Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalılar ölkə başçısının apardığı siyasəti dəstəkləyir və doğma yurd yerlərimizi işğaldan azad edəcəyimizə inanırlar

13 may 2020 | 16:00

Doğma torpağa, Vətənə bağlı olan xocalılar neçə ay mühasirədə qalmasına baxmayaraq, düşmənə qarşı layiqli mübarizə apardılar. Yüzlərlə şəhidlik zirvəsi və düşmənlərə qarşı şərəfli döyüşləri ilə xocalılar başını daim uca tuturlar. Dövlətə və dövlətçiliyə sədaqət göstərən Xocalı camaatı yaxşı bilir ki, Qarabağa, Xocalıya qayıdış yalnız həmrəyliklə və ölkə başçısının ətrafında sıx birləşməklə mümkün olacaq. Azərbaycanın bəlalı günlərində xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev ölkəni xaosdan çıxardı, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev bu gün Azərbaycanı inamla irəli aparır. Xocalılar ölkə başçısının apardığı siyasəti dəstəkləyir və doğma yurd yerlərimizi işğaldan azad edəcəyimizə inanırlar.

I Qarabağ müharibəsi iştirakçısı, Xocalı soyqırımının canlı şahidi, erməni əsirliyində olmuş, “Azərbaycan Bayrağı” ordenli, “Əməkdar həkim” fəxri adına layiq görülmüş Xocalı sakini Məmməd Ağalar oğlu Nağıyev yaşa görə pensiyaya çıxmasına baxmayaraq, tez-tez ümumrayon tərbirlərində iştirak edir. Məmməd Nağıyev uzun illər Xocalı rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışmışdır. O, 1996-cı ildə dahi şəxsiyyət Heydər Əliyevlə görüşdə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir. Ulu öndərlə görüş Məmməd Nağıyevin yaddaşında əbədi xatirəyə çevrilmiş, nur üzlü insanın qarşısında çıxışı onun həyatında ən əlamətdar gün olmuşdur.

Məmməd Nağıyev ölkəmizdə və dünyada baş verən proseslərə diqqət yetirən ziyalıdır. O, “Xocalının səsi” qəzetinə müsahibəsində deyir ki, koronavirusla mübarizə ölkəmizdə yüksək səviyyədə aparılır. Bu pandemiyanın zərərlərini minimuma endirmək üçün Azərbaycan hakimiyyəti tərəfindən əhəmiyyətli və sistemli tədbirlər görülməkdədir. Azərbaycan koronavirus pandemiyasına yoluxma vəziyyətinə görə digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxş olduğunu söyləyə bilərik. Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Ölkə Başçımız və Birinci vitse-prezidentimiz bir illik əmək haqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdilər, ardınca bir çox qurumların, özəl şirkətlərin və ayrı-ayrı şəxslərin koronavirus infeksiyasına qarşı tədbirlərin görülməsi üçün Fonda ianələr bağışladı. Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətə başladı, zəruri tibbi avadanlıqlar alındı, koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müasir tibb müəssisələri ayrıldı, karantin zonaları yaradıldı. Ölkə başçısının “Biz birlikdə güclüyük” çağırışı ilə Azərbaycan xalqı bir daha həmrəy oldu.

Məmməd Nağıyev Azərbaycan Prezidentinin dünya miqyasında baş verən hadisələrlə bağlı da qətiyyətli mövqe nümayiş etdirdiyini diqqətə çatdırır. Bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də Prezidentimizə ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmiş və Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir. Eləcə də, effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur.

Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşdə təşkil etdi. Belə bir təhlükənin hər kəsin qapısını döydüyü və multilateralizmin demək olar ki can verdiyi şəraitdə belə, Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.

Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirilmişdir. 40-a yaxın ölkənin dövlət və hökumət başçılarının, Xarici İşlər nazirlərinin iştirak etdiyi sözügedən tədbir bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir.

Sadalanan faktlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunu daim artdığının göstəricisidir.

Koronavirusla mübarizəyə qoşulan Xocalı rayon səhiyyə işçiləri mart ayının 14-dən gücləndirilmiş növbəli iş rejimi ilə çalışaraq əhaliyə xidmət edirlər. Məmməd Nağıyev uzun illər səhiyyədə çalışmış həkim kimi koronavirus pandemiyası dövründə rayonumuzda fəaliyyət göstərən tibb məntəqələrinin fəaliyyəti ilə daim maraqlanır. Əvvəllər birlikdə çalışdığı ağ xələtlilərə öz tövsiyələrini çatdırır. Qarabağ müharibəsində çətinliklər görmüş Xocalı sakini və bacarıqlı həkim lazım gələrsə koronavirusla mübarizədə öz köməkliyini göstərməyə hazır olduğunu bildirir.

Keçidlər