Şriftin ölçüsü :

Saytın rəngi :

Arzuladığı ucalığa qovuşan şəhid kəşfiyyatçı

08 dekabr 2020 | 16:00

Vətənin sinəsinə çəkilən çarpaz yara, alnımızdan xəcalət ləkəsi ancaq yenilməz xalqın həmrəyliyi, Ali Baş Komandanımızın qətiyyəti və igid oğullarımızın hünəri sayəsində götürülə bilərdi. 27 sentybr 2020-ci il 44 gün davam edərək sonu Böyük Zəfərlə yekunlaşan qalibiyyət yolunun başlandığı gün kimi tarixə düşdü. Döyüşlərin ilk günlərindən məhv edilən ermənilər qaçmağa başladılar. Hər gün Cənab Prezident topraqlarımızın alınması müjdəsini tvitlərlə, çıxışları ilə xalqımıza çatdırdı. Xalq olaraq qələbəyə kökləndik. Eyni zamanda qızğın döyüşlər davam edirdi. Düşmən bir qayda olaraq silah-sursatlarını döyüş meydanında qoyub qaçır, ancaq uzaqdan artilleriya silahları ilə atəş açırdı. Qanı bahasına torpaqlarımızı azad edən, yeni qəhrəmanlıq salnaməsində imzası olan igidlərimizdən biri də kəşfiyyatçı Əlizamin Ramazanlıdır.
     Ramazanlı Əlizamin Umud oğlu 2000-ci il mayın 9-da Bərdə rayonu Şirvanlı kəndində anadan olub. Əslən Xocalı rayonunun Kosalar kəndindəndir. Onun doğum günü ata yurdunun işğalı ilə eyni günə düşürdü. Əlizamin 2006-cı ildə Şuşa rayon 19 nömrəli tam orta məktəbinin 1 sinfinə gedib, 2017-ci ildə həmin məktəbi bitirib. 2017-ci  il iyulunda Sərhəd qoşunlarında hərbi xidmətə başlayıb, 2019-cu il il yanvarında hərbidən tərxis olunub.
     Əlizamin  uşaqlıqdan Vətən, Ana sözlərini dilində əzbər etmişdi. O, uşaq  yaşlarından igid kimi böyüyürdü. Əlizamin əsgər olarkən hər zaman Vətənin keşiyində layiqincə durmağı özünə borc bilib. Valideynlərinə mən hərbi xidməti bitirsəm də, yenidən Vətənimin keşiyində durmağa qayıdacağam deyirdi. Əlizamin evin tək oğlu idi. Valideynləri evin tək oğlu olduğu üçün bu iş çətin yoldur desə də, Əlizamin razı olmayıb. Vətənpərvər gənc valideynlərinə mən hərbçi olacağam deyərək 2020-ci il fevralın 13-də Sərhəd Qoşunlarında kəşfiyyatçı Gizir kimi işə başlayıb.
     Əlizamin anasından kiçik yaşlarından yaxın qohumu “Azərbaycanın Milli Qəhrəmanı” Tabil Həsənovun döyüş yolunu tez-tez soruşardı. “Qırxqız qartalı” ləqəbli Tabil Həsənov onun üçün qəhrəmanlıq məktəbi olub. Əlizamin Tabil Həsənovun qəhrəmanlıq hekayələri ilə böyüyüb, vətənpərvər gənc kimi yetişib. Onun döyüşkən ruhu Tabil Həsənovun qəhrəmanlıq dastanı ilə yoğrulmuşdu.
     Anası ilə danışanda məndən narahat olmayın, ən ağır silah sənin oğlundadır deyərək arxayın edərdi. Ana, sadəcə onu bil ki, hər şey Vətən üçündür. Əlizamin hər zaman ailəsi ilə danışanda onun son sözləri mən yaxşıyam, təki siz yaxşı olun, təki Vətən sağ olsun sözləri olardı. Xocalıya bayrağımızı özüm sancacağam deyərdi. Görmədiyi ata yurdu Xocalının Kosalar kəndində bayrağımızı qaldırmaq ən böyük arzusu idi.
     Xüsusi Təyinatlı Qüvvələrdə işlədiyi üçün necə işlədiyini, nələr etdiyi haqqında danışmazdı. Çünki həmişə deyərdi ki, kəşfiyyatçı görünmədən görmək, ölmədən dönməkdir. Əzizləri ilə danışanda qürurla Xüsusi Təyinatlı Qüvvələrdə işləmək hər oğulun işi deyil söyləyərdi. Doğrudan da belədir. Əlizamin Tovuz döyüşlərində də igidliklə döyüşərək məharətini göstərib. 
     Sentyabr ayının əvvəlində ailəsi ilə görüşə gəldikdə anasına papağını, atasına isə ətrini hədiyyə edib. Əlizamin sanki şəhid olacağını bilirmiş kimi vidalaşıb evdən çıxarkən. Son görüşündə ana, gəl şəkil çəkdirək, bu şəklimizi xatirə saxlayarsan deyərək evdən ayrılıb.
     Sonra Füzuli istiqamətində döyüşlərə qatılıb. Şəhid olduğu gün isə iş yoldaşını maşından düşürərək erməni öldürməyə mən gedəcəm deyib. Komandir isə Əlizaminə sən yeni gəlmisən, gözlə desə də, o xahişində təkidli olub. Oktyabr ayının 9-u Hadrut uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
     Əlizaminin komandiri deyir ki, o, komandanın göyərçini gözündən vuran ürəyi idi. Ramazanlı hansi döyüşə gedərdisə iş yoldaşları bizə qorxu yoxdur deyərmiş. Əlizaminin uşaqlıqdan idmana böyük həvəsi vardı. O, idmanla məşğul olurdu. Çevikliyi, cüssəsi ilə sanki kəşfiyyatçı olmaq üçün doğulmuşdu.
     Əlizamin kimi igidlər Qarabağ Azərbaycandır deyərək qanları ilə tarix yazdılar. İndi bütün şəhidlərimizin ruhu rahat uyuyur və şaddır. Çünki onların müqəddəs mübarizəsi qələbəmizlə yekunlaşdı. Qarabağı yağı tapdağından azad etdik. Biz şəhidlərimizi daim yaşatmalı, onların uca məqamı ilə fəxr etməliyik.
     Şəhidimiz Bərdə şəhəri Şirvanlı kənd qəbiristanlığında dəfn edilib.
     Subay idi.
     Ruhu şad olsun!

Keçidlər