Hökumətin pandemiya ilə bağlı həyata keçirdiyi tədbirlər vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır.
Heç şübhəsiz Koronavirus (COVİD-2019) infeksiyası pandemiya elan edilməmişdən əvvəl də, sonra da ölkəmizdə bu xəstəliyin fəsadlarının aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlər görülmüşdür. Görülən tədbirlərin məntiqi nəticəsi olaraq yoluxucu xəstəliyin ölkə ərazisində geniş yayılmasının qarşısı alınmışdır. Xalqımız üçün həlli vacib olan əsas problemlər iş yerlərinin saxlanılması, məvaciblərin ödənilməsi, aztəminatlı ailələrə köməklik göstərilməsi, sosial layihələrdən yararlanması və lazımi tibbi ləvazimatlardan istifadə etmək idi. Ölkə Prezidenti öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, pandemiya ilə mübarizədə bizim qarşımızda duran ən əsas məqsəd insanların sağlamlığıdır. Bununla bərabər heç bir sosial layihənin təxirə salınmayacağını ölkə başçısı dəfələrlə diqqətə çatdırmışdır.
Belə çətin vaxtlarda xalqımızın hər zaman həmrəy olması faktı problemləri asanlıqla həll etməyə şərait yaradır. Məhz Ölkə başçısının "Biz birlikdə güclüyük!" çağırışı Azərbaycan xalqının həmrəyliyini daha da artırır. Təbii ki, bu hal koronavirus pandemiyasından az itkilərlə qurtarmağımıza böyük mənəvi dəstəkdir.
Lakin təəssüflər olsun ki, karantin qaydalarına əməl etməyən vətəndaşlarımız da var. Onlar bu təhlükənin artmasına səbəb olan qayda pozuntuları ilə nəin ki, özünün, ailəsinin, hətta minlərlə insanın sağlamlğına zərər yetirir, hətta insan itkilərinə səbəb olurlar. Artıq karantin rejimindən mərhələli çıxmaq üçün planlar həyata keçirilir. Həftəsonu qapanma yalnız həftənin 2 gününü əhatə edəcək. Ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın narahat olmaması üçün əsasdır.
Cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunədir. Biz də görülən tədbirlərin düzgün icrası üçün bir vətəndaş kimi öz üzərimizə düşən məsuliyyəti dərk etməliyik. Belə ki, hər bir Azərbaycan vətəndaşı kimi biz də Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməklə dövlətimizin uğurlu gələcəyi, xalqımızın rifahı naminə vətəndaş həmrəyliyi göstərməliyik.
Validə QULİYEVA,
Xocalı rayon səhiyyəsində uzun illər xidmət göstərmiş tibb əməkdaşı.