Xocalılar Ulu öndər Heydər Əliyevin ideyalarına və dövlətçilik xəttinə daim sədaqətlə xidmət edirlər
İyunun 15-də Milli Qurtuluş Günü ilə əlaqədar xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad etdilər.
Bəşər tarixində ən dəhşətli soyqırım aktlarından birinə məruzə qalmış xocalılar bu faciənin sarsıntısından sabaha ümidlərini itirmiş vəziyyətdə idilər. Xalqımız nicat yolunu dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Xocalı sakini Şükür Bəşirov da 1992-ci il mart ayının 2-də Ağdamda böyük mitinq zamanı bu çağırışa qoşularaq demişdir ki, əgər Heydər Əliyev hakimiyyətə qayıtmasa, Şuşa, Laçın rayonları da işğal oluna bilər. Zaman Şükür Bəşirovun haqlı olduğunu sübut etdi. Səriştəsiz rəhbərlərin ucbatından torpaqlarımız işğala məruz qaldı.
Dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıdışından sonra ölkəmizin üstündəki qara buludları götürdü, qısa zamanda dövlət quruculuğu prosesinə start verdi. Ölkədə sabitlik yaranmağa başladı. Bu uğurlu yolda Heydər Əliyevin xocalılara olan qayğısı Xocalı sakinlərinin yaralarına məlhəm olaraq onların ağrı-acısını səngitdi. Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar 24 fevral 1996-cı ildə Prezident sarayında Xocalı sakinlərinin bir qrupu ilə görüşən Azərbaycan Prezidenti Heydər Əliyev bütün xocalılara mənəvi dayaq oldu. Ulu öndər həmin görüşdə bildirmişdir ki, xocalılara bundan sonra daha çox qayğı göstərilməlidir. Burada çıxış edənlərin hamısı bizim dövlət orqanlarından çox razı olduqlarını bildirdi. Mən bundan məmnunam. Ancaq eyni zamanda güman edirəm ki, bu çıxışlarda deyilən sözlərdə müəyyən qədər həqiqət var. Ümumiyyətlə, Azərbaycan xalqına xas olan bir keyfiyyət var - biz çox şükürlü millətik, bizə bir balaca da kömək edəndə onu böyük bir kömək kimi qəbul edirik. Bu, ümumiyyətlə, bizim Azərbaycan xalqının milli xüsusiyyətidir. Xüsusən indi sizin kimi adamlar - evindən-eşiyindən, yerindən-yurdundan olmuş, varını - yoxunu, qohum-əqrəbasını itirmiş adamlar xırda bir qayğıya da minnətdardırlar. Ancaq mən hesab edirəm ki, daha çox qayğı göstərilməlidir. Şübhəsiz ki, bütün qaçqınlara, bütün şəhid ailələrinə, müharibədə şikəst olmuş bütün adamlara, müharibə əlillərinə, hamıya qayğı göstərilməlidir. Ancaq xocalıların başına gələn bəla heç kəsin başına gəlməyibdir. Bu xüsusiyyət də nəzərə alınmalıdır.
Xocalıların dərdinə şərik çıxan Heydər Əliyev Xocalı döyüşçülərinin şücaətini yüksək qiymətləndirərək onlara fəxri adlar verilməsinin vacib olduğunu qeyd etmişdir. Məhz həmin görüşdən sonra bir çox Xocalı igidlərinə fəxri adlar verildi.
Ulu öndərin siyasi varisi Prezident İlham Əliyev tərəfindən xocalılara daim diqqət və qayğı göstərilir. Bu qayğıya xocalılar üçün salınmış yeni qəsəbələri misal göstərmək olar.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin özü qədər inandığı, onun layiqli davamçısı İlham Əliyev ölkəmizin gücünü daha da artırdı və Vətən Müharibəsində 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı yağı tapdağından təmizləyərək ərazi bütövlüyümüzü bərpa etdi. 44 gün davam edən haqq savaşımızda Xocalı qatilləri də məhv edildi.
Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimizin təşəkkülü Heydər Əliyevin adı ilə sıx bağlıdır. Xocalı rayon sakinləri də bütün həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini hər zaman minnətdarlıq hisləri ilə xatırlayır, Ulu öndərimizin ideyalarına və dövlətçilik xəttinə daim sədaqətlə xidmət edirlər.