TƏHSİL İŞÇİLƏRİNİN SENTYABR KONFRANSI
Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunmasından keçən 23 il ərzində bütün sahələrdə olduğu kimi təhsil sahəsində də nəzərəçarpan irəliləyişlərə, inkişafa təhsili ən gərəkli sahə hesab edən ümummilli liderimiz Heydər Əliyevin apardığı və bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində nail olunmuşdur.”Neft kapitalını insan kapitalına çevirməliyik” vəzifəsini qarşıya qoyan İlham Əliyev cənablarının bütün sahələrdə olduğu kimi təhsil sahəsində apardığı uğurlu siyasət nəticəsində Azərbaycan təhsili dünya təhsilinə inteqrasiya etmişdir. 2003-cü illə müqayisədə 2014-cü ildə ölkəmizin dövlət büdcəsi 14 dəfə , minimum əmək haqqı 18 dəfə, dövlət büdcəsinin tərkibində təhsilə ayrılan ümumi xərclər 9 dəfə, təhsilin maliyyələşdirilməsi və investisiya qoyuluşu 47 dəfə, təhsil işçilərinin orta aylıq əmək haqqı 8 dəfə artmışdır. 2003-cü ildən sonra təhsil sahəsində həyata keçirilən inkişaf yönümlü dövlət proqram və layihələrin sayı 25-dir. 2003-2014-cü illərdə ölkə üzrə 3000-ə yaxın yeni məktəb və əlavə korpuslar tikilmişdir. Təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilmiş, istilik sistemi yenidən qurulmuş, təhsil sisteminin informasiyalaşdırılması proqramı respublikanın bütün təhsil müəssisələrində uğurla başa çatdırılmışdır. Respublikanın ümumtəhsil məktəbləri üzrə hər iyirmi şagirdə bir kompüter düşür. Bizim təhsil müəssisələrimizdə hal-hazırda 72 kompüter vardır. Bu da hər 19 nəfər şagirdə 1 kompüter deməkdir. 2003-cü ildən etibarən respublika üzrə I-XI sinif şagirdlərinin pulsuz dərsliklərlə təminatı 100% olmuşdur. 2005-ci ildən indiyə qədər respublika məktəblərinin kadrlarla təminatı proqramı uğurla icra olunmuşdur. Bu illər ərzində 10000 nəfərə yaxın gənc kadr həvəsləndirmə tədbirləri, əlavə güzəştlər tətbiq olunmaqla kadr ehtiyacı olan məktəblərdə əmək fəliyyətinə başlamışlar. Bu illər ərzində Xocalı rayonu üzrə bu kateqoriyadan olan 28 nəfər müəllim rayonumuzun təhsil müəssisələrində əmək fəaliyyətinə başlamışdır. 2004 – 2014-cü illərdə 600-dən çox bal toplayan abituriyentlərin dinamikası artımla inkişaf etmişdir. Son altı il ərzində Xocalı rayonu üzrə ali məktəblərə qəbul olanlardan 7 nəfəri qəbul imtahanlarında 600-dən yuxarı bal toplamışdır, onlardan 4 nəfəri Prezident təqaüdçüləri olmuşdur.
Məcburi köçkünlük şəraitində fəaliyyətinə baxmayaraq respublika təhsilində əldə olunmuş uğurlar Xocalı təhsilinə də sirayət etmişdir.
Məlumat üçün bildiririk ki, 2013-2014-cü tədris ilinin əvvəlindən etibarən Xocalı RTŞ tabeliyində 12 tam orta, 1 ibtidai məktəb və 1 UYM Xocalı rayon əhalisinin daha çox kompakt şəkildə məskunlaşdığı 7 bölgədə (Bakı ş, Gəncə ş, Bərdə ş, Şəki ş, Hacıkənd qəsəbəsi, Oğuz rayonu, Goranboy rayonu) fəaliyyət göstərir. Bu təhsil müəssisələrindən altısı (Xocalı şəhər 1 saylı, 3 saylı, 4 saylı, 5 saylı, Meşəli, Cəmilli kənd tam orta məktəbləri ) “Qaçqın və Məcburi Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması” Dövlət Proqramlarına uyğun olaraq inşa oluinmuş yeni müasir tipli məktəb binalarında fəaliyyət göstərirlər. Rayonun 3 məktəbi –Kosalar, Başkənd, Yaloba kənd tam orta məktəbləri yaxın gələcəkdə göstərilən proqram çərçivəsində Hacıkənddə məskunlaşmış rayon əhalisi üçün yeni salınan qəsəbədə tikilmiş müasir tipli məktəb binasında öz fəaliyyətlərini davam etdirəcəklər. Bununla da yeni tədris ilində rayonun 13 ümumtəhsil müəssisəsindən 9-u müasir tipli binalarda fəaliyyət göstərəcəklər.
