Pandemiya dövründə Xocalı rayonundan olan məcburi köçkünlərin də sosial layihələrdən yararlanması təmin edilmişdir.
Prezident İlham Əliyevin siyasətinə uyğun olaraq, bu gün ölkəmizdə əhalinin sağlamlığının qorunmasının və məşğulluğunun, sosial rifahının dəstəklənməsi, iqtisadiyyatın stimullaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Koronavirus pandemiyasının əmək və məşğulluq sahəsinə mənfi təsirinin azaldılması, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində pandemiyanın iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkədə reallaşdırılan tədbirlərə 3,5 milyard manatdan çox, o cümlədən məşğulluq və sosial rifah bölməsinə 600 milyon manat vəsait ayrılmışdır. 4 istiqamət üzrə həyata keçirilən 12 tədbir 4,8 milyondan çox vətəndaşı və ya ölkə əhalisinin 48 faizindən çoxunu əhatə etmişdir, pandemiya dövründə 1 milyon 660 min muzdla (əmək müqaviləsi ilə) çalışan işçinin iş yeri və əməkhaqqı gəlir qorunmuşdur. Eyni zamanda, hər ay əhalinin 23 faizindən və ya 2 milyon 340 min nəfərindən çoxuna sosial ödənişlərin davamlılığı təmin edilmişdir. İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxsi əhatə edən birdəfəlik ödəmə proqramı və 100 minədək ailənin ərzaq yardımı ilə təminatı, işsizlikdən sığorta ödənişlərinin 20 minədək şəxsi əhatə etməsi üçün aparılan işlər əhali tərəfindən də böyük rəğbətlə qarşılanmışdır. Əlavə olaraq ödənişli ictimai iş yerlərinin sayının 38 mindən 90 minə çatdırılması, bu il azı 12 min ailənin özünüməşğulluq proqramı üzrə kiçik müəssisələrinin qurulması əhalinin məşğulluğunun təmin olunması üçün çox böyük dəstəkdir.
Pandemiya dövründə Xocalı rayonundan olan məcburi köçkünlərin də sosial layihələrdən yararlanması üçün Xocalı rayon Məşğulluq Mərkəzi gücləndirilmiş iş rejimində (sutkalıq iş rejimi) fəaliyyət göstərmiş, əhalinin məşğulluq alt sisteminə qeydiyyatını aparmışdır. Qısa zaman ərzində 2 mindən çox şəxs qeydiyyata alınmışdır ki, bunların da bir qismi 190 manat birdəfəlik ödəniş almış, 19 nəfər yeni açılmış içtimai iş yerlərinə göndərilmiş, 34 nəfər isə müxtəlif idarə, müəssisə təşkilatlarda müvafiq işlərlə təmin olunmuşdur. Qeyri-leqal məşğulluğun aradan qaldırılması üçün 22 təşkilata və 13 sahibkara mərkəz tərəfindən bildirişlər göndərilmişdir.
Nicat Ələsgərov
Xocalı rayon Məşğulluq Mərkəzinin direktoru