Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi
21.02.2020-ci il tarixdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağ Ağcakənd qəsəbəsində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi.
Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Dövlətqaçqınkomun rəsmiləri və Xocalı rayon ictimaiyyəti iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə qəsəbədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzdülər.
Xocalı rayon Mədəniyyət evində davam edən tədbirdə Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva 28 il əvvəl Xocalıda törədilən soyqırım aktından danışdı. Bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə bəşəriyyətin tarixində ən qanlı səhifələrdən biri yazıldı, erməni terrorçuları tərəfindən Xocalı soyqırımı törədildi. Hücum və şəhərin ələ keçirilməsi nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.
Sonra "Qırmızı nitq" filmi nümayiş etdirildi.
Şəhid ailəsi Məlahət Əliyeva və Nübar Ramazanova Xocalı soyqırımı zamanı ermənilərin törətdiyi vəhşiliklərdən danışdılar. Soyqırım şahidləri çıxışlarında ölkə başçısının şəhid ailələrinə göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirdilər.
Daha sonra Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxışında Xocalı soyqırımının o zamankı iqtidarın laqeydliyinin bu tarixi faciənin törədilməsinə birbaşa şərait yaratdığını vurğuladı. Ərazi bütövlüyünün təmin olunması üçün Ulu öndərin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən cənab Prezidentimizin ətrafında sıx bərləşməli olmağımızın vacibliyini vurğuladı. Aprel döyüşləri işğal olunmuş torpaqlarımızı silah gücü ilə almağa qadir olduğumuzu bütün dünyaya göstərdiyini qeyd etdi.
Yekun olaraq çıxış edən Xocalı ryon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov soyqırımı qurbanlarının xatirəsinin xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulduğunu, rayon sakinlərinin dövlət qayğısı ilə əhatə olunduğunu bildirdi.
Şahmar Usubov Xocalı soyqırımının insanlığa sığmayan cinayət olduğunu dedi. Qeyd etdi ki, bu cür faciələrin bir daha təkrarlanmasına yol verilməməli və ermənilərin törətdiyi vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq üçün hər birimiz çalışmalıyıq. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən məktəbin ibtidai siniflərində təhsil alan şagirdlərə 110 gödəkçə, aztəminatlı ailələrdən olan məcburi köçkünlərə 80 kostyum, 60 palto və 110 yataq dəsti paylanıldı.
Sonda şəhidlərimizin ruhuna ehsan süfrəsi açıldı.