Xocalı şəhər 1 saylı tam orta məktəbin direktoru Vidadi Rəhimovun təşəbbüsü ilə Danimarka Qaçqınlar Cəmiyyəti və Xocalı şəhər 1 saylı tam orta məktəb arasında bir sıra layihələr həyata keçirilmiş, bu Cəmiyyətin xətti ilə məktəbə bir sıra idman avadanlıqları, tədris ləvazimatları verilmişdir.
2013-2014-cü tədris ilinin əvvəlində rayonumuzun ümumtəhsil məktəblərində 144 sinif komplektində 1392 nəfər (onlardan 16 nəfəri evdə fərdi təhsilə cəlb olunmuşlar) şagirdin təlim-tərbiyəsi ilə 272 nəfər müəllim məşğul olmuşdur. Xocalı rayon UYM-də 10 qrupa 150 nəfər şagird cəlb olunmuşdur. Tədris ili ərzində 36 nəfər şagird respublikanın məktəblərinə getmiş, 33 nəfər respublika məktəblərindən rayonumuzun məktəblərinə gəlmişlər. 15 iyul 2014-cü il vəziyyətinə məktəblərimizdə 1281 nəfər şagird yuxarı sinfə keçmişdir.
Rayonda fəaliyyət göstərən 3 məktəbəqədər təhsil müəssisəsində həyata keçirilən pedaqoji proses RTŞ-nin diqqət mərkəzində saxlanılır, bağça işçilərinə lazımi metodik tövsiyələr verilir.
2013-2014-cü dərs ilinin sonunda respublikanın, eləcə də rayonumuzun ümumtəhsil məktəblərinin IX və XI siniflərində 2 fənn üzrə- ana dili və riyaziyyat fənnlərindən mərkəzləşdirilmiş qaydada cavab kartı tətbiq edilməklə TQDK tərəfindən keçirilmiş buraxılış imtahanlarına hazırlıq məqsədilə buraxılış imtahanları modelinə uyğun suallar əsasında sınaq imtahanlarının keçirilməsi bir vəzifə olaraq RTŞ əməkdaşlarına və məktəb direktorlarına tapşırılmışdır. 2013-2014-cü tədris ili ərzində RTŞ əməkdaşları, məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən mütəmadi olaraq Xocalı rayon ümumtəhsil məktəblərinin IX və XI siniflərində buraxılış imtahanı modelinə uyğun suallar əsasında sınaq yoxlamaları keçirilmiş, sınaq yoxlamalarının nəticələri məktəb direktorları və fənn müəllimləri ilə birgə müzakirə olunmuş, çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilmişdir.
2013-2014-cü tədris ilinin əvvəlində rayonun ümumtəhsil məktəblərinin IX sinifləri üzrə 113 nəfər şagird olmuş, dərs ili ərzində IX siniflərdən 3 nəfər şagird respublikanın təhsil müəssisələrinə getmiş, 2 nəfər respublikanın təhsil müəssisələrindən IX siniflərə gəlmişdir. Dərs ilinin sonunda IX siniflər üzrə 112 nəfər buraxılış imtahanlarına buraxılmış və hamısı buraxılış imtahanlarında iştirak etmişdir. Rayonun təhsil müəssisələrinin IX sinifləri üzrə mənimsəmə faizi 65% olmuşdur.
IX siniflərin göstəriciləri.
Buraxılış imtahanlarının qiymətləndirmə qaydalarına edilmiş dəyişikliyə uyğun olaraq rayonun ümumtəhsil məktəblərinin IX siniflərini bitirən şagirdlərin illik qiymətləri əsasında onların hamısının yekun qiyməti müvəffəq olmuşdur. Bu şagirdlərə 103 ədəd adi nümunəli, 9 ədəd fərqlənmə şəhadətnaməsi paylanmışdır.
