HESABAT.
Xocalı rayon İcra Hakimiyyətinin Başçısı Ş.Ş.Usubovun 2014-cü
ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda
duran vəzifələrə həsr olunmuş şura iclası.
İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
– Nazirlər Kabinetinin bugünkü iclasında 2014-cü ilin altı ayının sosial-iqtisadi yekunlarını müzakirə edildi. 2014-cü ilin birinci yarısında ölkəmizin uğurlu inkişafı təmin edildiyi bildirilmişdir. Qarşıda duran bütün məsələlər uğurla icra edilmişdir. Bir dənə də olsun icra edilməmiş məsələ yoxdur. Əlbəttə, bu, deməyə əsas verir ki, ilin sonuna qədər də bütün vəzifələr icra ediləcək, ölkəmizin dinamik uğurlu inkişafı davam edəcəkdir.
Bu uğurların təməlində düşünülmüş siyasət, sabitlik dayanır. Bu, düşünülmüş siyasətin nəticəsidir və həyata keçirilmiş islahatlar mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Mötəbər beynəlxalq maliyyə qurumları öz proqnozlarını müəyyən edərkən, Azərbaycanın bundan sonra da uzun illər ərzində uğurlu inkişafını qeyd edirlər. Keçirilmiş islahatlar, eyni zamanda, müxtəlif qurumların reytinqlərində də özünü göstərir. Dünyanın aparıcı reytinq agentlikləri ölkəmizin kredit reytinqlərini artırırlar.
Birinci altı ayda iqtisadi göstəricilərimiz də çox müsbətdir - iqtisadiyyat 2,1 faiz artmışdır. Bəlkə də əvvəlki dövrlərlə müqayisədə bu, o qədər də böyük rəqəm deyildir. Ancaq bu gün dünyada, bölgədə və Avropada yaşanan iqtisadi çətinliklər fonunda bu, çox gözəl göstəricidir. Son illər ərzində qeyri-neft sektorumuz uğurla artır və qeyri-neft sektorumuzda inkişaf 7 faiz səviyyəsindədir.
İnflyasiya Azərbaycanda nəinki birrəqəmlidir, hətta 1,6 faiz təşkil edir. Əhalinin pul gəlirləri isə 4,7 faiz artıb, yəni, inflyasiyanı 3 dəfə üstələyir. Kənd təsərrüfatında inkişaf müşahidə olunur. Kənd təsərrüfatımız təxminən 6 faiz artıbdır.
Ölkəmizin 54 milyarddan çox valyuta ehtiyatları vardır. İl ərzində bizim valyuta ehtiyatlarımız artır. Bu da bizə inam, əminlik verir, imkan verir ki, bundan sonra da böyük infrastruktur və sosial layihələrimizi icra edək.
Bu il üçüncü regional inkişaf proqramı qəbul edilmişdir. Bu proqramın icrası nəticəsində artıq ilin altı ayında 65 min yeni iş yeri açılmışdır ki, onlardan 52 mini daimi iş yeridir. Onuda nəzərə almalıyıq ki, bizim uğurlu iqtisadi və siyasi addımlar nəticəsində Azərbaycanda əhali sürətlə artır – bu da çox sevindirici bir haldır. Bu, onu deməyə əsas verir ki, yeni iş yerlərinin açılması daimi proses olmalıdır. Ona görə hesab edirəm, vaxt gəlib çatıb ki, bu məsələ ilə bağlı düşünülmüş bir konsepsiya hazırlansın. Bu günə qədər bu, bir qədər kortəbii proses kimi gedirdi.
Bakı və onun qəsəbələrinin inkişaf proqramı icra edilir. Bu proqram daha qısamüddətlidir, 2016-cı ilə qədər başa çatmalıdır. Bu sahədə də hər şey cədvəl üzrə gedir, heç bir problem yoxdur.
Orta əməkhaqqı artıb, indi 440 manat və ya 560 dollar təşkil edir. Əminəm ki, daha da artacaqdır.
