8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri ilə görüş keçirildi
08 mart 2025 | 12:19
Xocalı rayon İcra Hakimiyyətinin və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Xocalı rayon Komitəsinin birgə təşkilatçılığı ilə xocalıların müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı şəhər 3 saylı Uşaq musiqi məktəbində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları, bacıları və onların həyat yoldaşları ilə görüş keçirildi.
Görüşdə şəhid ailələri, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan qadın işçilər, ictimaiyət nümayəndələri iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısının müavini Lamiyə Qarayeva və "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Aqil Məmmədov çıxış edərək 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edərək qeyd etdilər ki, Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini daim uca tutaraq öz mübarizliyi ilə tanınmış, eyni zamanda ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, vətənin müdafiəsində və dövlətin idarə olunmasında fədakarlıq nümayiş etdirmiş, döyüş meydanlarında da böyük şücaət göstərmişdir.
Sonra şəhid anaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkür və minnətdarlıqlarını bildirdilər.
Tədbir rayonun mədəniyyət mərkəzinin kollektivinin hazırladığı konsert proqramı ilə davam etdi. Anaya, Vətənə, Şəhidlərə, Qarabağa həsr olunmuş mahnılar ifa edildi.