" 1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ "
1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Prezident İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli sərəncamı ilə 2009-cu il həm də Azərbaycanda “Uşaq ili” elan edilib. Bu da cənab Prezidentimizin uşaqlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan haqlarının qorunmasına xüsusi önəm verilir. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Nəzərə alsaq ki, uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. Valideyn himayəsində olan uşaqların müdafiəsi ilk növbədə onların valideynləri tərəfindən təmin olunur, amma valideyn himayəsindən məhrum olmuş uşaqların hamımızın qayğısına və diqqətinə ehtiyacları vardır. Bu məqsədlə də 02.06.2014-cü il tarixdə saat 11:00-da Xocalı rayon 1 saylı uşaq bağçasında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, rayon İcra Başçısının müavini L. Qarayeva və rayon İcra Başçısı Aparatının işçi heyəti iştirak etmişlər. Çıxış edənlər uşaqları təbrik etmiş, onların ölkəmizə, xalqımıza layiqli övladlar olmalarını arzulamışlar.Daha sonra tədbir geniş konsert proqramı ilə davam etmişdir.