2013-2014-cü tədris ilinin əvvəlində rayonun ümumtəhsil məktəblərinin XI sinifləri üzrə 97 nəfər şagird olmuş, dərs ili ərzində 4 nəfər respublikanın təhsil müəssisələrindən XI siniflərə gəlmişdir. XI siniflərdən gedən şagird olmamışdır. Dərs ilinin sonunda XI siniflər üzrə 1 nəfər imtahanlardan azad olunmuş, 100 nəfər buraxılış imtahanlarına buraxılmış və hamısı buraxılış imtahanlarında iştirak etmişdir. Rayonun təhsil müəssisələrinin XI sinifləri üzrə mənimsəmə faizi 80% olmuşdur.
XI siniflərin göstəriciləri.
Rayonun ümumtəhsil məktəblərinin XI siniflərini bitirən şagirdlərin illik qiymətləri əsasında onların hamısının yekun qiyməti müvəffəq olmuşdur. Bu şagirdlərə 101 ədəd adi nümunəli attestat paylanmışdır.
2013-2014-cü tədris ilinin sonunda rayonun təhsil müəssisələrini bitirmiş məzunlar ali və orta ixtisas təhsili müəssisələrinə aşağıdakı qaydada qəbul olmuşlar.
S/s Məktəblər Məzunların sayı Sənəd verənlər Qəbul olanlar Əvvəlki illərin məzunlarından qəbul olanlar
Ali məktəb Orta ixtisas məktəbi
1 Xocalı şəhər 1 saylı tam orta məktəb 9 5
2 Xocalı şəhər 2 saylı tam orta məktəb 8 4
3 Xocalı şəhər 3 saylı tam orta məktəb 4 2
4 Xocalı şəhər 4 saylı tam orta məktəb 21 5 4
5 Xocalı şəhər 5 saylı tam orta məktəb 3 -
6 Kərkicahan qəsəbəs tam orta məktəb 10 1
7 Kosalar kənd tam orta məktəb 12 7
8 Başkənd kənd tam orta məktəb 11 4
9 Yaloba kənd tam orta məktəb 5 1 1
10 Meşəli kənd tam orta məktəb 8 3
11 Cəmilli kənd tam orta məktəb 4 2
12 Qaragav kənd tam orta məktəb 6 2 3
C Ə M İ : 101 36 8
2014-cü il məzunlarından 1 nəfəri - Kosalar kənd tam orta məktəbi məzunu Quliyev Babək Sərvər oğlu ali məktəbə qəbul imtahanında 578 bal toplamışdır.
Yerli yaşayış məntəqələrindən uzaqda yerləşən ərazilərdə məskunlaşmış az sayda olan Xocalı köçkün ailələrinin məktəbyaşlı uşaqlarının, eləcə də zəruri ehtiyacın çox olduğu yerlərdə məktəbyaşlı uşaqların təhsilə cəlbi üçün Xocalı rayon İcra Hakimiyyəti Başçısının köməkliyi ilə müvafiq təhsil şəraiti yaradılmışdır. Belə ki, Bərdə şəhəri peşə liseyinin yataqxanasında məskunlaşmış ibtidai sinif yaşlı Xocalı uşaqlarının təhsilə cəlb olunması üçün Kosalar kənd ibtidai məktəbi Bərdə şəhərinə köçürülmüşdür. Şəki rayonu “ Muradbulağı” yaşayış məntəqəsində Xocalı şəhər 3 saylı tam orta məktəbin filialı, Oğuz rayonu keçmiş Pioner düşərgəsi ərazisində Qaragav kənd tam orta məktəbin filialının fəaliyyəti nəticəsində bu ərazilərdə olan uşaqlar təhsilə cəlb olunmuşlar.
Bütün dərs ilində məktəblərimiz bina şəraiti və tədris üçün lazım olan ilkin avadanlıqlarla (parta, yazı taxtası, müəllim stolu və stulları, kitab rəfləri, dərsliklər və s.) əsasən təmin olunmuşlar. Məktəblərimizdə olan dərslik fondunun və 2013-cü ildə Təhsil Nazirliyindən alınan 31 adda 2022 ədəd dərsliyin hesabına I –XI sinif şagirdlərimizin pulsuz dərsliklərlə təminatı 100% olmuşdur. Ötən dərs ilində I-VI siniflərdə dərs deyən və kursdan keçməsi zəruri olan müəllimlərimiz təlim kurslarında iştirak etmişlər. I-VI siniflərdə dərslər yeni tərtib olunmuş fənn kurikulumları əsasında tədris olunmuşdur. Təhsil sahəsində yeni fənn kurikulumlarının tətbiqi təhsilin məzmununda köklü dəyişikliklər yaratmaqdadır. Yeni tədris ilində respublikanın təhsil müəssisələrində olduğu kimi rayonumuzun təhsil müəssisələrində də I-VI siniflər üzrə dərslər yeni fənn kurikulumları əsasında tədris olunacaqdır. 2014-2015-ci dərs ilində VII siniflərdə dərs deyəcək müəllimlərimiz 10 günlük təlim kurslarında iştirak etmişlər. Uzun illər məktəblərimizdə bədii ədəbiyyata olan ehtiyac 2005-2008-ci illərdə Ölkə Başçısı İlham Əliyev cənablarının tapşırığı nəticəsində tam ödənilmişdir. Ölkə Başçısının bu addımı müəllimlər, şagirdlər və rayon ictimaiyyəti tərəfindən böyük razılıq və rəğbət hissi ilə qarşılanmışdır. Lakin məktəblərimizdə kifayət qədər bədii ədəbiyyat olduğu halda məktəblərimizin bəzilərində kitabxana işinin təşkili heç də yaxşı vəziyyətdə deyil. Yeni tədris ilində məktəb kitabxanalarında dərsliklərin qorunması və oxu işinin təşkili diqqət mərkəzində saxlanılmalıdır.
