Şriftin ölçüsü :

Saytın rəngi :

“20 Yanvar - Ümumxalq Hüzn Günü” münasibətilə anım tədbiri keçirildi.

18 yanvar 2020 | 16:00

18 yanvar 2020-ci il tarixdə Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət evində “20 Yanvar - Ümumxalq Hüzn Günü” münasibətilə anım tədbiri keçirildi.
     Anım tədbirində Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, idarə, müəssisə rəhbərləri, "N" saylı hərbi hissənin əsgərləri və rayon ictimaiyyəti  iştirak etdilər.
     İlk öncə   “Xocalı şəhidləri" abidəsini ziyarət edildi və bütün şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq abidə önünə qərənfillər düzüldü.
     Daha sonra   Xocalı rayon Mədəniyyət evinin qarşısında Xocalı rayon məktəblilərinin  əl işlərindən təşkil edilmiş rəsm və kitab sərgisinə baxış keçirildi.
     Xocalı rayon Mədəniyyət Evində keçirilən anım tədbirində əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən igid oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad olundu.
     Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctmai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiə xanım Qarayeva  öz çıxışında bildirdi ki, Sovet hərbi hissələrinin Azərbaycan xalqına qarşı xüsusi vəhşiliklə törətdiyi terror aktından 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə xalqımıza qarşı törədilmiş bu qırğının əsas səbəbi o dövrdə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının  SSRİ tərəfindən dəstəklənməsi və o vaxtkı Azərbaycan rəhbərliyinin apardığı xəyanət siyasətinə qarşı etiraz əlaməti olaraq ayağa qalxmış Azərbaycan xalqının haqq səsini boğmaq idi. Hadisəyə gedən yolun başlanğıcı Azərbaycanın ən qəddar düşməni olan Mixail Qorbaçovun rəhbərliyə gəlməsi ilə başlamışdı. Ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyində mühüm vəzifələrdən birini tutması həm Qorbaçovun, həm də ermənilərin xalqımıza qarşı mənfur niyyətlərinin qarşısının  alınmasında bir maneə idi. Heç təsadüfi deyil ki, məhz Ulu öndərin Moskvanın siyasi təqiblərinə məruz qalaraq SSRİ rəhbərliyindən istefa verməsindən qısa müddət sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına şərait yaradıldı.
     1990-cı il 20 yanvar hadisələrinin baş vermə səbəbi və  o dəhşətli gecənin acı nəticələrini tədbir iştirakçılarına əyani şəkildə çatdırmaq üçün “Şəhidliyin zirvəsi” adlı sənədli film təqdim edildi.
     Daha sonra çıxış edən Xocalı rayon prokuroru Kamran Məmmədov öz çıxışında bildirdi ki, 20 Yanvar hadisəsi əvvəlcədən planlaşdırılmışdı. Bunu misal və sübut olaraq faciədən bir neçə gün öncədən hadisənin törədilməsində iştirakı olan o dövrün  Sovet İttifaqının hərbi qulluqçularının ailələrinin Azərbaycan Respublikasından çıxarılması, xəstəxanaların və digər zəruri obyektlərin boşaldılması hallarını göstərmək olar. Eyni zamanda, guya qabaqcadan fövqəladə vəziyyətlə bağlı xalqa məlumat verilib, ancaq bu xalqın diqqətinə çatdırılmamış, əksinə əvvəlcədən bunun qarşısının alınmasına çalışılmışdır. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçuların 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 132 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. 
     1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Sovetinin deputat-istintaq komissiyasının yaradılmasına və Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 19 yanvar 1992-ci il tarixli iclasında həmin komissiyanın işinin yekunlarının müzakirə edilməsinə baxmayaraq, 1994-cü ilə qədər bu məsələyə siyasi-hüquqi qiymət verilməmişdir. Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 1994-cü il tarixli iclasında 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr müzakirə edilmiş və bu hadisələrə siyasi-hüquqi qiymət verilmişdir.
     Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov  bildirdi ki, XX əsrin 80-ci illərində başlamış milli azadlıq hərəkatının yeni mərhələsi ölməkdə olan Sovet İmperiyasının hakim qüvvələrini qorxuya saldı. Azərbaycan xalqının müstəqillik tələblərini, milli azadlıq hərəkatının qarşısını almaq üçün imperiya qüvvələri qanlı repressiya vasitələrinə əl atdılar. 1990-cı ilin yanvarın 19-dan 20-ə keçən gecə sovet hərbi qüvvələri ağır texnikanın müşayiəti ilə heç bir səbəb olmadan Bakıya yeridildi. Şəhərə hücum etmiş sovet ordusu sıralarında olan ermənilər dinc əhaliyə divan tutulmasında  xüsusi qəddarlıqları  ilə seçilirdilər. Ulu öndərimizin qurub-yaratdığı Azərbaycan Dövləti uğurlu şəkildə öz inkişaf yolunu davam etdirir. Keçməkeşli yolları hamımız görmüşük. Bu gün ölkəmizdə bu məsələlər yığışdırılıb. 20 Yanvar faciəsinin səhəri günü Bakıda olmuşdum. Həmin vaxtı xalqımızın milli birliyini görmüşdüm. Faciə Sovet hakimiyyətinə nifrət gətirdi.
     Sonda Xocalı rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə Kosalar kənd mədəni-maarif işçilərinin və Xocalı rayon Kosalar və Yaloba kənd tam orta məktəblilərinin iştirakı ilə "Şəhidlər unudulmur" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Keçidlər