QARABAĞ ZƏFƏRİ
QARABAĞ AZƏRBAYCANDIR! Məqaləni bu hər şeydən qiymətli, hər zaman arzulanan kəlmələrlə, cümlə ilə başlamağım ən gözəl bir zərurətdir, ən dəyərli reallıqdır. Çünki sentyabr ayının 27-dən öncə yazılan hər bir vətənpərvər yazıda, keçirilən hər bir toplantıda, ən xoş günlərimizdə və ağır-çətin anlarımızda ən böyük və ən son arzumuz Qarabağın-ata,baba yurdumuzun bizim olması, o cənnət Vətən torpağının azad olunması, bu günləri görməyimizi, yaşamağımızı arzulamaq idi. İndi bu arzular reallıqdır, gerçəkləşib və mən bir azərbaycanlı, bir Xocalı sakini kimi bu məqaləni yazdığım anda, bu Qələbə müjdələri bölüşən, sevincləri paylaşan sətirləri yazarkən ən xoşbəxt anları yaşayıram!
İlk öncə bu xoşbəxtliyi bizlərə yaşatdıqları üçün Möhtərəm, Müzəffər Ali Baş Komandanımıza və Onun rəhbərliyi altında həm döyüş cəbhəsində, həm informasiya, həm də siyasət cəbhəsində Prezidentimizə dəstək olan hər bir əsgərə, zabitə, məmura, siyasətçiyə, jurnalistə, bir sözlə QALİB VƏTƏNDAŞLARA öz təşəkkürümü bildirirəm! ULU ÖNDƏRİMİZİN və azadlıq yolunda canını qurban vermiş şəhidlərimizin ruhu qarşısında təkrar-təkrar baş əyirəm, onların ruhlarının şad olması, məkanlarının cənnət olması üçün dualar edirəm!
Şuşa-Azərbaycanın qədim insan məskənlərindən, yurd yerlərindən biri olan Qarabağın incisi, baş tacı, qüdrətli dağların zirvəsində yerləşən qiymətli və alınmaz qalamız, şərəfimiz, şanımız, Azərbaycanın mədəniyyət beşiyi, konservatoriyası olan şəhərimiz! Möhtərəm Prezidentimizin “Qarabağ Azərbaycandır!” cümləsindəki nida işarəsinin hiss-həyəcanını kəsb edən Zəfər Zirvəmiz! Şəxsən mənim üçün ilk dəfə dünyaya göz açdığım, iməkləyib-süründüyüm, ilk qədəm basdığım, hər bir küçəsinə, döngəsinə, dalanına, yağış yağanda işım-işım işıldayan daş döşəli yollarına bələd olduğum, 28 il yarım vaxt ərzində hər saniyə arzularımın önündə gələn, hər bir daşına, qumuna-çınqılına, torpağına, havasına qurban olduğum Vətənim! Mənim Məkkəm, Mədinəm, qibləm, müqəddəs Şəhərim! Sənsiz necə yaşamışıq? Yaşamışıqmı? Cavab birdir:Xeyr! Hər bir təsvirinə, foto-şəklinə, video-təsvirlərinə baxanda gözümüz dolurdu. İndi sənli günlərimizə dönürük, evimizə dönürük, xoşbəxt anlarımıza dönürük-Vətənimizə qayıdırıq! İndi sən azadsan-Şuşam!
Bu Qələbəni, bu sevinci bizə yaşadan isə polad iradəli Ali Baş Komandanımızın uzaqgörən və məqsədyönlü siyasəti, Şanlı, Müzəffər Ordumuzun cəsarəti və tarixin özü qədər ulu olan Xalqımızın milli birliyidir. Nəzərə almaq lazımdır ki, biz təkcə erməni ekstremizminə, erməni faşizminə qarşı mübarizə aparmırdıq, eyni zamanda dünya ermənipərəstliyinə, terrorizmə dəstək olan ikiüzlü “fövqəldövlətlərə”, erməni amilini əlində oyuncaq edib təsir mexanizmi kimi alətə çevirən dövlətciklərə və milliyyəti bəlli olmayan, muzd qarşılığında öz millətinə, ailəsinə dönük çıxmış insanabənzərlərə-terroristlərə qarşı mübarizə apardıq və qalib gəldik. Ulu tanrı bu birliyi, bu gücü, dövlətimizi hər zaman qorusun və müzəffər etsin!
Bir məsələ var ki, xüsusi olaraq fikirləşməliyik, qiymətləndirməliyik. Möhtərəm Prezidentimizin Şuşa Zəfərini Ulu Öndərin məzarını və Şəhidlər Xiyabanımız kimi müqəddəs and yerlərimizi ziyarət etdikdən sonra bəyan etməsi xüsusilə təqdirə layiqdir. Mən bir ziyalı və bir tarix müəllimi kimi bunu təkcə oğulun ata vəsiyyətinə sədaqəti kimi dəyərləndirmirəm, eyni zamanda güclü bir Prezidentin özündən əvvəlki dövlət, xalq rəhbərinə, onun siyasətinə olan sədaqəti və layiqli davamçının siyasətinin şanlı zirvəsi hesab edirəm. Bu dəyər dövlət olaraq bizə qazandığımız qələbələrdən daha çox lazımdır. Bu 44-45 gün ərzində Möhtərəm Prezidentimiz təkcə Ali Baş Komandan olmadı, eyni zamanda birinci əsgər oldu, birinci informasiya jurnalisti oldu, birinci vətənpərvər, ən böyük Qarabağlı oldu!
Əgər həqiqi mənada əsrə bərabər gün varsa, o günlər məhz bizim xalqımız üçün “Vətən müharıbəsi” kimi tarixdə yerini tutacaq 44-45 gündür. Xalqımızın birliyi həm Ali Baş Komandanımıza, həm də Şanlı Ordumuza stimul verdi. Məhz bu birlik sayəsində Müzəffər Ordumuz sanki hərbi təlimlərdə iştirak edir kimi, canından-qanından qorxmayaraq, düşməni qısa müddət ərzində darmadağın etdi, Ali Baş Komandanın və komandirlərin əmrlərini vaxtında və layiqincə yerinə yetirərək dünya ordularında hərbi dərsliklərə salınacaq master-klas keçdi və düşməni ədalətli, bizim üçün isə şərəfli sülhə imza atmağa məcbur etdi. Dünya üçün yeni nəsil döyüş üsullarından istifadə edərək ilahi ədaləti bərqərar etdi. Yaşasın Qarabağımızı azad edən Müzəffər Ordumuz! Yaşasın bu Orduya və Dövlətimizə rəhbərlik edib uğurlara və şərəfli sülhə imza atan Dahi Sərkərdəmiz, Ali Baş Komandanımız, Möhtərəm Prezidentimiz! Yaşasın Şəhidini Uca Bayrağına büküb sinəsində basdırıb, “Təki Vətən azad olsun. Biz hamımız bir nəfər kimi Qarabağlıyıq.” deyən Ulu Xalqımız! Sən isə rahat uyu, Şəhidim! Ruhun şad olsun! Bu torpaqları bir daha qanınla sulayıb biz və bizdən sonrakı nəsillər üçün Vətən olduğunu isbat etdin bütün dünyaya!
44-45 günlük “Vətən müharibəsi”-II Qarabağ müharibəsi xalqımızın qələbəsi ilə başa çatdı və QARABAĞ AZƏRBAYCANDIR!
Ramin Məhərrəmov,
Xocalı rayon ziyalısı