Sabitlik və inkişaf devizi altında gündən-günə çiçəklənən müstəqil Azərbaycanımızın inkişafı göz qabağındadır
Müasir dövrdə dünya sürətlə dəyişir, çox mürəkkəb proseslər baş verir. Möhtərəm Prezidentimiz bu dəyişikliklərdən məharətlə baş çıxarır, işğalçı erməniləri torpaqlarımızdan qovub çıxarmaq üçün Ulu öndərimiz Heydər Əliyev kimi mübarizə aparır. Dövlət başçımız cənab İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi genişmiqyaslı fəaliyyətləri, daxili və xarici siyasəti, eyni zamanda son vaxtlar dünyanı cənginə almış koronavirus pandemiyası ilə əlaqədar apardığı qabaqlayıcı tədbirləri ürəkdən dəstəkləyirik və hər birimiz üzərimizə düşən vəzifənin öhdəsindən gəlməklə ona yardımçı olmağa çalışırıq.
Möhtərəm prezidentimiz İlham Əliyev bütün sahələrin inkişafı ilə yanaşı, ordu quruculuğumuzun inkişafına da xüsusi diqqət və qayğı göstərir. Azərbaycanın ərazi bütövlüyünün pozulması, torpaqlarımızın 20 faizinin təcəvüzkar Ermənistan dövlətinin işğalı altında qalması dövlət büdcəsinin əhəmiyyətli bir hissəsini hərbi xərclərə yönəltməyə məcbur etmişdir. Nəticədə XXI əsrin ikinci onilliyində Azərbaycanın illik hərbi büdcəsi Ermənistanın bütün büdcə xərclərindən çox olub. Bu da milli ordumuzun ən yeni hərbi texnika, silah, sursat və digər digər döyüş vasitələri ilə təchiz edilməsinə imkan vermişdir. Azərbaycan xaricdən ən müasir və ən yüksək döyüş qabiliyyətinə malik silah və hərbi texnika almaqla yanaşı ordumuzun silah, sursat və hərbi texnika ilə təchizi sahəsində xarici dövlətlərdən asılılığı azalmışdır. Bütün bunları möhtərəm prezidentimiz İlham Əliyevin 25.06.2020-ci il tarixində Mingəçevir şəhərinə səfəri zamanı Müdafə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında söylədiyi nitqində aydın görmək olur. Prezidentimiz öz çıxışında dediyi kimi bütün hərbi hissələr yenidən qurulur, yenilənir. Əsgər və zabitlərin xidmət şəraiti yaxşılaşdırılır. Belə şəraitdə xidmət onların döyüş qabiliyyətini artırır. Zabitlərin məişət problemləri həll olunur, 20 il qüsursuz xidmət edən zabitlər mənzillə təmin olunur, hərbiçilərin maaşı artırılır, fərqlənən hərbiçilərə mükafatlar verilir. Bütün bunlar dövlətimizin ordusuna qayğısını göstərir. Möhtərəm prezidentimizin söylədiyi kimi Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sıralarındadır. Azərbaycan NATO standartlarına uyğun şəkildə təlim görmüş çox güclü silahlı qüvvələrə malikdir və hərbi potensiallara görə Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Hal-hazırda Azərbaycan Respublikası dünyanın ən dinamik inkişaf edən ölkələr sırasındadır.
Əmraslanova Xalidə Həmzə qızı,
Xocalı rayonundan əməkdar müəllim