Bu altı ayda, əlbəttə ki, hərbi məsələlərə xüsusi diqqət göstərmişdir. Ordu quruculuğu prosesi uğurla gedir, orduda islahatlar dərinləşir, nizam-intizam artır. Ordumuzun döyüş qabiliyyəti gündən-günə artır.
Bu altı ayda neft-qaz sahəsində, xüsusilə “Cənub” qaz dəhlizi ilə bağlı ciddi addımlar atılmışdır. İlkin tenderlər elan edilmişdir. TANAP layihəsinin icrası, demək olar ki, artıq başlamışdır. Tikintiyə hazırlıq dövrü çox uğurla gedir. Bu böyük layihə vaxtında icra edəcəkdir. “Cənub” qaz dəhlizinin təşəbbüskarı Azərbaycandır. Bu layihənin icrası nəticəsində həm Azərbaycan, həm də onun qonşuları və Avropa ölkələri böyük fayda götürəcəklər. Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini göstərmişdir. Bu üç layihə - “Şahdəniz-2", TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək, Azərbaycanı çox önəmli iqtisadi və enerji tərəfdaşına çevirəcək və ən vacibi, Azərbaycan xalqının bundan sonra da iqtisadi və maliyyə məsələlərinin həlli sahəsində rifahını təmin edəcəkdir. Bu layihənin icrası nəticəsində bundan sonra ən azı yüz il ərzində qaz ixracatından böyük fayda götürəcək və Azərbaycanın dünyadakı rolu daha da artacaqdır.
Bu gün ölkəmizin dünyada oynadığı rol çox önəmlidir. Azərbaycanın nüfuzu, önəmi, təsir imkanları gündən-günə artır. Bütün bunları biz özümüz qazanmışıq, əldə etmişik.
Növbəti illərdə TANAP layihəsinin icrası ilə bağlı Azərbaycanda on minlərlə yeni iş yeri açılacaqdır. Azərbaycan şirkətləri bu layihələrdə iştirak edəcəklər. Son vaxtlar imzalanan kontraktlar üzrə tenderlərdə Azərbaycan şirkətləri ya birbaşa, ya da xarici şirkətlərlə birlikdə qalib gəlmişlər və bir neçə milyard dollar həcmində kontraktların icrası da Azərbaycan şirkətlərinə həvalə edilmişdir. Bu da dövlətin özəl sektora göstərdiyi diqqət və qayğıdır.
İnfrastruktur layihələri arasında biz son vaxtlar daha çox kənd yollarının tikintisinə diqqət göstəririk. Çünki buna böyük ehtiyac vardır. Yerlərdən gələn xahişlər də bunu göstərir. Kənd yolları hər bir insanı əlbəttə ki, narahat edən məsələdir. Bütövlükdə son illərdə kənd yollarının tikintisinə ayrılan vəsait artır və əhalimizin böyük əksəriyyəti, xüsusilə kəndlərdə yaşayan əhali yaxşı yollarla artıq təmin edilibdir. Mənim bölgələrə səfərlərim zamanı bu məsələ daim müzakirə edilir. Yerlərdən gələn təkliflər sonra dövlət investisiya proqramına salınır. Üçüncü regional inkişaf proqramında kənd yollarının tikintisi xüsusi yer tutur. Eyni zamanda, vətəndaşlar tərəfindən il ərzində də müraciətlər olur. İl ərzində Prezidentin Ehtiyat Fondundan kənd yollarının tikintisinə vəsait ayırılır. Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitin böyük hissəsi kənd yollarının tikintisinə gedir. Çünki bu məsələ öz həllini tapmalıdır. İndiki templə davam etsək, növbəti 3-4 il ərzində bir dənə də təmirsiz kənd yolu olmayacaqdır. Məsələ də belə qoyulub. Bütün kənd yollarında asfalt olmalıdır, keyfiyyətli tikilməlidir ki, vətəndaşlar əziyyət çəkməsinlər.
