Ölkədə yaranmış hərbi vəziyyətə əməl etmək hər birimizin vətəndaşlıq borcudur!
Dağlıq Qarabağ - əzəli tarixi Azərbaycan torpağı. İllərlə, əsrlərlə taleyinə qara günlər yaşamaq qismət olub.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub. Onun nəticələri milyonlarla insanın taleyinə mənfi təsir göstərib. Erməni tərəfi Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları ilə təcavüz edərək 20 faiz ərazimizi işğal altına almışdır. Ərazisinə, əhalisinə qarşı misli görülməmiş vəhşiliklər edən ermənilər illərdir problemin həllini əngəlləyir, siyasi-hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışır. Bugün Dağlıq Qarabağ bütün dünyada rəsmən Azərbaycan ərazisi kimi tanınsa da bir çox dünya ölkələri Qarabağın erməni işğalında qalmasına göz yumur. İllərdir aparılan danışıqlar fayda vermir. Hər bir səbrin sonu vardır. Azərbaycanında səbri artıq tükənmişdir. Xalq öz ərazi bütövlüyünü təmin etmək məqsədilə son addımı atmağa məcbur olmuşdur.
Heç vaxt müharibə arzulamayan xalqımız işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda mübarizəyə qalxıb. Bir neçə gündür düşmən təxribatlarına cavab olaraq ordumuz geniş miqyaslı əks-hücum əməliyyatları həyata keçirilir. Erməni silahlı qüvvələri artıq neçə gündür ağır artilleriyalardan istifadə etməklə yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutur. Hücumlar nəticəsində həm hərbiçilərimiz, həm də mülki şəxslərimiz arasında ölən və yaralananlar vardır. Ermənistanın Azərbaycan Respublikasına qarşı silahlı hücumlar və hərbi təxribatlar törətməsilə əlaqədar olaraq Prezidentimiz İlham Əliyev tərəfindən 2020-ci il 28 sentyabr saat 00:00-dan ölkəmizin bütün ərazisində hərbi vəziyyət elan edilməsi ilə bağlı fərman verilmişdir. Ərazisi illərdir işğal olunmuş, özü minbir əzab-əziyyət çəkən xalq bugün ölkə başçısının verdiyi hər bir qərarı dəstəkləyir.
Uşaqdan böyüyə qədər hər bir vətəndaşımız torpaqları işğal olunmuş, özü hərb meydanına çevrilmiş Azərbaycan üçün səfərbər olmuşdur.
Möhtərəm Prezidentimizin müdrik siyasəti nəticəsində qeyrətinə güvənib bel bağladığımız vətən oğullarımız xalqımızı illərdir düçar olduğu Qarabağ dərdindən xilas edəcəklər. Ədalət gecdə olsa qələbə çalacaq!
Şahilə Zeynalova,
Xocalı rayon ziyalısı