2014-2015-ci dərs ilində Təhsil Nazirinin əmrinə uyğun olaraq Xocalı şəhər 1 saylı, 4 saylı , Yaloba , Meşəli, Kosalar və Başkənd kənd tam orta məktəblərin II ,III, IV siniflərində pilot olaraq şahmat fənni tədris olunacaqdır. 15 sentyabr 2013-cü il tarixdə məktəblərimizin I sinif şagirdlərinə H.Əliyev Fondu tərəfindən verilən məktəbli çanta dəstləri və məktəbli kostyumları paylanmışdır.
Yerli büdcə vəsaiti hesabına tələbata uyğun olaraq lazımi inventar, avadanlıqlar, odun yanacağı, elektrik sobaları və s. alınaraq məktəblərə çatdırılmış, 2013-cü ilin yay dövründə 5000 manatlıq cari təmir xərci hesabına rayonun təhsil müəssisələinin hamısında təmir işləri aparılmışdır.
Xocalı şəhər 1 saylı tam orta məktəbin komandası “Şahin” hərbi idman oyunlarının zona mərhələsində , Xocalı şəhər 4 saylı tam orta məktəbin komandası “Cəsurlar” yarışının zona mərhələsində fəal iştirak etmişlər. İl çərçivəsində rayonumuzun məktəbliləri bir sıra idman
yarışlarında fəallıq göstərmişlər. Bu işdə Xocalı rayon Gənclər və İdman İdarəsinin gördüyü işlər xüsusilə təqdirə layiqdir.
“Xüsusi istedada malik uşaqların (gənclərin ) yaradıcılıq potensialının inkişafı ” haqqında Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli 1414 saylı sərəncamına uyğun olaraq RTŞ-də istedadlı uşaqların istedad bankı yaradılmış, həmin uşaqların üzə çıxarılması və istedadlarının inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Rayonun ümumtəhsil məktəblərinin şagirdləri fənn olimpiadalarının rayon və zona turunda iştirak etmişlər. Bütün tarixi günlər, əlamətdar bayramlar məktəblərimizdə geniş şəkildə keçirilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq görkəmli yazıçı və şairlərin yubileyləri geniş şəkildə qeyd olunmuşdur.
30 may 2014-cü il tarixdə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində rayonun 5 tam orta məktəbinin, Hacıkənd qəsəbəsində isə rayonun digər 4 tam orta məktəbinin və 1 UYM-nin şagirdləri arasında “İnsan hüquqlarını qoruyaq” devizi altında asfalt üzərində rəsm müsabiqəsi keçirilmişdir.
31 may 2014-cü il tarixdə rayonun hər bir məktəbində son zəng tədbirlərindən sonra şagirdlər və valideynlərin iştirakı ilə dəyirmi masalar, toplantılar təşkil olunmuşdur. Bu tədbirlərdə Azərbaycan Respublikasının Konstitusiyası, Beynəlxalq Uşaq Hüquqları Konvensiyası, Insan hüquq və azadlıqlarının qorunması istiqamətində Azərbaycanda görülən işlər barədə ətraflı məlumat verilmiş, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulması xüsusi vurğulanmışdır.
21 sentyabr “Beynəlxalq Sülh Günü” münasibətilə “Sülh” aylığı çərçivəsində Xocalı rayonunun prokuroru və prokurorluğun əməkdaşları dəfələrlə müəllim və şagirdlər qarşısında maarifləndirici məruzələr etmişlər.
