Xocalı rayon ictimaiyyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan 20 Yanvar şəhidlərinin xatirəsi Respublikamızın bütün bölgələrində olduğu kimi, xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində də ehtiramla yad edilib.
Anım mərasimində Xocalı Rayon İcra Hakimiyyətinin başçısı, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri Xocalı soyqırımı abidəsi önünə qərənfillər düzüb, şəhidlərimizin ruhlarına dualar oxuyublar.
Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva anım mərasimində Azərbaycan xalqının tarixi yaddaşında dərin hüzn, eyni zamanda milli qürur məqamı kimi həkk olunmuş 20 Yanvar faciəsi haqqında danışıb. O bildirib ki, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifə olsa da, həmçinin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü kimi xalqımızın əbədi yaddaşındadır. 20 Yanvar günü uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda savaşmaq əzmini cəsarətlə nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayandırılıb.