“Xocalı soyqırımı şagirdlərin gözü ilə” devizi altında inşa və rəsm müsabiqəsi keçirilmişdir
Xocalı rayon İcra Hakimiyyətinin Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlərin təşkil edilməsi ilə bağlı "Tədbirlər Planı"na uyğun olaraq əsasən Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Xocalı rayon Kosalar kənd tam orta məktəbində şagirdlər arasında “Xocalı soyqırımı şagirdlərin gözü ilə” devizi altında inşa və rəsm müsabiqəsi keçirilmiş, şagirdlərimizin qəsəbədə ucaldılmış Xocalı soyqırımı abidəsinə ziyarəti və Xocalı rayon Yaloba kənd Tarix-diyarşünaslıq muzeyinə ekskursiyası təşkil edilmişdir.
Şagirdlər inşa müsabiqəsi zamanı mənfur düşmənlər tərəfindən Xocalıda törədilmiş soyqırımı öz təəssüratları ilə qələmə almış, qocalara, qadınlara, körpələrə ermənilərin törətdikləri vəhşətləri lənətləyərək düşmənlərə olan nifrət və qisas hisslərini yazılarında ifadə etmişlər.
Xocalı soyqırımı abidəsi önünə gül dəstələri düzən məktəblilərə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib. Məktəbin direktoru Rafiq Quliyev çıxışında bu qanlı tarixin heç bir zaman xalqımızın yaddaşından silinməyəcəyini bildirib. 44 günlük Vətən müharibəsində Xocalı cəlladlarının da məhv edildiyini deyən məktəb direktoru şagirdlərimizin mübariz ruhda yetişmələri üçün qəhrəman oğullarımızdan nümunə götürməyin vacibliyini diqqətə çatdırıb.