Qisasları alınan Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edildi
26.02.2022-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirildi. Anım mərasimində Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Xocalı rayon ictimaiyyəti, şəhid ailələri və qazilər iştirak etdilər.
Mərasim iştirakçıları qəsəbədə ucaldılmış Xocalı soyqırımı abidəsi önünə qərənfillər düzərək şəhidlərimizin ruhuna Allahdan rəhmət dilədilər.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra məktəblilərin Xocalı soyqırımını təsvir edən rəsm əsərlərinə, həmçinin şəhidlərimizin şəkilləri olan stendlərə baxış oldu.
Tədbirdə çıxış edən Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev 30 il əvvəl Xocalıda mənfur qonşularımız ermənilər tərəfindən törədilmiş soyqırımın səbəb və nəticələri haqqında məlumat verdi. Qeyd etdi ki, Xocalı soyqırımı Azərbaycan tarixində qanlı hadisə kimi yaddaşlara yazılıb. 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə ermənilər insanlığa yaraşmayan bir faciəni Azərbaycan xalqına yaşatdılar. Xocalı soyqırımı əslində tək azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı ermənilərin törətdiyi bir cinayətdir. Xankəndində yerləşən 366-cı motoatıcı alayın köməyi ilə ermənilər Xocalı şəhərinə hücum edərək 613 nəfər dinc sakini amansızcasına qətlə yetiriblər. Onların içində qadınlar, qocalar, körpələr də olmuşdur.
Məhərrəm Quliyev vurğuladı ki, Xocalı soyqırımına ilk hüquqi-siyasi qiymət Ulu öndər Heydər Əliyev tərəfindən verilmişdir. Bundan sonra Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında təbliğat işlərinə başlanılmışdır. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə çox böyük işlər görülməkdədir. Xocalı soyqırımı artıq dünyanın bir neçə ölkəsində və ABŞ-ın ştatlarında tanınır. “Xocalıya Ədalət” beynəlxalq təbliğat kampaniyası çərçivəsində də Xocalı soyqırımı haqqında dünya ölkələrinə məlumat çatdırılır. Bu da erməni vəhşiliyinin bütün dünyada ifşa edilməsi ilə nəticələnir.
Əminliklə deyə bilərik ki, Xocalı soyqırımı qurbanlarının qisasını Vətən müharibəsində Müzəffər Ordumuz almışdır. Xocalı şəhidlərinin qanı yerdə qalmayıb. 30 ildən artıq düşmən tapdağında qalan torpaqlarımızın azad edilməsi ilə şəhidlərimizin ruhları da rahatlıq tapıb.
Sonra Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva çıxışında bildirdi ki, Xocalı soyqırımına şahidlik edən, bu ağrı-acını yaşayan insanlar üçün Xocalı soyqırımı günü heç bir zaman unudulmayacaq tarixdir. Xocalılar bu 30 il ərzində ilk dəfədir ki, özlərində bu qədər böyük təsəlli tapıblar. Çünki onların doğmalarının canlarını qurban verdiyi torpaqlar Cənab Prezidentimizin siyasi iradəsi, qətiyyəti və Ordumuzun gücü, qüdrəti nəticəsində işğaldan azad olunub. Şəhidlərimizin qisası alındı. Soyqırım qurbanlarının qanı yerdə qalmadı. Qalib ölkənin qalib vətəndaşı kimi hər birimiz qürur hissi ilə yaşayırıq. Xocalıların ürəyində olan ağrıları daha dözülməz edən doğma yurd həsrəti idi. Şükürlər olsun ki, bu gün Şanlı Bayrağımız Qarabağ torpaqlarında dalğalanır.
Daha sonra Xocalı soyqırımı şahidi, o müdhiş gecədə üç övladı, bacısı, bacısının üç övladı soyuqdan donaraq şəhid olan Sədaqət Hüseynova göz yaşları içində xocalıların başına gətirilən müsibətlərdən danışdı: "Bacım Sara ilə uşaqları kürəyimizə alaraq Qarqar çayını çətinliklə keçdik. Qarın içində, ac-susuz uşaqlar istər-istəməz kömək istəyirdi".
Övladlarının, şəhid qohum-əqrabalarının ruhuna Xocalı soyqırımı abidələri önündə dualar etməklə təsəlli tapdığını deyən Sədaqət ana bu ağrı-acıya dözməyin çox çətin olduğunu ifadə etdi: "Naftalanda məskunlaşdığımız vaxtlarda yoldaşım Xocalı soyqırımı şəhidlərinin xatirəsinə ucaldılmış abidəyə gözətçilik edirdi. Bir gecə evdən abidəyə tərəf baxarkən gördüm ki, işıqları yanmır. Yoldaşıma dedim ki, mənim balalarımın evi ordadır, onu işıqsız qoymayın. Mən abidə ilə təsəllimi alırdım".
Sonda Xocalı şəhər 1 saylı klubun təşkilatçılığı ilə Xocalı məktəblilərinin hazırladığı bədii kompozisiya nümayiş etdirildi.