Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalıdan olan Vətən Müharibəsi iştirakçısına yüksək vəzifə verildi

20 fevral 2021 | 16:00

Prezident İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında müvafiq Fərmanına əsasən, Xocalı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə Quliyev Şəhriyar Xudayar oğlu təyin olunub.
     Qeyd edək ki, elə dünyaya göz açdığı dövr də müharibə dövrünə təsadüf edən həm Aprel döyüşlərinin, həm də Vətən müharibəsinin iştirakçısı olan Quliyev Şəhriyar Xudayar oğlu 1992-ci il sentyabrın 28-də Bərdə şəhərində anadan olmuşdur.
     Uşaqlıq illəri məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Gəncə şəhər Hacıkənd qəsəbəsində keçən Şəhriyar 1999-cu ildə elə həmin qəsəbədə fəaliyyət göstərmiş Xocalı rayon Yaloba kənd tam orta məktəbində ilk təhsilini almışdır. 2011-ci ildə Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. 2015-ci ildə universiteti bitirdikdən sonra Vətənə olan borcunu ödəmək üçün hərbi xidmətə yollanan Şəhriyarın xidmət dövrü 2016-cı il Aprel döyüşlərinə təsadüf edir. Döyüşlərdə topçu kimi fəaliyyət göstərir. Öz yoldaşları ilə çiyin-çiyinə bir çox çətinliklərin öhdəsindən gəlir.
     2020-ci ilin iyun ayında baş verən Tovuz döyüşləri zamanı erməni faşistlərinin etdikləri azğınlığa dözə bilməyən Şəhriyar könüllü olaraq döyüşlərdə iştirak etmək üçün qeydiyyatdan keçir. Ata-babalarının qisasını almaq, görmədiyi yurd-yuvasına qovuşmaq arzusu ilə alovlanan Şəhriyar qəlbini ancaq bu yolla sakitləşdirə bildi. Hər gün döyüşə getmək arzusu ilə Səfərbərlik xidmətindən zəng gözləyərkən sentyabrın 28-i 28 yaşı tamam olan gün sanki ona hədiyyə kimi bir zəng gəlir. Böyük həvəslə ailəsilə halallaşıb Vətənin keşiyini çəkməyə yola düşür. Oktyabrın 3-dən  21-ə qədər  ön cəbhədə Tərtər-Ağdərə istiqamətində döyüşlərdə iştirak edir. Topçu olmasına baxmayaraq piyada kimi döyüşür. Onun döyüş yoldaşları-Xocalıdan olan igidlər birgə Vətən keşiyində durmuş, özlərini Xocalı batalyonu adlandırmışlar. Özünü Vətən torpağına sipər edən Şəhriyar canını heçə sayaraq döyüşür, neçə yaralı silahdaşını döyüş meydanından çıxarır.
     Artıq iki ilə yaxın müddətdir ki, Şəhriyar Xocalı rayon Kosalar kənd icra nümayəndəliyində mühasib işləyir. Ailəlidir. Bir övladı var. Tərbiyəsi, Vətənə bağlılığı ilə seçilən vətənpərvər gəncimiz istər öz yaşıdları, istərsə də digər yaş təbəqəli insanlar arasında sayılıb seçilən bir şəxsiyyətdir. Əlbəttə ki, ona bu Vətən sevgisini aşılayan atası Xudayar müəllimin də onun tərbiyəsində böyük rolu var. Veteran olan Xudayar müəllim Xocalı rayon Yaloba kənd tam orta məktəbində hörmət qazanan riyaziyyat müəllimidir. Qorxmazlığı, igidliyi oğluna da keçən  Xudayar müəllim Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, 8 may Şuşanın işğalı günü Şuşanı tərk etmişdir. İndi onun yolunu oğlu Şəhriyar davam etdirmiş, müharibədə qəhrəmanlıq göstərmişdir.
     Quliyev Şəhriyar Xudayar oğlu, Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin imzaladığı Sərəncama əsasən 26 dekabrda  tərxis olaraq öz doğmalarının yanına qayıtmışdır.

 

Keçidlər