İçməli su və kanalizasiya layihələri bütün ölkə üzrə gedir, o cümlədən Bakıda. Dövlət büdcəsi hesabına böyük investisiyalar qoyulur, həm də kreditlər verilir. Şəhərimizdə artıq bir neçə belə layihə başa çatıb. Uzun illər keyfiyyətsiz sudan əziyyət çəkən vətəndaşlar bu gün artıq 24 saat fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olan içməli suya malikdirlər. Həm “Azərsu” şirkəti, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi çaylar boyu yerləşən kəndlərdə modul tipli təmizləyici qurğular quraşdırır. O ərazilərdə yaşayan təxminən yarım milyona qədər vətəndaş indi təmiz içməli su ilə təmin olunmuşdur.
Qazlaşdırma ilə bağlı qeyd etməliyəm ki, bu il bu proses bir qədər ləng gedir. Əvvəlki illərdə daha sürətlə gedirdi və biz əlbəttə, çalışmalıyıq ki, qazlaşdırmanı Azərbaycanda 95, bəlkə də 97 faizə qaldıraq. Son vaxtlar arayışlarda hər ay bir, iki, maksimum üç kəndin qazlaşdırıldığı göstərilir. Bu, qəbuledilməzdir, dözülməzdir. Dövlət Neft Şirkəti, “Azəriqaz” bu işləri daha da sürətlə aparmalıdır.
Meliorasiya ilə bağlı. Bu il Şəmkirçay su anbarının istifadəyə verilməsi nəzərdə tutulur. Bu, böyük infrastruktur layihəsidir. On minlərlə hektar torpağı suvaracaqdır. Bu, Taxtakörpü su anbarı ilə birlikdə Azərbaycanda suvarma və içməli su ilə təminatı böyük dərəcədə yaxşılaşdıracaqdır.
Bu il ölkə iqtisadiyyatına böyük həcmdə investisiyalar qoyulmuşdur. Bu rəqəm - 7,6 milyard manat təşkil edir. Əminəm ki, bu il də ölkəyə qoyulan investisiyaların həcmi 20 milyardı ötəcəkdir.
İndi kənd təsərrüfatı ilə bağlı ciddi islahatlar, o cümlədən struktur islahatları aparılır. İri fermer təsərrüfatlarının fəaliyyəti müsbət qiymətləndirilməlidir. Bildiyiniz kimi, verilən məlumata görə, hazırda 30 min hektar torpaqda 19 iri fermer təsərrüfatının yaradılması prosesi gedir. Nəticə etibarilə, biz mövcud olan torpaqlarda məhsuldarlığı artıraraq özümüzü tam şəkildə taxılla təmin edə bilərik. Məhsuldarlıq 56 sentnerdir, ancaq orta hesabla ölkə üzrə təxminən 25-26 sentnerdir.
Elektron kənd təsərrüfatı sistemi, yeni texnikanın, damazlıq mal-qaranın alınması - bütün bunlar bir məqsədi güdür ki, biz fermerlərin həyatını yüngülləşdirək, onlar üçün əlavə gəlir mənbəyi təmin edək. Əlbəttə ki, bu, məsələnin bir tərəfidir, sosial məsələdir, çünki əhalimizin təxminən yarısı kənd təsərrüfatı ilə məşğuldur, aqrar zonalarda yaşayır. Bu məsələyə sosial məsələ kimi baxırıq, eyni zamanda, bu, böyük iqtisadi potensiala malik olan məsələdir. Hələ ki, biz ondan tam şəkildə istifadə etmirik və birinci mərhələdə özümüzü əsas kənd təsərrüfatı məhsulları ilə 100 faiz səviyyəsində təmin etməliyik. Sonra da kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılması bununla paralel olaraq təmin edilməlidir.
Bu il sənaye ilidir. Əlbəttə ki, sənayenin inkişafı diqqət mərkəzindədir. Texnoparklar yaradılır, dövlət burada da öz üzərinə böyük məsuliyyət götürür, böyük maliyyə töhfəsini verir. Çünki texnoparkların yaradılması, orada təmizlik işlərinin aparılması, infrastrukturun qurulması, yollar, xətlər və sair - bütün bunlar dövlət hesabına olan məsələlərdir. Bütün bunlar dövlət büdcəsi hesabına özəl sektorun fəaliyyəti üçün edilir. Özəl sektora qayğı göstərilir, real praktik addımlar atılır. İnanmıram ki, indi hansısa bir ölkədə dövlət bu məsələlərlə bu qədər məşğul olsun.