14 iyun 2014-cü il tarixdə “İnsan hüquqları aylığı” çərçivəsində Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində 5 məktəbin şagirdləri arasında kross yarışı keçirilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Fövqaladə Hallar Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq Xocalı şəhər 4 saylı tam orta məktəbin komandası “Gənc xilasedici və yanğınsöndürən ” yarışına hazırlanmış, komanda yarışın zona mərhələsində fəal iştirak etmişdir. Bu yarışa hazırlıqda Fövqaladə Hallar Nazirliyinin Xocalı rayon şöbəsinin əməkdaşları bizə yaxından köməklik etmişdir. Komandanın hazırlanmasında Xocalı şəhər 4 saylı tam orta məktəbin Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri Quliyev Firuz Yunis oğlu fəallıq göstərmişdir.Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin inkişafı, onların hərbi məktəblərdə təhsil alması istiqamətində təbliğat işi gücləndirilmişdir. Belə ki, 2014-cü ilin may ayında rayonun təhsil müəssisələri şagirdlərinin hərbi hissələrdə hərbçilərlə görüşləri təşkil olunmuşdur. 2013-2014-cü tədris ilində Xocalı rayonu təhsil şöbəsinin müraciəti əsasında respublika torpaq və xəritəçəkmə komitəsində rayonumuzun inzibati xəritəsi hazırlanmış və təbliğat vasitəsi olaraq məktəblərə paylanmışdır.
Xocalı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2013-cü ilin və 2014-cü ilin yay dövründə bir qrup şagirdin Şəki , Nabran və Göy-göl rayonlarında yay istirahətləri təşkil olunmuşdur.
Ümumilli lider H.Əliyevin anadan olmasının 91 illik yubileyi münasibətilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa yazı müsabiqəsi keçirilmişdir. İnşa müsabiqəsinin Respublika mərhələsində iştirak edən Xocalı şəhər 4 saylı tam orta məktəbinin IX sinif şagirdi Bəhramlı İradə Fəxri qızı I yerə layiq görülmüşdür.
2014-cü ilin may ayında Xocalı rayon Gənclər və İdman İdarəsi ilə birlikdə H.Əliyevin ad günü münasibətilə futbol yarışı və şən startlar idman yarışı keçirilmişdir. İl ərzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri H.Əliyev mərkəzlərində təşkil olunan dərslərdə iştirak etmişlər. Bu, şagirdlərdə vətənpərvərlik ruhunun yüksəlməsində müstəsna rol oynamışdır.
Təhsil Nazirliyinin və Həmkarlar İttifaqları Konfederasiyasının birgə tədbirlər planına uyğun olaraq ulu öndərin yubileyi münasibətilə müəllimlər arasında şahmat yarışı keçirilmiş, rayon mərhələsinin 1 nəfər qalibi respublika turunda iştirak etmişdir.
Son illərdə Ölkə Başçısının sərəncamı ilə minimum aylıq əmək haqqının və təhsil işçilərinin əmək haqlarının artırılması rayon təhsil işçiləri tərəfindən Ölkə Başçısının təhsil işçilərinə diqqət və qayğısının təzahürü kimi dəyərləndirilmişdir.
Qeyd etmək istəyirəm ki, nailiyyətlərimizlə yanaşı işimizdə nöqsan cəhətlər də var.
1. Yuxarıda qeyd etdiyimiz kimi Xocalı şəhər 1 saylı tam orta məktəbi 2011-ci ilin mart ayından yeni müasir tipli binada fəaliyyət göstərir. Yeni binada kompüter kabineti olmasına baxmayaraq məktəbə bir ştat vahidi kompüter laborantı vəzifəsinə ehtiyac vardır. Bu barədə Xocalı rayon Maliyyə şöbəsinin vasitəsilə Maliyyə Nazirliyinə müraciət olunsa da bu problem bu günə qədər həll olunmayıb.
2.Məktəblərimizin hamısında bəzi fənlərin, o cümlədən fizika, kimya və biologiya fənlərinin daha yüksək səviyyədə tədrisi üçün laboratoriya otaqlarına və avadanlıqlarına böyük ehtiyac var.
3. Məktəb direktorları bəzən öz işlərini çevik mexanizmlə, müasir tələblərə uyğun şəkildə qura bilmirlər. Hər bir məktəb direktoru bu barədə ciddi düşünməli, işlərini günün tələbləri səviyyəsində qurmalı, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müvafiq tədbirləri həyata keçirməlidirlər.
