Xocalılar üçün Milli Qurtuluş Gününün anlamı
Mən Xocalı gənciyəm. Bəşər tarixində ən dəhşətli soyqırımlardan birinə məruz qalan Xocalı rayon sakiniyəm. 6 yaşım olarkən öz doğma torpağımdan didərgin düşmüşəm. Etiraf edirəm ki, həmin vaxtlar olub-bitən bir çox hadisənin fərqinə yaxşı varmamışam. Amma indi bilirəm ki, doğulduğum torpaq düşmən tapdağı altındadır. Atamla tez-tez dədə-baba torpağından söhbət açırıq. O, mənə hər söhbətdə müstəqilliyimizi ikinci dəfə əldə etdikdən sonra ölkəmizdə baş verən hərcmərclikdən, torpaqlarımızın işğalının başvermə səbəblərindən danışır. Milli Qurtuluş Gününün ildönümündə televiziyalarda dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərinə aid verilişlərə atamla birlikdə baxdıq. O zaman ölkəmizdəki xousu, siyasi çəkişməni diqqətlə dinlədim, bir daha Ulu öndərin dühasına nəzər yetirdim. Əlbəttə, Heydər Əliyev məktəbi ən böyük vətənpərvərlik, azərbaycançılıq məktəbidir. Bu məktəblə hər Azərbaycan gənci tanış olmalıdır.
“Xocalının səsi” qəzetinin redaktoru kimi ümumrayon tədbirlərində iştirak edirəm, cəmiyyət arasında oluram. Rayon sakinlərinin Heydər Əliyevə olan dərin ehtiram və məhəbbətini görürəm. Xocalıların Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtmasına olan münasibətini və Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevə olan inamını həm ümumilikdə, həm də ayrı-ayrı ziyalılardan öyrənirəm. Xocalılar daim dövlətə və dövlətçiliyə sadəqətlidirlər, hər zaman milli və dövlət maraqlarını müdafiə edirlər. O vaxtkı səriştəsiz rəhbərlərin xalqımıza heç bir faydasının olmadığını xocalılar Xocalı soyqırımından əvvəl də duyurdular. Xalqımızın ağır bəlalardan xilas yolunu Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıtmasında görürdülər. Bu fikrə nümunə olaraq bildirirəm ki, 1991-ci il sentyabr ayının 30-da Xocalı Ərazi Partiya Komitəsinin birinci katibi və Xocalı Ərazi Dövlət Komitəsinin sədri vəzifələrini icra edən Elman Məmmədov Naxçıvana gedərək Ulu öndər Heydər Əliyevlə görüşmüşdür. Həmin zaman iqtidarın Heydər Əliyevə olan münasibəti məlum idi. Elman Məmmədov o cəsarəti, qətiyyəti göstərərək, müdrik insanın, dövlətçi insanın, Azərbaycan xalqının ağsaqqalının görüşünə getmişdir. Naxçıvanın Ali Məclisinin növbədənkənar sessiyasında çıxış etmiş və Ulu öndərimizin dövləti, Vətəni qorumaq, şücaət göstərmək haqqında tövsiyələrini dinləmiş, məsləhətlərinə qulaq asmışdır.
Xocalı rayon sakini Şükür Bəşirov 1988-ci ilin oktyabr ayının 20-də işinin bərpası üçün Moskvaya getmişdir. Moskvada Respublikamızın daimi nümayəndəliyində ilk dəfə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi təklifini vermişdir. Ona indiki vəziyyətdə bu təşəbbüsə maneə yaradacaq qüvvələrin olduğu bildirilib. Bu tarixi fakt “Pravda”, “İzvestiya”, “Komsomolskaya Pravda” qəzetlərində və digər kütləvi informasiya vasitələrində nəşr olunmuşdur. Şükür Bəşirov Xocalı faciəsindən sonra - mart ayının 2-də Ağdam şəhərində Xalq Cəbhəsi binasının qarşısında böyük mitinq təşkil olunan zaman Azərbaycanın ən ağır günlərində xalqımızın xilaskar oğlu, Ümummilli lider Heydər Əliyevin böyük cəsarətlə hakimiyyətə qayıtmağının vacibliyini bildirmişdir. Mitinqdə çıxış edən Şükür müəllim qətiyyətlə “Azərbaycanı bu bəladan ancaq Heydər Əliyev qurtara bilər. Əgər Azərbaycan xalqı özündə iradə tapıb Heydər Əliyevi hakimiyyətə gətirməsə, Laçın və Şuşa işğal olunacaq” şüarlarını səsləndirib. Şükür müəllim bu sözləri Azərbaycanda hərcmərcliyin baş alıb getdiyini, səriştəsiz rəhbərlərin ucbatından dövlətin məhv olmaq üzrə olduğunu görərək söyləmişdir.
Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Şükür Bəşirovun çıxışlarına baxmış və Teleradio Şirkətinin sədri Nizami Xudiyevə Şükür müəllimlə görüşün təşkili üçün tapşırıq vermişdir. Azərbaycan xalqının dahi şəxsiyyəti, Şükür müəllimin mövcud şəraitdə cəsarətli çıxışını yüksək dəyərləndirmişdir. Heydər Əliyev Şükür Bəşirovu Azərbaycan xalqının əsl qəhrəmanı adlandırmışdır.
Belə nəticəyə gəlmək olar ki, aylarla mühasirədə qalaraq laqeyd və səriştəsiz hakimiyyətdən kömək görməyən, XX əsrin ən dəhşətli soyıqırımını yaşamış xocalılar üçün Milli Qurtuluş Günü böyük mənəvi təskinlik və gələcəyə inamdır.
Xocalı soyqırımından sonra səriştəsiz hakimiyyət soyqırımın nəticələrini gizlətməyə çalışmışdır. Buna misal olaraq “Xocalının səsi” qəzetinin redaktoru mərhum Sərdar Mehdiyevin Ağdamda qəzetin bir nüsxəsini Müdafiə naziri vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən, Baş Qərargah rəisi Şahin Musayevə göndərməsi zamanı başına gələn hadisəni qeyd etmək olar. O, qapının arxasında gözləyərək Şahin Musayevin Xocalı soyqırımına olan münasibətini öyrənmək istəyib. Şahin Musayev qəzeti oxuduqdan sonra redaktoru içəri çağırtdıraraq, ona qışqıra-qışqıra niyə yüzlərlə adam qırılıb yazmısan, orada cəmi 2 nəfər adam ölüb deyibdir. Silahına əl atıb kişini güllələmək istəyib.
Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. 1995-ci ildə soyqırımın ildönümü ərəfəsində Heydər Əliyev xocalıları qəbul edərək onları diqqətlə dinlədi, bir çox müəmmalı məsələlərə aydınlıq gətirdi. Xocalının müdafiəsində qəhrəmanlıq göstərmiş döyüşçülərə fəxri adlar verildi.
Xocalıların sosial qayğılarına dövlətimiz tərəfindən daim diqqət göstərilir. Rayon sakinlərinin 50 faizdən çoxu yeni mənzillərlə təmin olunublar. Goranboy rayonu və Gəncə şəhərində ümumilikdə əsasən xocalılar üçün salınmış 6 ədəd qəsəbə tikilmişdir. Ən vacib olan isə rayon sakinlərində Xocalıya qayıtmaq ümidinin artmasıdır. Çünki zaman keçdikcə hər vətəndaş inkişaf edən Azərbaycan, güclü ordu və iqtidarla həmrəy olan xalq görürük. Məhz bu inamımız və birliyimiz nəticəsində Böyük qələbəmizə və “Böyük qayıdışa” nail olacağıq.
Hələlik isə xalqımızı daha bir sınaq gözləyir. Dünyanı bürüyən koronavirus pandemiyası Odlar yurduna da qədəm qoyub. Amma onun gözəgörünməz qədəmlərinin qırılacağına əminik. Dövlət başçısının qabaqlayıcı tədbirləri nəticəsində, xalqımızın həmrəyliyi və iradəsi ilə xalqımızın bu bəladan az itkilərlə qurtulacağına inanırıq.
Qalib Quliyev,
“Xocalının səsi” qəzetinin redaktoru,
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının
İdarə Heyətinin üzvü.