Qarabağ adlı bir günəş doğacaq!...
İyulun 12 də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Tovuz rayonunun Ağdam kəndində ordumuzun mövqeyinə artilleriya atəşi ilə hücuma keçməyə cəhd etmişdir. Həmişəki kimi ermənilər yenə öz məkirli əməllərinə əl atmışlar. Buna baxmayaraq, düşmənin hücumunun qarşısı rəşadətli ordumuz tərəfindən qətiyyətlə alınmışdır. Düşmənin hücumunun qarşısı alınarkən Azərbaycan ordusunun 4 hərbiçisi həlak olmuşdu. Azərbaycan ordusu düşmənə güclü zərbələr endirdi və şəhidlərimizin qanı artıqlaması ilə alındı. Son illər Dağlıq Qarabağ danışıqlarında iflasa uğrayan Ermənistanın indiki rəhbərliyi çirkaba batan xalqının fikirlərini müxtəlif istiqamətə yayındırır. Azərbaycan Respublikasının Prezidentinin apardığı uğurlu siyasəti Paşinyanı çarəsiz vəziyyətə salıb. Öz xalqı qarşısında gözdən düşən Ermənistan rəhbərliyi xalqını inkişafa yox, süquta doğru aparır. Beynəlxalq təşkilatlarda Azərbaycanın nüfuzunun artması, Azərbaycan Ordusu gücünün 2016-cı il aprel döyüşlərində düşmənə göstərməsi, Azərbaycan xalqının ordumuza dəstəyi, Qarabağ uğrunda canından keçmək istəyən hər bir azərbaycanlının sayının günü-gündən artması, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi sözsüz düşməni narahat etməyə bilməz! Bu səbəblərdən Azərbaycanın inkişafını min bir bəhanəylə ləngitməyə çalışır. Tarix boyu erməni hiyləsinə rast gələn xalqımız bunlara artıq yol verməyəcək. İnşaallah ölkə rəhbərinin uğurlu siyasəti nəticəsində acılı günlərimizin sonuna az qalıb. İnanırıq ki, yaxın zamanlarda Azərbaycanın səması üzərində Qarabağ adlı bir günəş doğacaq.
Gülnar Həsənova,
Xocalı şəhər 1 saylı tam orta məktəbin müəllimi