4.Direktorlar səlahiyyətləri daxilində bəzən vətəndaş müraciətlərinə diqqətlə, düzgün yanaşmırlar. Elə bunun nəticəsidir ki, əsassız olsa da 2014-cü ilin 8 ayı ərzində yuxarı təşkilatlara 1 müraciət daxil olmuşdur. Bu müraciətlər RTŞ-də ciddi araşdırılmış və müvafiq tədbirlər görülmüşdür.
5. Məktəblərdə vəzifə aparan işçilər (direktor müavinləri, məktəb psixoloqları, Uşaq birliyi rəhbərləri, kitabxanaçılar) bəzi hallarda öz işlərinə məsuliyyətlə yanaşmırlar.
Yuxarıda göstərilən nöqsanların nəticəsidir ki, məktəblərdə şagirdlərin nailiyyət səviyyəsi aşağı olur. Göstərilən məsələ RTŞ-nin diqqət mərkəzində saxlanılır və çatışmazlıqların aradan qaldırılması üçün məktəblərə ciddi tapşırıqlar verilir.
Qarşıdan yeni 2014-2015-ci dərs ili gəlir. 20 avqust 2014-cü il tarixdə Təhsil Naziri cənab M.Cabbarovun sədrliyi ilə Təhsil Nazirliyində “2013-2014-cü tədris ilində görülən işlər və 2014-2015-ci tədris ilində qarşıda duran vəzifələr” mövzusunda geniş kollegiya iclası keçirilmiş və ciddi tapşırıqlar verilmişdir. Yeni dərs ilində ümumtəhsil sistemində nizam-intizam yüksək səviyyədə təmin olunmalı, şagirdlərin uçotunda qayda-qanuna əməl olunmalıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2014-cü il tarixli sərəncamı ilə rayon təhsil şöbələrinin strukturu əsasında respublika üzrə 15 regional təhsil idarəsi yaradılmışdır. Bununla da təhsil nəticələrinə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə sistemi formalaşdırılacaq, maliyyə və inzibati resuslar vahid təhsil siyasətinə uyğun planlaşdırılacaq. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulunu həyata keçirmək üçün Xocalı RTŞ-nin 24 iyul 2014-cü il tarixli əmri ilə komissiya yaradılmışdır. Rayonun məktəbləri respublikanın 7 bölgəsində fəaliyyət göstərdiyi üçün komissiya üzvləri səyyari şəkildə uşaqların bilik yoxlanılmasını təşkil etmişdir. Komissiyaya 9 valideynin ərizəsi daxil olmuş, biliyi yoxlanılan uşaqlardan 9 nəfərinin I sinfə qəbulu barədə qərar qəbul olunmuş və müvafiq qaydada rəsmləşdirilmişdir.
Məktəb direktorları məskunlaşdıqları yerli rayonların təhsil şöbələri ilə əlaqə yaratmalı və orada təşkil olunan bölmə iclaslarında təhsil işçilərimizin iştirakını təmin etməlidirlər. Yeni dərs ilinə hazırlıqla əlaqədar Təhsil Nazirliyinin Maddi-texniki Təchizat İdarəsindən məktəb sənədləri alınmışdır. Məktəblərdəki dərslik fondunun və bu il Təhsil Nazirliyindən alınmış 46 adda 5835 ədəd dərsliyin hesabına I-XI sinif şagirdlərimizin hamısı 100% pulsuz dərsliklərlə təmin olunacaqdır. 2014-2015-ci dərs ilində I-VI siniflərlə bərabər VII siniflərimizdə də dərslər yeni fənn kurikulumları əsasında tədris olunacaqdır. 2014-2015-ci dərs ilində VII siniflərdə deyəcək müəllimlərimiz təlim kurslarından keçmişlər.
Xocalı rayonu üzrə 2014-2015-ci tədris ili üçün məktəblərdə olan 17 vakant yerdən 8-i imtahan verən müəllimlər tərəfindən seçilmiş, onlardan müraciət edən 3 nəfərlə əmək müqaviləsi bağlanmışdır. Qalan kadr ehtiyaclarını ödəmək üçün mövcud qaydalara uyğun olaraq ixtisaslı kadrlarla müvəqqəti əmək müqaviləsi bağlanılacaqdır.
I sinif şagirdləri üçün H.Əliyev Fondunun verdiyi 145 ədəd məktəbli çanta dəstləri və I-IV sinif şagirdləri üçün Dövlət Qaçqınkomun verdiyi 425 ədəd məktəbli kostyumları məktəblərə çatdırılmış və 15 sentyabr 2014-cü il tarixdə şagirdlərə paylanacaqdır.
