Şriftin ölçüsü :

Saytın rəngi :

"Xocalı soyqırımı"nın 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir

13 fevral 2020 | 16:00

Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə fevral ayı ərzində Xocalı rayonunun ümumtəhsil məktəblərində, bir sıra mədəniyyət müəssisələrində "Xocalı soyqırımı"nın 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirilmişdir. Belə ki, 13.02.2020-ci il tarixdə Xocalı şəhər 2 saylı tam orta məktəbində Xocalı faciəsinin  28- ci  ildönümü ilə bağlı tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak etdi. Tədbir Azərbaycan Respublikasının Himni ilə başladı. Sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda, Xocalı faciəsində  şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
     Məktəbin direktoru Fiqurə Rüstəmova  tədbiri giriş sözü ilə açıq elan etdi. Bu gün ölkəmizin hər yerində Xocalı şəhidlərinin – torpaqlarımız uğrunda həyatlarını qurban vermiş vətəndaşlarımızın xatirəsi yad edilir. XX əsrin 80-ci illərinin ikinci yarısında Ermənilər özlərinin himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Ermənilərin  Xocalıya əsas marağı onun strateji və coğrafi mövqeyi ilə əlaqədar idi. Məqsəd Xocalıda yerləşən yeganə aeraportu ələ keçirmək, Əsgəran-Xankəndi yolunu boşaltmaq , buranın azərbaycanlılarının ən qədim yaşayış məskəni olmasını sübut edən tarixi izləri, tarixi mədəniyyət abidələrini məhv etmək idi. Xocalının müdafiəsində canından, qanından keçən və Şəhidlik zirvəsinə ucalan Şəhid Milli Qəhrəmanları var. Bunlar: Tofiq Hüseynov, Fizuli Rüstəmov, Əlif Hacıyev, Araz Səlimov, Ələsgər Novruzov, Natiq Əhmədov, Hikmət Hacızadə və b. Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir. Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə soyqırım və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir.  Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.
     Məktəbin V və VII sinif şagirdləri Xocalı soyqırınmına aid şeirlər söylədilər.
     Daha sonra çıxış üçün söz məktəbin dil-ədəbiyyat müəllimi Atakişiyev Rövşənə verildi.  Xocalı 1991-ci ilin  oktyabrında blokadada idi. Oktyabrın 30-dan avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdır. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də  gəlmişdir. Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Fevralın ikinci yarısından başlayaraq Xocalı Erməni silahlı dəstələrinin həmlələrinə məruz qalırdı. 26 fevral 1992-ci il. Quşbaşı qar yağan sərt qış gecəsi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. O gecə hara gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən uşaqların doğmalarının meyidləri arasında çaş-baş halda vurnuxmalarını, ətrafda nə baş verdiyindən xəbərsiz körpənin gözlərini həyata əbədilik yummuş ananın buz kimi soyuq döşlərini əmməsini göz önünə gətirin...  Həmin gecə Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin hansı birini deyəsən, hansı birini yazasan? Qələm acizdir bu vəhşilikləri təsvir  etməkdə. Şəhərin 800-dən artıq sakininin həyatına son qoyuldu bir gecənin içində. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi, 1275 nəfər girov gotürüldü, yüzlərcə soydaşımız bu və ya digər dərəcədə bədən xəsarəti aldı. Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibəti ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. Onlar Xankəndidə qərar tutmuş keçmiş sovet ordusuna məxsus hərbi hisslərin, ələlxüsus da 366-cı alayın iştirakı ilə dinc insanların üstünə hücum çəkdilər və əslində soyqırım törədərək bir şəhəri yer üzündən tamam sildilər. Ermənilərin törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoydular. Bu vəhşiliklər həmişə, hər yerdə özlərini “məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalq” kimi təqdim edən ermənilər xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi.  Ölkəmizin paytaxtı Bakıda Xocalı qurbanlarının xatirəsinə bir abidə ucalır. Abidə rəmzi məna daşıyır. Burada arzuları gözündə qalan balasını başı üstünə qaldıran ananın fəryadı təsvir olunub. Bu Vətən rəmzi olan ananın öz övladlarına qarşı sevgisinin bir nümunəsidir.
     Növbəti çıxış üçün söz məktəbin VII sinif şagirdi Xanlarov Ramala verildi.O, “Ay vətən oğlu” mahnısını səsləndirdi. VIII sinif şagirdi Cəbrayılov Sadiq “Cənab Leytenant“ mahnısını səsləndirdi.
     Tədbiri çıxışı ilə yekunlaşdıran məktəbin Dil-ədəbiyyat müəllimi Lələkişiyev Fərhad tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, Xocalı soyqırımı Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir. Hər il Xocalı faciəsinin ildönümü  Bakıda növbəti ümumxalq yürüşü ilə yad edilib. Yürüşdə “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı - XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!” və s. çağırışlar və şüarlar nümayiş etdirilib.

Keçidlər