Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalılar Dövlət Bayrağı Gününü təntənə ilə qeyd etdilər.

08 noyabr 2019 | 16:00

08 noyabr 2019-cu il tarixdə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Dövlət Bayrağı Günü münasibətilə ümumrayon tədbiri keçirildi.
     Əvvəlcə "Heydər" Parkının qarşısından qəsəbənin girəciyində salınmış Bayraq meydanına və oradan Xocalı Rayon Mədəniyyət Evinin qarşısınadək avtoyürüş təşkil edildi.
     Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov Ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın tarixindən və digər mövzulardan bəhs edən kitabların sərgisinə baxış keçirdi.
     Xocalı rayon Mədəniyyət Evində davam edən tədbiri giriş sözü ilə Xocalı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Anar Əliyev açaraq bildirdi ki, bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur.
     Xocalı şəhər 4 saylı tam orta məktəbin təşkilati işlər üzrə direktor müavini Şahnaz Əliyeva məruzə ilə çıxışında bayrağımızın rənglərinin və üzərindəki simvolların mənası haqqında məlumat verdi. Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
     Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını bildirir, mavi rəng türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng, həm də simvolik məna daşıyır. Göy rəng XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirirdi.
     Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir. XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrildi.
     Yaşıl rəng – İslam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir.
     Azərbaycan bayrağının üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur.
     Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var.
      Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstantinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı İmperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçib. Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur. Səkkizguşəli ulduzun mənasına gəlincə bu, “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada “Azərbaycan” sözü səkkiz hərflə yazılır.
     Tarixdə səkkizguşəli ulduzun mənası belə açıqlanır: türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir. Azərbaycan bayrağında ulduz Azərbaycan memarlıq üslubunda geniş istifadə olunub və səkkiz guşə-səkkiz türk xalqının simvoludur.
     Xocalı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqil Məmmədov çıxış etdi.
     Yekun olaraq rayonumuzun rəhbəri cənab Şahmar Usubov çıxış etdi.
     Daha sonra 2015-ci ildə ABŞ-ın və 2019-cu ildə BƏƏ-də ağır atletika üzrə yüksək nəticə əldə etmiş parolimpiyaçımız Səmədova Aytac Rizvan qızı üçün ayrılmış Fəxri Fərman və hədiyyə onun valideyni Səmədova Şövkət Burzu qızına təqdim edildi. 2018-ci ildə qaydasız döyüş üzrə dünya çempionu olmuş Hüseynli Elçin Nazim oğlu Fəxri Fərman və hədiyyələrlə təltif olundu.
     Sonda Xocalı şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş edildi.

Keçidlər