Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlətimizin əsas missiyası yalnız və yalnız Azərbaycan vətəndaşına xidmət etməkdir!

10 iyul 2020 | 16:00

21-ci əsrin 2020-ci ili kağız üzərində rəqəm kimi gözəl görünsə də yəqin ki, dünya tarixinə  "COVİD-19" kimi insan həyatı üçün ciddi təhlükə yaradan bir bəlanın tüğyan etdiyi uğursuz bir il kimi düşəcəkdir. Ölkəmiz də dünyanın bir parçası olaraq hal-hazırda bu bəla ilə mübarizə aparmaqdadır. "COVİD 19" virusunun Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilməsindən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən çevik şəkildə ciddi tədbirlər həyata keçirilməyə başlandı. Məhz cənab İlham Əliyevin sərəncamı ilə pandemiyaya qarşı effektiv mübarizə aparmaq məqsədilə Operativ Qərargah yaradıldı. Vətəndaşların virusdan qorunması üçün xüsusi karantin rejiminin tətbiqi zamanı əhalinin aztəminatlı təbəqəsinin müxtəlif müavinətlərlə təmin edilməsi, virusa yoluxmuş xəstələrin müalicəsi üçün tibbi ləvazimatların alınıb ölkəyə gətirilməsi, modul tipli xəstəxanaların tikintisinə başlanılması məhz Azərbaycan Prezidentinin uzaqgörə siyasəti nəticəsində həyata keçirilən vacib tədbirlərdən idi. Məhz bu görülən işlərin nəticəsində ölkəmiz dünya ölkələri içərisində pandemiyaya qarşı daha az itkilərlə mübarizə aparan ölkələr sırasındadır.                                 
İyulun 6-da Bakı şəhərində Fövqəladə Hallar Nazirliyinin Tibbi Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışı zamanı ölkə başçısı cənab İlham Əliyev qeyd etmişdir ki, hal-hazırda koronaviruslu xəstələrə xidmət göstərən 45 xəstəxanadan 36-sı son illərdə mənim sərəncamımla inşa edilmişdir. O, əlavə etmişdir ki, fevral ayında testlərin aparılması üçün yalnız 6 laboratoriya olduğu halda indi 29 laboratoriya fəaliyyət göstərir və daha 15 yeni laboratoriya sifariş edilib. Bununlada laboratoriyaların sayı 44-ə çatdırılacaqdır. Prezident İlham Əliyev eyni zamanda qeyd edib ki, indiyədək 500000-dən çox test aparılıb və bu göstəriciyə görə Azərbaycan dünya ölkələri arasında 40-cı yerdədir.                               
Bütün bu qeyd olunanlar onu deməyə əsas verir ki, memarı Ümummilli Lider Heydər Əliyev olan müasir Azərbaycan sosial dövlətdir və bu dövlətin missiyası yalnız Azərbaycan vətəndaşına xidmət etməkdir. Belə qənaətə gəlmək olar ki, ölkə prezidenti cənab İlham Əliyev məhz Ulu Öndər Heydər Əliyev dühasının işığında Azərbaycan xalqını daha xoşbəxt günlərə aparacaqdır.

Ələddin Əhmədov - Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi

Keçidlər