Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirildi

31 mart 2023 | 17:14
     31 mart 2023-cü il tarixdə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirildi.
     Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri, idarə və müəssisə rəhbərləri, ziyalılar iştirak etdilər.
     Əvvəlcə soyqırım qurbanlarının, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
     Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, Xocalı şəhər 1 saylı klubun mədəni təşkilatçısı Şahnaz Kərimova, Xocalı rayon prokurunun köməkçisi Hikmət Əsədov, Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD üzrə nümayəndəsi Ramiz Qəhrəmanov, “Xocalı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Aqil Məmmədov, Xocalı rayon ziyalısı Şakir Əliyev mövzu ətrafında çıxışlar etdilər.
     Çıxış edən natiqlər 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlıların kütləvi şəkildə vəhşicəsinə qətlə yetirildiyini diqqətə çatdırdılar. Qeyd edildi ki, mənfur qonşularımız Azərbaycan xalqına qarşı dəfələrlə soyqırım aktları törədiblər. Ballıqaya, Başlıbel, Meşəli faciələri, 44 günlük haqq savaşımızda mülki əhalinin raket atəşinə tutulması da erməni təcavüzkarlarının xalqımıza qarşı genosid törətmə cəhdlərinə nümunədir. 1992-ci ilin 26 fevralında ermənilər Azərbaycanın Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutmuş, tarixə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan olunması ilə yekunlaşmışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımı iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçilərinin azərbaycanlılara qarşı iki əsrdən artıq həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, qanlı səhifəsidir. Vurğulandı ki, tarixi unutqanlığımızdan ibrət götürməli, necə məkrli düşmənlərlə qonşu olduğumuzu indiki və gələcək nəsillərə təbliğ etməliyik.
     Həmçinin çıxışlarda ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı barədə həqiqətlərin dünyaya çatdırılması işinin Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlandığı diqqətə çatdırıldı. Bildirildi ki, 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu kitablar yazılıb və əcnəbi dillərə tərcümə olunub.
     Sonda “Unudulmuş Mart” televiziya filmi nümayiş etdirildi. 
Keçidlər