SUYUN QƏDRİNİ QUYU QURUYANDA BİLMƏYƏK
Odlar diyarımız Azərbaycan yeraltı və yerüstü sərvətlərlə zəngindir. Buna görə də daim yadelli işğalçılar torpaqlarımıza həsəd aparıblar. Bunun nəticəsidir ki, dilbər guşəmiz Qarabağ erməni quldurlarının işğalı altındadır. İndi Qarabağın bütün sərvətlərini mənfur qonşularımız talayır. Bu sərvətlərimiz içində gursulu çaylarımız, şəfalı bulaqlarımız, təsərrüfat əhəmiyyətli su anbarlarımız və göllərimiz də var. Məlumdur ki, mənfur qonşularımız Azərbayana qarşı ekoloji vandalizm siyasəti də həyata keçirir. İşğal altında qalan çaylarımız zəhərli tullantılarla çirklədilir. Erməni vandalları şəfalı sularımızı xarici ölkələrə satır, su ehtiyatlarımızdan özləri üçün istifadə edir və cəbhə rayonlarından keçən çayların axınını dəyişirlər. Belə olan halda minlərlə hektar əkin sahələrimiz susuzluqdan əziyyət çəkir.
Ölkəmizdə olan su ehtiyyatlarını qorumaq və ondan düzgün istifadə etmək çox vacibdir. Azərbaycanda su ehtiyyatları, çaylar, kanallar və süni anbarları çoxdur. Su resurslarından düzgün istifadə edilmədiyi üçün hazırda su çatışmazlığı fermərləri narahat edən aktual məsələdir. Bəzi bölgələrimizdə vətəndaşlar içməli su çatışmazlığından əziyyət çəkir.
Ölkə başçısı vətəndaşlarımızın sağlamlığı və ölkə iqtisadiyyatının davamlı inkişafı üçün su problemlərinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsini prioritet sahələrdən biri kimi diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilmiş müşavirədə bu sahədə yaranmış problemləri təhlil etdi, mövcud nöqsanlara görə “Azərsu” ASC-yə, "Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətinə və digər aidyyəti qurumlara öz iradını bildirdi. Cənab Prezident müşavirədə bildirdi ki, Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir. Bu, doğrudan da tarixi nailiyyətdir. Biz bunu, ilk növbədə, insanların sağlamlığı, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı üçün etmişik. Ancaq bununla bərabər, bu rəqəmlər onu göstərir ki, biz istədiyimizə tam nail ola bilməmişik. Buna görə bundan sonra içməli su layihələri, meliorasiya layihələri bizim gündəliyimizdə ən vacib məsələlər kimi duracaq. Bugünkü müşavirənin əsas məqsədi odur ki, bu sahədə buraxılmış səhvlər, mövcud çatışmazlıqlar bundan sonrakı illərdə aradan qaldırılsın, vahid idarəetmə mexanizmi işlənib təqdim edilsin və biz ardıcıl olaraq qısamüddətli, ortamüddətli və uzunmüddətli fəaliyyət planımızı icra edək. Bunun nəticəsində Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır.
Prezident çıxışının sonunda qeyd etdi ki, necə ki, enerji təhlükəsizliyi məsələləri həll olundu, nəqliyyat təhlükəsizliyi məsələləri həll olundu. İndi biz ərzaq təhlükəsizliyi məsələlərinin həllinə yaxınlaşırıq. Su təhlükəsizliyi məsələləri də öz həllini tapmalıdır. Dövlət başçısı su ehtiyyatlarından səmərəli istifadə edilməsi məqsədilə “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən planlı işlər görülməsi üçün tapşırıq verdi.
Artıq məlumdur ki, dünyada su ehtiyyatları gündən-günə azalır. Su həyatdır. Suyu israf etmək isə günahdır. Düzgün istifadə edilməklə su problemlərini həll etmək olar. Suvarma kanallarının torpaq məcralarının yenidən qurulması su itkilərinin qarşısını ala biləcək addımlardan biridir. Suvarmada müasir texnologiyalardan istifadə olunması və digər tədbirlərin həyata keçirilməsi zəruridir. Ancaq aidiyyəti sturukturların sistemli işlər görməsi ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalı, suyun israfına yol verməməlidirlər. Suyun qədrini quyu quruyanda bilməmək üçün, hər damcısının dəyərini bilməli, ondan səmərəli istifadə etməliyik.
Qalib Quliyev,
"Xocalının səsi" qəzetinin redaktoru