ÜST COVİD-19-u pandemiya elan etməmişdən daha əvvəl dövlətimiz qabaqlayıcı tədbirlər görməyə başlamışdır
Cəmiyyət tarixi zaman-zaman müxtəlif yeni növ xəstəliklərin tüğyan etməsi ilə üz-üzə qalmışdır ki, bu xəstəliklər böyük regionları, ölkələri, qitələri, hətta dünyanı öz cənginə almış, bəzən insanları çıxılmaz vəziyyətə salmışdır. Bu cür xəstəliklər epidemiyalar, daha geniş ərazilərə yayılan xəstəliklər isə pandemiyalar adlanır. Bəşəriyyət “qara ölüm” adlanan vəba, taun, sars, quş qripi, donuz qripi və s. kimi epidemiyalara- xəstəliklərə yoluxmuş, lakin zamanla tibb elmi bu kimi xəstəliklərin çarəsini, dərmanını tapmışdır. Keçən ilin dekabr ayından Çinin Uhan şəhərində yaranan və hal-hazırda dünyanı çarəsizlik məngənəsində sıxan COVİD-19 pandemiyası da belə xəstəliklərdəndir. Xəstəliyə zamanında dırnaqarası baxılması bugünkü dünya ölkələrinin pandemiya qarşısında aciz qalmasına gətirib çıxarmışdır.
Dünya ölkələrindən fərqli olaraq Azərbaycan dövləti möhtərəm Prezident İlham Əliyevin tapşırığı və rəhbərliyi ilə hələ ÜST COVİD-19-u pandemiya elan etməmişdən daha əvvəl qabaqlayıcı tədbirlər görməyə başlamışdır. Hətta belə tədbirlərin həyata keçirilməsində bir sıra dünya dövlətlərinə nümunə olmuş Azərbaycan dövlətinin bugünkü gündə inkişaf etmiş dünya dövlətlərinə nisbətən daha az xəstə sayı və daha az insan itkisi ilə üzləşməsi qabaqlayıcı tədbirlər sayəsindədir. İflic olmuş dünya səhiyyəsi fonunda Azərbaycan Səhiyyəsi daha güclü, daha qüdrətli görünür. Lakin bunun səbəbi təkcə tibbi biliklərdə deyil. Bu uğurun səbəbi Prezidentimizin dediyi kimi öz xalqının-insanların rifahını, onların sağlamlığını prioritet məsələ hesab edən rəhbər-Möhtərəm Prezident və bu rəhbərə inanan, etibar edən xalq birliyindədir. Yəni qısaca, yenə də həmişə olduğu rəhbər-xalq, xalq-rəhbər tandemi qalib gəlir.
İqtisadiyyatı gündən-günə zəifləyən, pandemiyadan əvvəl həyata keçirilməyə başlayan layihələri yarımçıq qoyan dünya ölkələrinin əksinə Azərbaycan höküməti pandemiya dövründə nəinki əvvəlki iqtisadi layihələri davam etdirir, hətta yeni layihələr-islahatlar proqramı icra olunur, pandemiya ilə mübarizə daha effektiv şəkildə davam etdirilir, quruculuq-abadlıq işləri, yeni infrastrukturun yaradılması, günün tələbinə uyğun olaraq pandemiya ilə mübarizədə yardımçı olacaq müəssisə və yeni tibb müəssisələrinin yaradılması Azərbaycan iqtisadiyyatının düzgün və dəqiq idarə olunması nəticəsində baş verir.
Biz, yəni Azərbaycan ziyalıları inanır ki, sadə vətəndaşının belə qeydinə qalmağı özünə borc bilən, onun hər bir ehtiyacını, çətinliyini ən ağır, ən çətin günlərdə arayan və tapan qüdrətli Rəhbər-Möhtərəm Prezidentimizin rəhbərliyi altında gecəni gündüzə qatan, yorulmadan-usanmadan bu Vətənə, bu Xalqa namus və şərəfi ilə xidmət göstərən MİNLƏR, MİLYONLAR görünməyən düşmənə qalib gələcək. Bu yolda Prezidentimizə və dövlətimizə dayaq olan hər kəsə alqış olsun!
Ramin MƏHƏRRƏMOV,
Xocalı rayon ziyalısı.