Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov Oğuz rayonunun "Azərbaycan 60" qəsəbəsində növbəti səyyar qəbulunu keçirdi.
18.09.2019-cu il tarixdə Xocalı Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu Oğuz rayonunun "Azərbaycan-60" qəsəbəsində məskunlaşmış, əsasən Xocalı rayon Kosalar kəndindən olan sakinlərlə oldu. Səyyar qəbul - görüşdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi cənab Ağa-Əli Əhmədov, rayonunun idarə, müəssisə rəhbərləri və sakinlər iştirak etdilər.
Səyyar qəbul - görüşü giriş sözü ilə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov açaraq qəsəbədə məskunlaşmış kənd sakinlərini salamladı, ən səmimi ürək sözlərini çatdırdı. Qeyd etdi ki, hər dəfə olduğu kimi, bugünkü görüşümüzün də əsas məqsədi siz sakinləri narahat edən məsələləri dinləmək, həlli istiqamətində tapşırıqlar verməkdir.
Xocalı rayon Qaragav kənd tam orta məktəbinin direktoru Aydın Əliyev qəsəbə sakinlərini narahat edən ümumi məsələlər haqqında məlumat verdi. Bildirdi ki, sakinlərin əsas müraiciətləri heyvandarlıqla məşğul olmaları üçün otlaq sahəsinin ayrılması və məcburi köçkünlər üçün salınması nəzərdə tutulan qəsəbənin hal-hazırda məskunlaşdıqları qəsəbəyə yaxın ərazidə inşa edilməsinə köməklik göstərilməsidir.
Qəbulda sakinləri narahat edən məsələlərlə bağlı verilən suallar Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov cənabları tərəfindən cavablandırıldı, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıldı.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi cənab Ağa-Əli Əhmədov çıxışında ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində Prezident cənab İlham Əliyevin imzaladığı Fərman və Sərəncamların geniş icmalını verdi, regionlara göstərilən diqqət və qayğını nəzərə çatdırdı.
Xocalıların əzminə, həmrəyliyinə, daim dövlətçiliyə sədaqət göstərmələrinə olan dərin ehtiramını bildirən Prezident Administrasiyasının rəsmisi sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyatı qurumlara müraciət olunacağını dedi.
Sonda problemi olan vətəndaşlar fərdi şəkildə qəbul edildi.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək Prezident Cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.