Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın güclü ölkə kimi beynəlxalq aləmdə nüfuzu günbəgün artır

01 iyul 2020 | 16:00

Hər kəs koronavirus xəstəliyi haqqında danışır və baxdığınız hər yerdə virus və ondan özünüzü necə qorumaq haqqında məlumat var. Faktları bilmək özünüzü və sevdiklərinizi düzgün hazırlamaq və qorumaq üçün əsasdır. 
     Azərbaycan Respublikası COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım vermişdir. Təbii ki, ölkə olaraq bizim də zərərlərimiz, itkilərimiz var. Ancaq cənab İlham Əliyev dünyanın krizisdə olduğu bir zamanda bu addımı atmaqla, Azərbaycanın insanlığa, humanizmə necə dəyər verdiyini bir daha beynəlxalq aləmə mesaj vermiş oldu. İkinci bir nüans isə xüsusilə qeyd edilməlidir ki, dövlət başçısı tərəfindən yürüdülən bu siyasət dünyaya “Azərbaycanın humanizmdən uzaq ölkə olması” və “Dağlıq Qarabağ” məsələsi ilə əlaqədar yalan informasiya ötürən Ermənistan rəhbərliyinin bir daha ifşa olunmasıdır.
     Cənab İlham Əliyev bildirib ki, bütün ölkələrdə bu müzakirə olunub. Bu fakt həmçinin ölkə başçısının beynəlxalq aləmdə olan nüfuzunun göstəricisi kimi qiymətləndirilməlidir. Təbii ki onun lider olaraq dünyada sərgilədiyi siyasi çıxışı beynəlxalq siyasi arenada diqqətlə izlənir. Prosesləri təhlil edən zaman görünür ki, Cənubi Qafqaz ölkələrindən məhz Azərbaycan bu gün beynəlxalq tədbirlərdə daha çox innovativ təkliflər səsləndirir və Prezident tərəfindən irəli sürülən təkliflər əksəriyyət səs çoxluğu ilə dəstəklənir. Təbii ki, sadaladıqlarımız bir daha Azərbaycanın beynəlxalq nüfuzunun üstünlüyündən  xəbər verir ki, burada da cənab İlham Əliyevin xidməti danılmazdır. Cənab Prezident haqlı olaraq bildirmişdir ki, Ermənistanın Baş Nazirinin öz ölkəsinin  “uğurları”  haqqında danışarkən Ermənistanı Azərbaycanla müqayisə etməsi heç də düzgün deyil.
     Cənab İlham Əliyevin sözünə dəstək olaraq bildirirəm ki, 2019-cu il dekabr ayında Azərbaycanda orta əməkhaqqı 723 manat-bu da 425 dollar təşkil edir. Alıcılıq qabiliyyətinə görə orta əməkhaqqı üzrə Azərbaycan MDB-də 2-ci, Ermənistan 9-cu yerdədir.  Minimum pensiya Azərbaycanda 200 manat, yəni 118 dollardır. Valyuta ehtiyyatları Azərbaycanda 51 milyard dollar, Ermənistanda 2 milyard dollardır. Xarici ticarət dövriyyəsi Azərbaycanda 33,6 milyard, Ermənistanda 7,4 milyard dollardır.
     Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən videokonfransda, Avropa İttifaqına üzv dövlətlərin şərq tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitində, Asiya İnkişaf Bankının rəhbərləri ilə keçirilən online görüşdə və digər konfranslarda Prezident tərəfindən dünyanın bəlasına çevrilən koronavirusla mübarizədə insanların  sağlamlığının qorunması məsələsi ön planda tutulub. Son olaraq BMT Baş Assambleyasının tədbirində dövlət başçısı Cənab İlham Əliyev bir daha dünyanın diqqətini insanların COVİD-19 pandemiyasının zərərindən qorunması məsələsinə cəlb etdi. Nəticə olaraq bir daha dünyada 130-dan çox dövlət Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi. Bu, birmənalı olaraq ölkə başçısının beynəlxalq aləmdə olan nüfuzunun göstəricisi kimi qiymətləndirməlidir.

Əhmədov Emin Nəsir oğlu,
Xocalı şəhər 5 saylı tam orta məktəbin tarix müəllimi

Keçidlər