Biz indi bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Əlbəttə ki, bu, bizim üçün yeganə məqbul olan yoldur. Amma, eyni zamanda, dövlət siyasətimiz, sənaye, kənd təsərrüfatı ilə bağlı olan addımlarımız sırf sosial xarakter daşıyır. Dövlət fermerləri torpaq vergisindən başqa bütün vergilərdən azad edib. Subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir, yollar çəkilir, meliorasiya layihələri icra edilir, Taxtakörpü, Şəmkirçay su anbarlarına yüz milyonlarla manat qoyulur ki, suvarılan torpaqların sahəsi artsın. Kreditlər verilir. Fermerlərə güzəştli şərtlərlə 300 milyon manat kreditlər verilib. Həmçinin tövsiyələr, metodik təlimatlar verilir ki, bu kreditlərdən necə istifadə edilsin.
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə banklara hər il 300 milyon manat verilir ki, pul qazansınlar.
“ASAN xidmət”in fəaliyyəti xüsusi əhəmiyyətə malik olan fəaliyyətdir. İl yarım ərzində 2 milyondan artıq müraciət olmuşdur. İnsanlar bu quruma inanırlar, süründürməçilik yoxdur, şəffafdır, gənclər xidmət göstərirlər, yüzlərlə könüllü bu işlərə cəlb olunub. “ASAN xidmət”in fəaliyyəti insanların rahatlığı, gənc nəslin yetişdirilməsi, hazırlanması, vətənpərvərliyin möhkəmləndirilməsi, gücləndirilməsi üçün nə qədər böyük faydası vardır.
Nəqliyyatla bağlı məsələlər öz həllini tapır. Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycana bağlı olan hissəsinin tikintisi bu ilin sonuna qədər başa çatmalıdır. Beləliklə, Gürcüstan ərazisində bu işlər tamamilə başa çatandan sonra biz öz payımıza düşən hissəni icra etmiş oluruq.
Məcburi köçkünlərin problemləri həmişə olduğu kimi, bu il də yüksək səviyyədə həll ediləcəkdir. Bu il də ən azı 20 min köçkün yeni evlərə, mənzillərə köçürüləcəkdir. Bu proses artıq uğurla gedir. Həm Bakıda, həm bölgələrdə yeni massivlər tikilir, yeni qəsəbələr salınır. Bütün bu işlər ən yüksək keyfiyyətlə görülür.
Böyükşor gölünün təmizlənməsi. Üç yüz hektar təmiz göl şəhərin mərkəzində vətəndaşların sərəncamına veriləcəkdir. Gölün ətrafında yaşıllıq, gəzinti zolaqları, bulvar, yəni, şəhər üçün böyük bir park və göl yaradılacaqdır. Bununla paralel olaraq Zığ gölünün təmizlənməsi də artıq nəzərdə tutulur. Bu göllər bu gün bir ekoloji fəlakət mənbəyidir, şəhərimizi zəhərləyir. Amma biz bu gölləri təmizləyib, gözəl ekoloji layihəyə çevirəcəyik və bu, şəhərin ekologiyasına çox müsbət təsir göstərəcəkdir.
Balaxanı zibilxanasının təmizlənməsi, orada zibilyandırma zavodunun, poliqonun yaradılması nə qədər böyük təsir göstərmişdir. İndi əvvəlki illərdə olduğu kimi şəhəri bürüyən zərərli tüstü yoxdur. İndi şəhərin havası dəyişir.
Yəni, bizim gördüyümüz işlərin həcmi o qədər böyükdür ki, bir müşavirədə bu barədə danışmaq mümkün deyildir. Mən bu gün sadəcə olaraq əsas məsələləri qeyd etdim. Yenə də demək istəyirəm ki, altı ayın nəticələri ümidvericidir. Ölkəmiz inamla, dinamik şəkildə inkişaf edir. Ölkə iqtisadiyyatı dayanıqlıdır. Əminəm ki, biz ilin sonuna qədər bütün vəzifələri uğurla icra edəcəyik.