XOCALILAR HƏMRƏYLİKLƏRİNİ KORONAVİRUSLA MÜBARİZƏDƏ DƏ NÜMAYİŞ ETDİRİRLƏR
Bəşər yaranandan bəri insanlar müxtəlif xəstəliklərə düçar olublar. Lakin ən dəhşətli dünyanı lərzəyə gətirən xəstəliklərdən biri də infeksion xəstəliklərdir. Bu xəstəlik nəinki epidemiya, hətta pandemiya şəklini alaraq bütün dünyanı bürüyüb kütləvi insan məhvinə səbəb olur. Belə infeksion xəstəliklərdən biri də koronavirus (COVID - 19) infeksiyasıdır. Koronavirus infeksion xəstəliyi sürətlə bütün dünyaya yayılaraq pandemiyaya çevrildi. On minlərlə insanlar bu xəstəliyə düçar oldular. İmmuniteti zəif insanlar bu virusun qurbanı oldular. Təəssüflər olsun ki, bu virus ölkəmizdən də yan keçmədi. Biz həkimlər yaxşı bilirik ki, hər bir xəstəliyə tutulmazdan əvvəl o xəstəliyə tutulmamaq üçün profilaktik tədbirlər görmək lazımdır. Profilaktik tədbirlərin əhəmiyyəti çox vacibdir. Bu baxımdan Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyev tərəfindən müxtəlif qabaqlayıcı tədbirlər görüldü. Təhsil millətin gələcəyidirsə, gələcəyimiz məhz uşaqlardan, məktəbdə təhsil alan şagirdlərdən asılıdır. Respublikada ümumtəhsil məktəblərinin bağlanması Cənab Prezidentimizin ilk olaraq uşaqların sağlamlığının vacib olmağına əhəmiyyət verməyinin bariz nümunəsidir. Prezidentin göstərişinə əsasən lazımi tədbirlərin görülməsi daha sürətlə aparılması üçün vəsaitlər ayrıldı. Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradıldı. Xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirildi. Ölkəmizdə karantin rejimi tətbiq edildi. İnsanların kütləvi yığılmağının qarşısı alınmaqla yoluxmanın sürətli yayılması halları azaldı. Koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumlarının birgə səyi ilə qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olundu və tibbi maska istehsalına başlandı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir illik əmək haqlarını Fonda ianə etdi. Bu təşəbbüsə fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirirlər.
Cənab Prezident “Biz birlikdə güclüyük” şüarı ilə bu çətin günlərdə xalqı birliyə çağırdı. Bu çağırış həm də, Prezidentimizin öz xalqı ilə birlikdə olmağını göstərdi və bu bizi daha da ruhlandırdı. Karantin günlərində Fövqəladə Hallar Nazirliyinin işçiləri, polis əməkdaşları və digər orqanlarda çalışan insanlar gücləndirilmiş rejimdə xidmət göstərərək öz vəzifə səlahiyyətlərini və vətəndaşlıq borclarını layiqincə yerinə yetirirlər. Təbii ki, koronavirusla mübarizədə həkimlərin əməyi böyükdür. Xəstəliyə tutulmuş insanlar fədakar həkimlərimiz tərəfindən müalicə olunurlar. Həkimlər gecəsi-gündüzü olmadan çalışıb əllərindən gələn köməkliyi əsirgəmədilər. Prezidentimiz həkimlərimizin əməyini yüksək qiymətləndirir. Vətəndaşlar tərəfindən həkimlərə ruh yüksəkliyi verildi, “ağ xalatlı həkimlər” adlı mahnılar bəstələndi. Karantin dövründə işə getməyib “Evdə qal” prinsipinə əməl edən insanların əmək haqları vaxtlı-vaxtında ödənildi. Biz ürəkdən sevinirik ki, Ölkə başçımız öz xalqına bu qədər diqqət və qayğı göstərir.
Rayonumuzun əhalisi yekdilliklə həm Ölkə başçısının Sərəncamlarına, həm də rayon rəhbərliyinin tapşırıqlarına uyğun şəkildə karantin qaydalarına riayət edirlər. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara uyğun olaraq rayonumuzun tabeliyində fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda, rayonun xidməti ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində, mağazalarda, parklarda, qəsəbələrin mərkəzi və ətraf küçələrində, avtomobil yolları və səkilərdə koronavirus (COVID - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər həyata keçirilir. Koronavirusla mübarizə məqsədilə elan edilmiş karantin qaydalarına Xocalı rayon əhalisinin məskunlaşdıqları qəsəbələrdə də yüksək səviyyədə əməl edilir. Gəncə şəhəri Yeni qəsəbə-2-də fəaliyyət göstərən “Xocalı RMX”-nin Publik Hüquqi şəxsin tabeliyində olan Kosalar kənd həkim məntəqəsinin işçiləri də profilaktik tədbirlərin keçirilməsində, əhali arasında maarifləndirmə işlərinin aparılmasında fəallıq göstərirlər.
Mənfur düşmənlər Xocalı şəhərini aylarla mühasirədə saxladığı vaxtlarda da sakinlərimiz həmrəy olublar. Xocalılar köçkünlük illərində də hər zaman bir-birinə dəstək çıxır, ortaq olan dərdlərini xalqımızla birgə anırlar. Ölkə başçısının “Biz birlikdə güclüyük” çağırışı xalqımızın milli birliyini daha da artırır. Doğma torpaqlarından didərgin düşmüş xocalılar da Cənab Prezidentin çağırışına əməl edir, həmrəyliyimiz nəticəsində bütün çətinliklərin öhdəsindən gələcəyimizə, gözəgörünməz ümumibəşər bəladan xilas olacağımıza və dədə-baba torpaqlarımızı yağı tapdağından azad edəcəyimizə inanırlar.
Rübabə İBRAHİMOVA
“Xocalı RMX”-nin Publik Hüquqi şəxsin
tabeliyində olan Kosalar kənd həkim
məntəqəsinin baş həkimi