Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Vətən Müharibəsi iştirakçısı vəzifəyə təyin edilib

01 aprel 2021 | 16:00

Prezident İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında müvafiq Fərmanına əsasən, Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində böyük məsləhətçi vəzifəsinə Vətən Müharibəsi iştirakçısı Orxan Məmmədovun təyinatı olmuşdur. Məmmədov Orxan Eyvaz oğlu 1995-ci ilin iyul ayının 20-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub. Xocalı şəhər sakinidir. Xocalı şəhər 4 saylı tam orta məktəbin məzunudur. Orxan 2012-2016-cı illərdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Fizika ixtisasında təhsil alıb. 2016-cı ilin iyul ayında Qusar rayon “N” saylı hərbi hissənin motoatıcı bölüyündə xidmət edib. 2018-ci ilin may ayından Xocalı Rayon Mədəniyyət evinin direktoru vəzifəsində çalışıb. Orxan Tovuz döyüşlərindən sonra könüllü olaraq səfərbərlik xidmətinə müraciət edib. Sentyabrın 21-dən hərbi xidmətə çağırılıb. Vətən Müharibəsi başlayan gündən topraqlarımızın ərazi bütövlüyü urğunda gedən döyüşlərdə öz mübarizliyini, igidliyini göstərib. Talış kəndinin alınmasında, “Ağ uçuq” adlanan ərazinin təmizlənməsində, Suqovuşanın azad olunmasında, Ağdərə istiqamətində gedən döyüşlərdə mərdliklə iştirak edib. Laçın alınan gündən orada xidmətini davam etdirib. Döyüşlərdə tank əleyhinə bölükdə tuşlayıcı vəzifəsində xidmət edib. Ona peka silahı həvalə edilib. Orxan Məmmədovun olduğu bölük “Ağ uçuğ”un götürülməsində iştirak edərkən 1 saata yaxın mühasirədə qalmışdır.
     Cəsur döyüşçümüzün Xocalı soyqırımında atasının bibisi qızı, bibisinin 2 nəvəsi şəhid olmuşdur. Vətən Müharibəsində şəhid olmuş Sənan Miriyev onun atasının bibisi nəvəsidir. Orxan II Qarabağ Müharibəsində şəhidlərimizin qisasını almaq məqsədilə döyüş tapşırıqlarını layiqincə yerinə yetirməyə çalışdı, qorxmaz döyüşçü, igid əsgər kimi tarixə düşdü.
     Orxan Məmmədov deyir ki, döyüşlərdə iştirak etmək qürurvericidir. Şükürlər olsun ki, Ali Baş Komandanın siyasəti nəticəsində, Ordumuzun gücü sayəsində torpaqlarımız işğaldan azad olundu.
     Orxanın xətri rayon sakinlərinə həmişə əzizdir. O, işlədiyi müddətdə ümumrayon tədbirlərinin keçirilməsinin təşkilində fəallıq göstərib. İşgüzarlığı, yüksək mədəniyyəti ilə özünə cəmiyyət arasında böyük hörmət qazanıb. Orxan könüllü olaraq Ordu sıralarına yazılması ilə, haqq savaşımızda igidliklə iştirakı ilə nümunəvi, vətənpərvər gənc kimi bir daha hər kəsin rəğbətini qazanıb. Belə gəncləri olan millət yenilməzdir.
     Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının  təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş əsgər Məmmədov Orxan Eyvaz oğlu “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.
     Vətənə olan borc heç bir zaman bitməz. Orxan Məmmədov da borcunu dərk edərək həvəslə, qürurla şərəfli xidmətinə başlayıb.
     Eşq olsun sənə Vətən oğlu!

Keçidlər