Şriftin ölçüsü :

Saytın rəngi :

Prezidentimizin qətiyyəti həm ön cəbhədə döyüşən əsgər və zabitlərimizə, həm də xalqımıza böyük ruh yüksəkliyi verir

15 oktyabr 2020 | 16:00

Artıq 20 gündür ki, ölkəmiz müharibə şəraitində yaşayır. Rəşadətli Ordumuz erməni silahlı dəstələrinə qarşı vuruşaraq böyük qəhrəmanlıqlara imza atır. Sözün əsl mənasında Azərbaycan əsgəri bir qəhrəmanlıq tarixi yazaraq böyük şücaət göstərir. Bu müddət ərzində strateji əhəmiyyət kəsb edən yüksəkliklər və xeyli sayda yaşayış məntəqələrimiz işğaldan azad edilmişdir. Müzəffər ordumuz saatbasaat, günbəgün irəliləyərək yeni-yeni ərazilərimizin azad olunması üçün uğurlu hərbi əməliyyatlar həyata keçirir. Döyüşlər zamanı ermənilərin çoxlu sayda silah-sursatı məhv edilmiş, yaxud da hərbi qənimət kimi ələ keçirilmişdir. Eyni zamanda, düşmənlərimiz canlı qüvvə sarıdan da xeyli itkilər vermişdir. Beləliklə, Azərbaycan Ordusu bütün cəbhə xətti boyu hərbi üstünlüyə yiyələnmişdir. Biz ordumuzun bu qəhrəmanlıq salnaməsindən qürur və fərəh hissi keçirir, bu yolda rəşadətli oğullarımıza uğurlar arzulayırıq. Həmçinin, Ali Baş Komandan Cənab İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunması üçün göstərdiyi iradə bizi çox sevindirir. Prezidentin bu qətiyyəti həm ön cəbhədə döyüşən əsgərlərimizə, həm də arxa cəbhədə ordumuza hər tərəfli dəstək olan xalqımıza böyük ruh yüksəkliyi verir. Prezident İlham Əliyev öz çıxışlarında qeyd edir ki, Azərbaycanın bu işi haqq işidir. Çünki Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi uğrunda müharibə aparır. Heç kəsin torpağında bizim gözümüz yoxdur. Ancaq buna baxmayaraq, dünyada hələ də ikili standartlara yol verilir. Birləşmiş Millətlər Təşkilatının Azərbaycan haqqında qəbul etdiyi qətnamənin qərarları yerinə yetirilmir. ATƏT - in Minsk qrupunun fəaliyyəti yarıtmazdır. Fransa və Rusiya kimi dövlətlər Minsk qrupunun rəhbəri kimi münaqişənin ədalətli həllinə çalışmaqdansa, Ermənistana hərbi yardımlar göstərərək onu silah-sursatla təchiz edir. Bu, beynəlxalq cinayətdir, ədalətsizlikdir. Erməni hərbi birləşmələri bu dəstəkdən ruhlanaraq Azərbaycanın şəhər və kəndlərini müntəzəm olaraq raket atəşinə tuturlar. Mülki obyektlərimiz hədəfə tuş gəlir. Evlər dağıdılır. Dinc sakinlərimiz yaralanır və həlak olurlar. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan tərəfindən raket atəşinə məruz qalması bunun bariz nümunəsidir. Bütün bunlar erməni vandallarının törətdiyi müharibə cinayətidir. Müharibənin də öz qanunları var. Dinc, əliyalın insanlara atəş açılmaz. Ancaq erməni silahlıları öz havadarlarına arxalanaraq Cenevrə konvensiyasının bütün şərtlərini pozaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə məruz qoyurlar. Ancaq buna baxmayaraq, xalqımız ruhdan düşmür, öz Ali Baş Komandanı İlham Əliyevin və ordumuzun arxasında möhkəm dayanaraq ona öz dəstəyini ifadə edir. Biz inanırıq ki, tezliklə müzəffər Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı erməni işğalçılarından azad edəcək, üçrəngli zəfər bayrağımız müqəddəs yerlərimizdə - Şuşada, Laçında, Kəlbəcərdə və digər ərazilərimizdə dalğalanacaq. Ulu tanrı bu haqq işində dövlətimizə, prezidentimizə və ordumuza yardımçı olsun.
     Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!
     Fərhad Gülməmmədov,
     Xocalı şəhər 2 saylı tam orta məktəbin müəllimi

Keçidlər