“Vətən müharibəsinin Xankəndi şəhidləri” adlı sənədli filmin nümayişi oldu
19.04.2022-ci il tarixində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı rayon mədəniyyət evində “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə ərsəyə gəlmiş “Vətən müharibəsinin Xankəndi şəhidləri” adlı sənədli filmin nümayişi oldu. Filmin nümayişində Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı, 122 saylı Xankəndi seçki dariəsindən IV və V çağırış deputatı Flora Qasımova, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva, Xocalı rayon mədəniyyət müəssisələrinin rəhbərləri və işçiləri, şəhid ailələri və rayon ictimaiyyəti iştirak etdilər.
Tədbirdə ilk öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Lamiyə Qarayeva çıxış edərək bildirdi ki, 27 sentyabr 2020-ci il Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı. O gün Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Silahlı Qüvvələrimiz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün müqəddəs döyüşə başladı.
Flora Qasımova çıxışında Azərbaycanın 30 ilə yaxın müddətdə ərazisinin 20%-ni işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdığını qeyd etdi. Bildirdi ki, işğalçı dövlətlə danışıqlar heç bir nəticə vermədi. Azərbaycan işğalla barışa bilməzdi və barışmadı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası üçün ilk növbədə, iqtisadi gücün vacibliyini bəyan etdi. Düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan güc toplamağa başladı. Ölkənin iqtisadi cəhətdən yüksəlişi ordu quruculuğunda da dönüşə səbəb oldu, Azərbaycan Ordusunun arsenalı ən müasir silah və hərbi texnika ilə gücləndirildi, hərbçilərin bilik və bacarıqları artırıldı.
"Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva çıxışında ictimai birliyin fəaliyyətindən söz açdı. Bildirdi ki, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi bu günə qədər bir sıra uğurlu layihələr həyata keçirmişdir. Bu işləri görərkən əsas məqsəd Vətənə, xalqa xidmət olmuşdur. Vətən müharibəsində Xankəndi şəhərindən olan üç hərbiçimiz – ehtiyyatda olan leytenant Cavadov Namiq Rəhbər oğlu, müddətdən artıq həqiqi hərbi qulluqçu Nəsirov Xəqani Kamran oğlu və əsgər Əhmədov Nicat Həsən oğlu şəhid olmuşdur. Eyni zamanda Xankəndi şəhərinin onlarla Vətən müharibəsi qazisi və veteranı var. Onların şərəfli döyüş yolunun indiki və gələcək nəsillərə çatdırılması üçün ictimai birliyimiz əlindən gələni edir.
Sonda “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ərsəyə gəlmiş “Vətən müharibəsinin Xankəndi şəhidləri” adlı sənədli film tədbir iştirakçılarına nümayiş etdirildi.