Şriftin ölçüsü :

Saytın rəngi :

XOCALILARIN BÖYÜK ZƏFƏR SEVİNCİ

10 noyabr 2020 | 16:00

Cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin xoş müjdəsi xocalıları da sevindirir, duyğulandırır. Böyük Zəfər müjdəsini eşidən xocalılar axşam saatlarından bayram şənliyi keçirirlər. Qələbə münasibətilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində kompakt şəkildə müvəqqəti məskunlaşan xocalılar avtoyürüş təşkil etdilər. Tədbir iştirakçıları əvvəlcə qəsəbədə ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət edərək abidə önünə qərənfillər düzdülər. Şəhidlərimizin əziz ruhu yad olundu. Müzəffər Azərbaycan Ordusu Xocalı soyqırımında cinayətlər törətmiş erməni quldurlarını məhv etdi, torpaqlarımızı yağı tapdağından təmizlədi. Bu gün şəhidlərimizin ruhları da rahatlıq tapır.
     Sonra avtoyürüş Şanlı Azərbaycan və Türkiyə Bayraqları ilə qəsəbənin girəcəyindəki Bayraq Meydanına qədər davam etdi. Yol boyu səsləndirilən şüarlara qəsəbə sakinləri də qoşuldular. Bayraq Meydanında şəhidlərimizə ucaldılmış xatirə lövhəsi önündə çıxışlar oldu. Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Xocalı Publik Hüquqi şəxsin direktoru Aqil Məmmədov, Xocalı RTŞ-nin müdiri Şakir Əliyev, rayon ağsaqqalı Şükür Bəşirov çıxış edərək öz sevinc hislərini bölüşdülər, ölkə başçısı Cənab İlham Əliyevə, Rəşadətli Ordumuza minnətdarlıqlarını bildirdilər. Qeyd edildi ki, bu şanlı gün Ulu öndərimiz Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin uzaqgörən, qətiyyətli siyasəti nəticəsində, Azərbaycan Ordusunun hünəri sayəsində mümkün olmuşdur. Azərbaycan dövlətini güclü edən xalqımızın həmrəyliyi və ölkə başçısı ətrafında sıx birləşməyimizdir. Müstəqil Azərbaycan bundan sonra daha da güclənəcək, çiçəklənəcəkdir.

Keçidlər