Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezidentimizin ”Biz birlikdə güclüyük” devizi təkcə Azərbaycana deyil, dünya birliyinə hesablanmış bir ismarıcdır

01 iyul 2020 | 16:00

Hamımıza bəllidir ki, bu gün dünyamız çox çətin sınaq dövrünü yaşayır. Böyük ümidlər və arzularla 2020-ci ilə qədəm qoyan dünya Koronavirus adlı gözlənilməz bir bəla ilə qarşılaşdı. Artıq 2020-ci ili yarıya çatmışıq, amma Koronavirus problemi hələ də çox ciddi, çox mühüm bir bəla kimi dünya dövlətlərinə xeyli ziyan vurur, iqtisadiyyat enir, insanlar tələf olur. Bu problem qlobal bir məsələ olduğundan, əlbəttə ki, bütün dövlətləri və dövlət başçılarını narahat edir, dünya bu bəladan xilas olmaq üçün mütləq birləşməli, bütün ölkələr birlikdə mübarizə aparmalıdırlar. Elə bu məqsədlə Prezident İlham Əliyev Qoşulmama hərakatının onlayn zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürüb. BMT nizamnaməsinə əsasən, Baş Assambleyanın  ehtiyac duyduğu təqdirdə xüsusi sessiyası keçirilə bilər. İlham Əliyevin bu təşəbbüsü çox vaxtında verilmiş bir təşəbbüs kimi qlobal xarakter daşıyır. Dünya dövlət başçıları da qeyd etdilər ki, bu çox vaxtında irəli sürülmüş bir təklifdir. Əslində  bu xüsusi sessiyanın keçirilməsi indiyə qədər olmalı idi, çünki dünyanın buna ehtiyacı çoxdur. Bu addımla cənab prezidentimiz bir daha  beynəlxalq səviyyədə özünün qlobal liderliyini göstərdi və ilk olaraq bu təşəbbüsü irəli sürdü. Bu günə kimi belə bir sessiyanın  çağırılması istiqamətində addımlar atılmamışdı.
     BMT-nin baş katibi bu təşəbbüsü BMT-yə üzv olan dövlətlər arasında müzakirəyə çıxarmış və 30 gün vaxt qoymuşdu ki, dövlət başçıları öz fikir və münasibətlərini bildirsinlər. 130-dan artıq dövlət bu təşəbbüsü dəstəkləmiş və öz müsbət rəylərini bildirmişlər.
     Avropa ittifaqına üzv dövlətlər, Qərb dövlətləri də bu təşəbbüsü geniş şəkildə dəstəklədilər. Beləliklə  də dünyanın 2/3-ni əhatə edən səs çoxluğu ilə bu təşəbbüs dəstəkləndi.
     Dünya dövlətləri tərəfindən bu qədər dəstəklənmə heç də təsadüfi deyildir .Bu İlham Əliyev şəxsiyyətinə beynəlxalq ictimaiyyət, dövlət və hökumət başçıları tərəfindən göstərilən hörmət və etibar idi.
     Bu gün Azərbaycan Prezidentinin ortaya qoyduğu bu reallıq dünyanı mövcud olan bu problemdən qorumağa hesablanıb. ”Biz birlikdə güclüyük” devizi təkcə Azərbaycana deyil, dünya birliyinə hesablanmış bir ismarıcdır. Bununla da, Prezident İlham Əliyev dünyaya bir daha sübut etdi ki, Azərbaycan Respublikasının, Azərbaycan xalqının niyyəti həmişə xoşdur, heç vaxt bədxab düşüncələrə qapıla bilməz. Qoy bizi işğalçı kimi qələmə verib torpaqlarımızı zəbt edənlər həmişə utansınlar, Azərbaycan dövlətinin yürütdüyü siyasətin kölgəsində qalsınlar.
     Biz əminik ki, tezliklə dünya dövlətləri birləşərək “Koronavirus” adlı bu bəladan xilas olmaq yolunu tapacaq, dünyamız əvvəlki gözəl günlərinə  qayıdacaq.

Məmmədova Vəfa Akif qızı,
    Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi

Keçidlər