Cəmilli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2019-cu il ərzində gördüyü işlər və 2020-ci ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirildi.
21.01.2020-ci il tarixdə Xocalı Rayon İcra Hakimiyyəti Başçısının Cəmilli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2019-cu il ərzində gördüyü işlər və 2020-ci ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, idarə, müəssisə, təşkilat rəhbərləri və Goranboy rayonunun Börü qəsəbəsində məskunlaşmış sakinlər iştirak etdilər.
Xocalı rayon İHB-nin Cəmilli kənd İƏD üzrə nümayəndəsi Ramiz Qəhrəmanov hesabat məruzəsi ilə çıxış edərək görülən işlər haqqında məlumat verdi. Məruzəçi bildirdi ki, hal-hazırda Cəmilli kəndinin 294 ailəsi, 1089 nəfər sakini vardır. Cəmilli kənd əhalisi ötən 29 il ərzində 2 dəfə artıb. Hal-hazırda cəmillilər Respublikamızın 19 şəhər və rayonlarında məskunlaşıblar. Cəmilli kənd sakinlərindən 269 ailə - 829 nəfərə dövlət tərəfindən hər ay vahid aylıq müavinət ödənilir.
Əmək qabiliyyətli əhalimiz 271 nəfərdir ki, onlardan 87 nəfər müxtəlif büdcə təşkilatlarında, 55 nəfər ailə kəndli təsərrüfatında, 18 ailə mikro sahibkarlıq, 68 nəfər fərdi əmək fəaliyyəti ilə məşğul olurlar, işsizlərin sayı 33 nəfərdir.
2019-cu ildə Ölkə rəhbərliyinin həyata keçirdiyi özünüməşğulluq proqramı çərçivəsində 16 ailəyə mal-qara, 1 ailəyə qoyun, 1 nəfərə şirniyyat sexi, 1 nəfərə gözəllik salonu və 1 nəfərə avtoyuma məntəqəsi üçün avadanlıqlar verilmişdir. İl ərzində məşğulluq mərkəzinin göndərişi əsasında 7 nəfər işlə təmin olunmuş, 2 nəfər peşə kursuna yazılmış, 18 nəfər qadın isə tikiləcək xalça fabrikində işləmək üçün müraciət etmişdir.
Cəmilli sakinlərindən 18 ailənin müraciətləri əsasında onlara ünvanlı sosial- yardım təyin olunmuşdur.
2019-cu ildə arı saxlayan 11 nəfərin 343 arı ailəsinə hər arı ailəsi üçün 10 manat subsidya verilmişdir.
2011-ci ildə anadan olmuş Abbaslı Abbas Nəriman oğlu il ərzində öz yaşıdları arasında böyük qələbələr qazanmışdır. 14 fevralda İranda keçirilən karate üzrə Asiya çempionatında I yerə layiq görülmüşdür. 04 may tarixində Azərbaycanda keçirilən Kyokişin üzrə 4-cü dünya kubok yarışında öz yaşıdları arasında 1-ci yeri qazanaraq dünya kubokunun və qızıl medalın sahibi olmuşdur. 05-08 sentyabrda İstanbulun Bayrampaşa İdman kompleksində keçirilən karate üzrə Avropa çempionatında qızıl medal qazanmışdır. 26-27 oktyabr tarixlərində karate üzrə yeniyetmələr, gənclər, kişilər və qadınlararası XXVI Respublika çempionatında Abbas Abbaslı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Hörmətli icra başçımızın köməkliyi ilə Goranboy rayonundan əkin-biçinlə məşğul olmaq üçün 80 ha torpaq sahəsi alınaraq Börü qəsəbəsində yaşayan sakinlərə müvəqqəti istifadə üçün verilmişdir. Püşkatma yolu ilə hər bir nəfərə 0,12 ha olmaqla torpaq paylanmış və hal-hazırda həmin sahələrin hamısında arpa əkilmişdir.
2019-cu ildə nümayəndəlikdə 21 əmr, 13 sərəncam, sakinlərə müxtəlif məzmunlu 488 arayış verilmiş, sakinlərdən 16 ərizə, 33 şikayət daxil olmuş, ərizə və şikayətlərə vaxtında cavab verilmiş, bu sahədə heç bir əsaslı narazılıq qeydə alınmamışdır.
Müxtəlif idarə və müəssisələrdən 36 məktub daxil olmuş, müxtəlif orqanlara 110 məktub göndərilmişdir.
Məruzə ətrafında çıxışlarda nümayəndəliyin gördüyü işlər qənaətbəxş sayıldı.