Yeni dərs ilinə hazırlıqla bağlı yerli büdcə vəsaiti hesabına Xocalı şəhər 4 saylı tam orta məktəbin binasında əsaslı təmir işləri görülmüş , hal-hazırda Xocalı şəhər 5 saylı tam orta məktəbi üçün təsərrüfat anbarı tikilir.
Məktəblərin tələbatına uyğun olaraq inventar, avadanlıq , qış yanacağı alınaraq məktəblərə verilmiş, qalan hissəsi isə IV rübdə alınıb veriləcəkdir.
2014-cü ilin qış mövsümündə Xocalı şəhər 5 saylı, Meşəli və Cəmilli kənd tam orta məktəblərində qaz yanacağı ilə işləyən fərdi istilik sisteminin qurulması üçün müvafiq işlər aparılır.
Məktəblərimizin hamısında yeni dərs ilinə hazırlıqla əlaqədar müvafiq tədbirlər həyata keçirilmiş və yeni dərs ilinə hazırlıq işləri başa çatdırılmışdır.
Qarşıdan yeni 2014-2015-ci tədris ili gəlir. Bu il ümumtəhsil məktəblərimizdə fəal təlim metodlarının tətbiqi üzrə səmərəli iş sistemi yaradılmalı, bu sahədə respublikada toplanmış təcrübə öyrənilməli, fəal təlim metodları ilə fəaliyyətin hər bir müəllim tərəfindən əsas vəzifə, normativ kimi qəbul edilməsinə nail olunmalıdır.
Yeni 2014-2015-ci tədris ilində görüləcək işlərin mahiyyəti dərindən açıqlanıb bütün təhsil işçilərinə və valideynlərə izah olunmalı, bu istiqamətdə praktik işlər daha da genişləndirilməlidir. Həmin məqsədlə müntəzəm və ardıcıl olaraq “Dəyirmi masa”, seminar və təcrübi konfranslar keçirilməlidir. Təhsil fəaliyyətinin ayrı-ayrı sahələrində demokratikləşdirmə prinsiplərinin tətbiqi yolu ilə keyfiyyətin yüksəldilməsi istiqamətində zəruri tədbirlər həyata keçirməli, şagirdlərin şəxsiyyətinə və bacarıqlarına üstünlük verilməlidir.
Məktəblərimizdə məktəb psixoloqlarının, uşaq birliyi rəhbərlərinin və xüsusilə kitabxanaların fəaliyyətinə və kitabxana işinin təşkilinə nəzarət gücləndirilməli və yenidən qurulmalıdır.
Təhsil Nazirinin 07.08.2007-ci il tarixli 953 saylı əmrinə uyğun olaraq 2014-2015-ci tədris ilində və sonrakı illərdə şagirdlərin dərslərə məktəbli formalarında gəlməsi işi diqqət mərkəzində saxlanılmalıdır.
İcbari təhsilin yerinə yetirilməsi, I və X siniflərə qəbulun mövcud qaydalar əsasında aparılması , şagirdlərin hərəkətinin uçotunun təşkili və ardıcıl izlənməsi vəziyyəti hər bir məktəb üzrə öyrənilməli, müzakirə və müvafiq qərarlar qəbul edilməlidir. Təhsildən yayınma və təhsildən kənarda qalma halları müəyyənləşdirilməli və zəruri tədbirlər görülməlidir.
Sağlamlıq imkanları məhdud hər bir məktəb yaşlı uşağın aşkar olunması üçün səhiyyə orqanları ilə əməkdaşlıq gücləndirilməli, onların müvafiq təhsil müəssisələrinə cəlbi sahəsində əməli işlər həyata keçirməli, belə uşaqların dəqiq uçotunun aparılması üçün çevik iş mexanizmi yaradılmalıdır.
Ümumtəhsil məktəblərində təlim keyfiyyətinin ardıcıl və sistemli öyrənilib müvafiq təkliflərin müəyyənləşdirilməsi üçün rayon üzrə fəaliyyət planı təsdiq olunmalı, hər bir məktəbdə ayrı-ayrı fənlər, xüsusilə təbiət-riyaziyyat fənləri üzrə şagirdlərin təlim nəticələri hər yarımilin sonunda təhlil edilməli, rayon üzrə ümumiləşdirilməli və yekun olaraq zəruri tədbirlər həyata keçirilməlidir. Müəllimlərin əməyi onların dərs dediyi şagirdlərin təlim göstəricilərinin səviyyəsinə görə qiymətləndirilməlidir.
