqçusu ölkənin yüksək dövlət mükafatları ilə təltif edilmiş, o cümlədən “Milli Qəhrəman” adına, orden və medallara layiq görülmüşdü.
Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması uğrunda Ulu öndərimizin gördüyü işlərdən danışdı.
Dünya siyasətinin parlaq siması olan Heydər Əliyev ölkəmizin inkişafı üçün əlindən gələni etdi. Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən qabaqcıl pambıqçılıq və üzümçülük diyarına çevrildi. Kənd zəhmətkeşlərinin sosial-iqtisadi vəziyyəti əsaslı surətdə yaxşılaşdı. Azərbaycan kəndində misilsiz tikinti, abadlıq və mədəni quruculuq işləri aparıldı. Bütün bunlara baxmayaraq, Azərbaycan yalnız SSR məkanında tanınırdı. Müstəqillik əldə edildikdən sonra xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdan Heydər Əliyev sovet sistemindən ayrılan Azərbaycanı müasirliyə, inkişafa apardı.
Ümummilli lider Heydər Əliyevin davamçısı Cənab Prezident İlham Əliyev onun ideyalarını layiqli davam etdirir. Dövlətimiz ilbəil güclənir. Azərbaycan güclü dövlətdir, onun güclü Ordusu var. İndi Azərbaycan bütün dünyada tanınır.
Biz vətəndaş olaraq Azərbaycanın daha güclü olması naminə öz üzərimizə düşən məsuliyyəti yerinə yetirməliyik.
Sonda Xocalı şəhər 4 saylı tam orta məktəbin şagirdləri Ulu öndərə həsr edilmiş şeirlər səsləndirdilər.
Tədbirdə dahi şəxsiyyətə həsr edilən iki hissəli sənədli film nümayiş olundu.