Şriftin ölçüsü :

Saytın rəngi :

MİLLİ QÜRUR GÜNÜMÜZ!

21 yanvar 2014 | 16:00

                                                    MİLLİ QÜRUR GÜNÜMÜZ!

       Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20.01.2014-cü il tarixdə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində “ 20 Yanvar “ faciəsinin 24-cü ildönümünə  həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.  Xocalı rayon sakinlərinin sıx məskunlaşdığı Goranboy rayonu ərazisində yerləşən ictimaiyyətin iştirakı ilə “ Xocalı” abidəsi ziyarət olunmuş, önünə gül dəstələri qoyulmuşdur. Daha sonra mərasim Xocalı rayon Mədəniyyət evində davam etdirilmişdir. Saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi mərasim iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilmişdir.
        Mərasimdə rayon İcra Hakimiyyətinin Başçısı Şahmar Usubov geniş nitq söyləmişdir.
Belə ki, 20 Yanvar faciəsi — 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı idi.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Bu və ya digər hadisələrə toxunan rayon İcra Başçısı faciənin günahkarlarının üzə çıxarılmasında, bu qanlı hadisələrə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirmiş, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıl tədbirlər həyata keçirilməsini, müvafiq fərman və sərəncamların imzalanmasını qeyd etmişdir.
       Ümumrayon mərasimində  çıxış edənlər Azərbaycan tarixinə “Qanlı Yanvar” faciəsi kimi daxil olmuş 20 Yanvarın xalqımızın qəhrəmanlıq salnaməsi, fəxarət və şərəf günü olduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, müstəqillik ideyaları uğrunda mücadilə aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq məqsədi ilə sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı ən qanlı cinayətlərdən biri törədilmişdir. Həmin qanlı gecədə dinc əhaliyə misli görünməmiş divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, azadlıq uğrunda mübarizə əzmini bir daha bütün dünyaya bəyan etmişdir.
   Mərasim Xocalı şəhər 4 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı kompozisiya ilə başa çatmışdır.

    Son olaraq şəhidlərimizə Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı veririk.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

 

 

Keçidlər