Milli Qurtuluş Günü ilə Azərbaycanın dövlətçiliyini və müstəqilliyini qoruyub saxlamaq oldu
1991-ci il oktyabr ayının 18-də Azərbaycan öz dövlət müstəqilliyini əldə etsə də 1993-cü ildə Azərbaycanın dövlət müstəqilliyi təhlükə qarşısında qaldı. Hakimiyyətə gələnlərin kamil dövlət adamları olmadıqlarını görən xarici və daxili düşmən qüvvələr Azərbaycanı bir neçə yerə parçalanma həddinə gətirdilər. Xalqın müqəddəs arzuları, ümidləri puça çıxdı, ölkədə vətəndaş itaətsizliyi, vətəndaş qarşıdurması yarandı.
1993-cü ilin iyununda Gəncədə hərbi qiyam baş verdi. 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə tabe olmaqdan imtina etdi. Bir tərəfdən Ə.Hümbətov cənub bölgəsində silahlı qüvvələrə söykənərək, “Talış-Muğan Respublikası” yaratmağa çalışırdı. Digər tərəfdən isə Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələr qanuni hakimiyyətə qarşı qiyam qaldıraraq dövlət çevrilişi etmək istəyirdilər. Belə bir vəziyyətdə xalq yeganə ümidini Ulu Öndər Heydər Əliyevə bağladı. Heydər Əliyev 1993-cü il iyunun 9-da hökumətin onun ardınca göndərdiyi təyyarə ilə Bakıya gəldi. Xalq öz xilaskarını sevinclə qarşıladı. Bu dövrdə Azərbaycanın talehi sanki Gəncədə həll edilirdi. Vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmaq üçün Heydər Əliyev iyunun 13-14-də Gəncədə oldu. Gəncə əhalisinin “Heydər baba, qurtar xalqı bu bəladan” şüarları ilə küçələrə çıxması sanki haqqın, ədalətin kömək diləyən səsi idi. Heydər Əliyev Azərbaycanı qardaş qırğınından qurtarmaq üçün düşünülmüş siyasi manevr edərək, hərbi müxalifəti zərərsizləşdirməyə nail oldu.
1993-cü il iyunun 15-də Heydər Əliyev Ali Sovetin Sədri seçildi. Həmin gün tarixə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Vətəndaş müharibəsinin qarşısı alındı. Eyni zamanda zorakı yolla hakimiyyəti dəyişmək ənənəsinə birdəfəlik son qoyuldu. Azərbaycanın dövlətçiliyini və müstəqilliyini qoruyub saxlamaq mümkün oldu.
Bu gün də dövlət müstəqilliyimiz ölkə prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. İqtisadiyyatımızın inkişafı, ordumuzun güclənməsi, ölkənin beynəlxalq nüfuzunun artması, Azərbaycanın milli təhlükəsizliyinin təmin olunması İlham Əliyevin siyasətinin əsas istiqamətidir. Biz inanırıq ki, Azərbaycanın dövlət müstəqilliyi Ulu Öndər Heydər Əliyevin dediyi kimi daimi, əbədi və sarsılmaz olacaqdır.
Akif RÜSTƏMOV,
Xocalı rayon ziyalısı