Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalıların müvəqqəti məskunlaşdıqları qəsəbədə şəhidlərimizin xatirəsinə inşa edilən abidə-bulağın açılışı oldu

20 avqust 2021 | 16:00

Xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsinin girişində salınmış Bayraq Meydanı qarşısında şəhidlərimizin xatirəsinə inşa edilən abidə-bulağın açılış mərasimi oldu.
     Şəhid ailələrinin təşkilatçılığı, Xocalı rayon İcra Hakimiyyətinin mənəvi dəstəyi ilə inşa edilən abidə-bulağın açılışında Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, millət vəkili Elman Məmmədov, idarə-müəssisə rəhbərləri, rayon ictimaiyyətinin bir qrup üzvi və şəhid ailələri iştirak etdilər.
     Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva bildirdi ki, xalqımızın Qarabağı yağı tapdağından azad etmək arzusu və amalı 44 günlük haqq savaşımızla yerinə yetdi. Canlarını Vətən uğrunda fəda edən igid oğullarımız adlarını qızıl hərflərlə tarixə yazdılar. Şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayır. Bu gün açılışını etdiyimiz ehsan bulağı şəhid ailələrinə mənəvi təskinlik verən ziyarət yerlərindən biridir.
     Sonra abidə-bulağın açılış mərasimi oldu. Ehsan bulağı üzərinə gül dəstələri düzüldü, şəhidlərimizin xatirəsi ehtiramla yad edildi.
     Rayonumuzun rəhbəri Şahmar Usubov çıxışında bildirdi ki, Vətən Müharibəsinin başlanması ilə milli qürurumuz qorundu, həmin fəxrli anı bizlər yaşaya bildik. Azərbaycan 300 ildir ki, torpaq itiri-itirə tarixin yeni səhifələrini varaqlayırdı. Ancaq son Zəfər yürüşü bizi məğlub damğasından qurtardı. Bu qələbəni bizə igid oğullarımız, şəhidlərimiz qismət etdi. Azərbaycan xalqı şəhidlərimizi böyüdən, boya-başa çatdıran, vətənpərvər ruhda oğullar yetişdirən valideynlərə daim borcludur. Ona görə borcluyuq ki, onlar bizə doğmalarından əziz tutduqları ata-baba torpaqlarımızı, keçmiş qəbiristanlıqlarımızı qaytardılar. Bizim qalib xalq kimi yaşamağımıza səbəb oldular.
     Daha sonra çıxış edən millət vəkili Elman Məmmədov qeyd etdi ki, Xocalı bütövlükdə şəhid rayonudur, Xocalı şəhid şəhərdir. 1988-ci ildən bu günə qədər Xocalının yeddi yüzə yaxın şəhidi var. Biz belə abidələrdən doğma Xocalıda ucaldacağıq. Xocalının hər kəndində, hər küçəsində belə gözəl abidələr inşa edəcəyik. Neçə-neçə şəhidlərimizin meyiti Xocalıda meşələlərdə, düzlərdə qaldı. Onların ruhları onda rahatlıq tapacaq ki, biz o yerləri də düşməndən təmizləyəcəyik, doğma Xocalımıza qayıdacağıq. Bu dalğalanan Azərbaycan Bayrağının üzərində Qalib Azərbaycan Bayrağı sözü var. Bizim hər birimizin adında Qalib Azərbaycan vətəndaşı sözü var.
     Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Aprel döyüşləri və Vətən Müharibəsi iştirakçısı Şəhriyar Quliyev Şanlı Qələbəmizə xalqımızın Ali Baş Komandanın, Orudumuzun yanında olması, igid oğulların hünəri sayəsində nail olduğumuzu vurğuladı. Vətən Müharibəsi iştirakçılarının qəhrəmanlığından danışdı.
     Şəhid atası Kamran Nəsirov şəhid oğlu ilə və torpaq uğrunda canlarından keçən bütün şəhidlərimizlə fəxr hissi duyduğunu dedi. Vətən Müharibəsi ilə milli ideologiyamızın böyük uğurlar qazandığını diqqətə çatdırdı.
     Şəhid ailələri göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək ölkə Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Keçidlər