Tədris ili ərzində təhsilin keyfiyyətinin monitorinqi, fənlər üzrə ayrı-ayrı məktəblər və ümumrayon göstəriciləri təhlil olunmalıdır.
Şagirdlərin fənn olimpiadalarına hazırlığı üzrə işlər yenidən qurulmalı, əlaçı şagirdlərin uçotu aparılmalı, həvəsləndirmə prinsipləri düzgün qurulmalı, bununla əlaqədar rayon Təhsil şöbəsində xüsusi proqram hazırlanıb təsdiq edilməlidir.
Qabaqcıl məktəblərin, məktəb rəhbərlərinin, müəllim və tərbiyəçilərinin iş təcrübəsi öyrənilib ümumiləşdirilməli və yayılması istiqamətində fəaliyyət genişləndirilməlidir. Məktəb direktorları tərəfindən 2015-2016-cı tədris ili üçün kadr ehtiyacı barədə 2014-cü il sentyabr ayının sonunadək Xocalı rayon Təhsil şöbəsinə rəsmi məlumat verilməlidir.
Şagirdlərin ana dili, Azərbaycan tarixi və Azərbaycan coğrafiyasını dərindən öyrənmələrinə diqqət gücləndirilməlidir. Onların Xocalı rayonunun, Qarabağın eləcə də müvəqqəti məskunlaşdıqları rayonların, kəndlərin tarixi və coğrafiyasının öyrənmələri təmin edilməlidir. Bu məqsədlə yazılı sorğular, test yoxlamaları, müxtəlif müsabiqə, o cümlədən inşa müsabiqəsi və olimpiadalar, bilik yarışları, bilavasitə şagirdlərin iştirakı ilə aktual sayılan mövzulardan praktik konfranslar, ekskursiyalar təşkil olunmalıdır. Fənlərin tədrisini gücləndirmək məqsədilə müxtəlif səpgili tədbirlər keçirilməlidir. Bütün bu tədbirlərin şagirdlərin hərbi vətənpərvərlik tərtbiyəsinin gücləndirilməsinə yönəldilməsinə nail olunmalıdır.
Rayon UYM-nin fəaliyyətinin yaxşılaşdırılması sahəsində konkret tədbirlər həyata keçirilməlidir.
Valideyn himayəsindən kənarda qalmış uşaqların sosial müdafiəsi,
azyaşlılar arasında hüquq pozuntularının qarşısının alınması, rayonun təhsil müəssisələrinin maddi tədris bazasının möhkəmləndirilməsi, məktəb-valideyn komitələrinin işinin gücləndirilməsi, şagird özünüidarəsinin müasir tələblər baxımından təşkili ön plana çəkilməlidir.
2014-cü il sentyabrın 20-dək hər bir ümumtəhsil məktəbində “İl ” çərçivəsində həyata keçiriləcək tədbirləri əhatə edən fəaliyyət planı hazırlanıb təsdiq olunmalıdır.
Hörmətli konfrans iştirakçıları!
Ölkəmizdə aparılan uğurlu və məqsədyönlü siyasət nəticəsində son illərdə Azərbaycan təhsilində, eləcə də Xocalı təhsilində nəzərəçarpan irəliləyişlər olmuşdur. Mən Xocalı rayonunun təhsil işçiləri adından Azərbaycan Respublikasının Təhsil Nazirliyini, Xocalı rayon İcra Hakimiyyətinin Başçısını və eləcə də ictimaiyyətimizi əmin edirəm ki, rayonumuzun təhsil işçiləri bundan sonra da heç bir çətinlikdən qorxmadan gerilikləri , nöqsanları vaxtında aradan qaldıracaq, öz işlərini günün tələbləri səviyyəsində, gənc nəslin təlim-tərbiyəsi işini müstəqil respublikamızın inkişafına uyğun şəkildə , təhsilimizin himyədarı olmuş ümummilli liderimiz H.Əliyevin ideyalarına uyğun şəkildə quracaq, yeni dərs ilində qarşıya qoyulan vəzifələr diqqətlə həyata keçiriləcəkdir.
Bu məsul və şərəfli vəzifənin yerinə yetirilməsi işində bütün məktəb rəhbərlərinə , müəllim kollektivimizə uğurlar arzulayır, hər birini yeni 2014-2015-ci dərs ilinin başlanması münasibətilə təbrik edirik