“2 fevral – Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə rayon gənclərinin toplantısı keçirilib
02 fevral 2022-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə rayon gənclərinin toplantısı keçirilib.
Əvvəlcə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüblər.
Toplantıda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə iştirak edən Xocalı Rayon İcra Hakimiyyətinin başçısının müavini Lamiyə Qarayeva, Xocalı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqil Məmmədov gəncləri əlamətdar gün münasibətilə təbrik edərək, onlara xoşbəxt və firavan gənclik, sağlam həyat və uğurlu gələcək arzulayıblar. Çıxış edən natiqlər bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə yaratdığı ilk mərkəzi icra hakimiyyəti orqanlarından biri məhz Gənclər və İdman Nazirliyi olub. Qeyd edilib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra gənc nəslə diqqət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda gənclər siyasəti mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoydu, gənclər üçün çoxsaylı layihələr icra olundu və bu layihələrin hər birinin ana xəttində isə Azərbaycançılıq məfkurəsi dayanıb. Düşünülmüş gənclər siyasətinin nəticəsidir ki, 2020-ci ilin sentyabrın 27-də başlanan cəmi 44 gün sürən Vətən müharibəsində əsasən gənclərdən ibarət olan müzəffər ordumuz igidlik, şücaət göstərərək tarixi torpaqlarımızı düşməndən azad etdi.
Xocalı Rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bağırov çıxışında qeyd edib ki, bu gün ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da gənclər öz bayramlarını böyük sevinc və qürur hissi ilə qeyd edirlər. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş və bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra Dövlət Proqramları təsdiq olunmuşdur ki, bu da gənclərin dövlətçiliyə bağlı, vətənpərvər, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasına şərait yaratmışdır. Gənclərin hərtərəfli inkişafı həmişə möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Ölkə başçısı tərəfindən gənclərlə bağlı təsdiq edilən müvafiq Dövlət Proqramları bunun bariz nümunəsidir. Təsdiq edilən Dövlət Proqramları, gənclərlə aparılan maarifləndirici tədbirlər hər bir gəncin vətənpərvər ruhunda formalaşmasına zəmin yaratmışdır. 27 sentyabr 2020-ci il tarixi hər bir Azərbaycan gənci üçün özünü əsl vətənpərvər kimi təsdiq etmək üçün bir şans oldu. Azərbaycan gəncləri torpaqlarımızın azadlığı uğrunda gedən 44 günlük Vətən müharibəsində döyüşlərdə qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etməyi bacardı. Bu döyüşlərdə rayonumuzdan da kifayət qədər gənc könüllü torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə silaha sarılaraq şərəfli döyüş yolu keçərək bizə Zəfər tarixini yaşatdılar. Düzdür, bu döyüşlərdə rayonumuz da digər rayonlar kimi şəhidlər verdi, ancaq “Torpaq uğrunda ölən varsa, Vətəndir” deyiblər.
Tədbirin sonunda rayonun ictimai-siyasi, idman, təhsil və digər sahələrdə uğur qazanmış gənclər və Vətən müharibəsində iştirak etmiş gənclər Xocalı rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmanı və hədiyyələri ilə mükafatlandırıldı.