Xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları qəsəbələrdə şəhidlərimizin xatirəsi yad edildi
Vətənimizin ərazi bütövlüyü uğrunda on minlərlə igidlərimiz könüllü döyüşlərə atıldı. Sinəsini Vətənə sipər edən yüzlərlə mərd oğullarımız qazi və şəhid oldular. Biz onların hünəri, şücaəti sayəsində torpaqlarımızı işğaldan azad edə bildik. Şəhidlərimizin müqəddəs ruhu daim Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Bizə Böyük Zəfərin sevincini yaşadan, qəhrəmanlıq salnaməsi yazan igidlərimiz xalqımızın yaddaşına əbədi həkk olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncamına uyğun olaraq bu gün saat 12:00-da Respublikasımızın bütün bölgələrində Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bu münasibətlə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində də anım mərasimi keçirildi. Mərkəzi küçələrdə avtomobillərin hərəkəti dayandırıldı. Qəsəbə sakinləri şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Şəhidlərimizin ruhuna Allahdan rəhmət dilədilər.
Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirib. 44 gün davam edən müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb və 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlar azad edilib. Beləliklə, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı hərbçilərimizə şəfa versin!