Xocalılar Zəfər Gününü böyük qürur və fəxr hissi ilə qeyd etdilər
Bu gün Azərbaycanın tarixi zəfəri - Vətən müharibəsində qələbənin üzərindən bir il ötür. Keçən il bu vaxt Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun rəşadətilə, şəhidlərimizin canı, qanı bahasına xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifəsi yazıldı.
Zəfər Gününü Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində kompakt şəkildə müvəqqəti məskunlaşmış xocalılar da yüksək əhval-ruhiyyədə qeyd etdilər.
Tədbirdə iştirak edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və işçiləri, rayon ictimaiyyəti, məktəblilər, şəhid ailələri və Vətən Müharibəsi iştirakçıları qəsəbədə ucaldılmış Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzdülər.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi düşmənin təxminən otuz illik işğalına son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm zəfər, tariximizə qızıl hərflərlə yazıldı. İlk olaraq bu qələbəni bizə yaşadan, haqq-ədalət uğrunda, torpaqlarmızın ərazi bütövlüyü yolunda canını fəda etmiş əziz şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış etmək üçün söz Xocalı rayonundan məcburi köçkün, şəhid ailəsi Nəzakət İsmayılovaya verildi. Nəzakət İsmayılova çıxışında məcburi köçkünlərin doğma torpaq həsrətilə çəkdiyi iztirabların 44 gün davam edən hərbi əməliyyatlarla sona yetdiyini bildirdi. Xilaskar Ordumuzun qüdrəti, igid oğullarımızın qanı və canı bahasına torpaqlarımızı düşmən tapdağından azad etdiyimizi qeyd edərək Vətən Müharibəsində Xocalı cəlladlarının da məhv edilməsilə şəhidlərimizin ruhunun rahatlıq tapdığını dedi. O bildirdi ki, bu qələbənin nətəcisində bir qrup şəhid ailəsi ilə Ağdama səfər edərək Şəhidlər Xiyabanında dəfn edilmiş həsrətində olduğumuz doğmalarımızın, əzizlərimizin viran edilmiş məzarlarını ziyarət etdik. Səfər zamanı şəhid bacım, Xocalı Özünü Müdafiə Batalyonunun döyüşçüsü və tibb bacısı Zöhrə Quliyevanın viran edilmiş məzarını ziyarət edə bildim. Şükürlər olsun ki, mən çətinliklə də olsa bacımın məzarını taparaq sevinc göz yaşları axıtdım. Öz arzumun, həsrətimin birinə qovuşdum. İnşallah doğma yurdum Xocalı rayonunun Kosalar kənd nümayəndəliyinə tabe olan Qaragav kəndinə də qədəm qoyaram. Bu günü yaşadığıma görə Cənab Prezidentimizə, igid Vətən oğullarına minnətdaram. Şəhidlərimizin ruhu və qazilərimizin qarşısında baş əyirəm.
Daha sonra Aprel döyüşlərinin iştirakçısı, Vətən müharibəsində iştirak etmiş, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş, Xocalı rayon gənci Şəhriyar Quliyev və ehtiyyatda olan baş leytenant “Xocavəndin azad olunmasına görə”, Füzulinin azad olunmasına görə” Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş Xocalı rayon sakini Elnur Nəcəfov çıxış edərək cəmi 44 gün müddətində düşməni diz çökdürən Müzəffər Ordumuzun, qəhrəman oğullarımızın hünərlərindən danışdılar. Qeyd edildi ki, 30 ilə yaxın ərzində iqtisadi, siyasi və hərbi tərəfdən özünə güc toplayan dövlətimiz uğurlu əks-həmlə əməliyyatı ilə torpaqlarımızı əsarətdən azad etdi. Bu Şanlı qələbənin qazanılmasında Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun gücü ilə yanaşı, əsgərlərimizə dayaq olan həmrəy xalqımızın böyük rolu vardır. Azərbaycan əsgəri məhz arxasında xalqımızın dəstəyini hiss etdikcə qürurla irəli atıldı.
Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov qalib Azərbaycan xalqını təbrik edərək bildirdi ki, biz bu günü 30 ilə yaxın gözləmişik. Rayonumuzun rəhbəri fikirlərinə əlavə etdi ki, biz 30 il ərzində torpaqlarımızın işğal tarixini qeyd edirdik. İnanırdıq ki, bu tarixi gün gəlib çatacaq və Zəfər Gününü qeyd edəcəyik. Allaha şükürlər olsun. Bu qələbə Azərbaycan xalqının birliyi sayəsində mümkün oldu. Xalqımızın həmrəyliyinin bu qədər güclü olmasını bəlkə də təsəvvür edə bilməzdik. Azərbaycan xalqının gücü onun Prezidentinin, Ordusunun gücüdür. Bu güc sayəsində işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda ədalətsizliyə qarşı mübarizəyə başladıq. Cənab Prezidentimiz bütün cəbhələrdə - istər diplomatik sahədə, istərsə də hərbi sahədə, beynəlxalq təşkilatlara qarşı, Azərbaycanı istəməyən dövlətlərə qarşı mübarizə apardı. Müzəffər Ali Baş Komandanın uzaqgörənliyi, nəyi nə zaman etməyi bacardığı üçün biz qələbəyə nail olduq. Eyni zamanda hər bir vətəndaşın vətənpərvərliyi qələbəmizi təmin etdi. Qələbəmizin əldə olunmasında körpədən tutmuş böyüyə qədər hər kəsin haqqı var. Döyüşçülərimiz, igid oğullarımız Vətəni öz canlarından əziz tutdular. Xalqımız gecəli-gündüzlü ordumuza öz dəstəyini göstərdi. Xocalılar da Ordumuz üçün əlindən gələni əsirgəmədi.
Azərbaycanın qələbəsi türk dövlətlərinin inkişafına, birləşməsinə təkan verdi. Dünya dövlətlərinə sübut etdik ki, Azərbaycanın qədim dövlətçilik adət-ənənəsi var və bu ənənəni gec-tez özünə qaytaracaqdı. Bütöv Azərbaycanı bərpa etmək üçün bizim haqqımız var. Bu amal üçün addımlar atılır.
Şahmar Usubov çıxışının sonunda şəhid ailəri qarşısında baş əydiyini deyərək şəhidlərimizə Allahdan rəhmət dilədi. Bütün şəhidlərimizin xalqımızın qəlbində daim yaşayacağını qeyd etdi. Başımızın ucalığı, namusumuzun, qeyrətimizin özümüzə qayıtmağının şəhidlərimizin və qazilərimizin sayəsində mümkün olduğunu vurğuladı. Rayonumuzun rəhbəri döyüşçülərimizə və qazilərimizə can sağlığı, şəfa arzuladı.
Tədbirdə Xocalı şəhər 3 nömrəli Uşaq-Musiqi Məktəbinin musiqili ansamblının müşayiəti ilə Xocalı şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin xor kollektivi Azərbaycan – Türkiyə və Əsgər marşını ifa etdilər. Bəşirli Nəzrin və Mədinə bacıları Şəhidlər şeirini səsləndirdilər. Xocalı şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimləri Vüsalə Hümbətova, Flora Cavadova, Nəsif Quliyev, Xocalı şəhər 1 nömrəli Uşaq-Musiqi məktəbinin müəllimi Ruslan Mustafayev, şagirdləri Nəzrin Bəşirli və Ələsgərli Xəyal vətənpərvər ruhda mahnılar səsləndirərək tədbir iştirakçılarının qələbə ovqatını artırdılar.
Tədbir qələbə əhval – ruhiyyəsi ilə yekunlaşdı.