Prezidentimizin Böyük Qələbə müjdəsi
Artıq bu gün hər bir Azərbaycan vətəndaşının, Azərbaycanı sevən hər kəsin sevinci, qəlbində keçirdiyi qürur hissi eynidir. Hər birimiz kiçikdən-böyüyə Qələbə sevincini yaşayırıq. Bu günə qədər bütün dünya 10 Noyabr tarixini Dünya Elm Günü kimi qeyd edirdi. Lakin biz Azərbaycan xalqı bu günü həmişə Elm Günü ilə yanaşı, həm də tarixi Qələbə Günü kimi qeyd edəcəyik. Bu qələbəni biz elmimizlə, biliyimizlə, gücümüzlə əldə etdik. Nəhayət, Azərbaycan xalqının 30 ildən bəri intizarla gözlədiyi xoş xəbər gəldi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzun illərdən bəri apardığı məqsədyönlü işlər, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verdi. 10 Noyabr 2020 - ci il Azərbaycan tarixinin şanlı səhifəsinə Qələbə Günü qızıl hərflərlə yazıldı. Məhz bu gün Azərbaycanın rəşadətli ordusunun düşmənin “yenilməz ordusu “üzərində möhtəşəm qələbəsi təmin olundu. Ermənistan tərəfi məğlubiyyətini etiraf etməyə məcbur oldu. Azərbaycan ordusu bu missiyanın öhdəsindən layiqincə gəldi. Bir zamanlar xəyalını qurduğumuz yurd yerləri artıq bizimdir.
Cənab Prezidentimiz bu sevinci bizimlə birgə yaşadı. Azərbaycan xalqına müraciət edərək bildirdi ki, “Bu gün tarixi bir gündür. Bu gün Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Mən noyabrın 8-də Şuşanın azad edilməsi ilə əlaqədar xalqıma müjdə verərkən bildirmişdim ki, şəhidlərin ruhu qarşısında baş əyirəm. Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin”. Bu müraciət 30 ildə gözlədiyimiz ən möhtəşəm bir çıxış idi.
Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı. Əksinə, daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik. 44 gün davam edən müharibə Azərbaycanın qələbəsi ilə başa çatdı. “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi oldu. Bəli, bu gün qürur hissi ilə deyə bilərik ki, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Qubadlı, Kəlbəcər, Zəngilan və bütün Qarabağ bizimdir. Qarabağ Azərbaycandır! Eşq olsun Ali Baş Komandanımıza. Eşq olsun Azərbaycan xalqına. Eşq olsun Azərbaycanın yenilməz ordusuna. Yaşasın Azərbaycan!
Sevda Məmmədova,
Xocalı rayon sakini